"Qəbul imtahanlarına mobil telefonla gələn bütün abituriyentlərin imtahan nəticələri ləğv olunacaq". APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyulun 5-də ali məktəblərin 3-cü ixtisas qrupunun imtahanında zala telefon keçirməyə cəhd edən 7 abituriyentin imtahan nəticələri ləğv olunub: "Həmin imtahanda abituriyentlərin böyük əksəriyyətini qızlar təşkil edirdi. Qızlar isə adətən nizam-intizama daha çox tabe olurlar. İyulun 12-də keçiriləcək 1-ci ixtisas qrupu imtahanında isə iştirakçıların əksəriyyətini oğlanlar təşkil edəcək. Ona görə də, mən TQDK-nın xəbərdarlığını bir daha çatdırıram".
TQDK sədrinin sözlərinə görə, təəssüf ki, biliyi aşağı səviyyədə olan abituriyentlər məhz bu metoddan yararlanmağa və imtahan keçirən orqanı aldatmağa səy göstərirlər.
M.Abbaszadə bildirib ki, Bakı şəhəri üzrə təsviri sənət istiqamətinin boyakarlıq ixtisasında minimal test balı 90-a, qrafika ixtisası üzrə 60-a, heykəltəraşlıq ixtisası üzrə 50-yə endirilib. Musiqi sənəti istiqamətinin orkestr alətləri ixtisası üzrə minimal test balı 50-yə, xalq çalğı alətləri ixtisası üzrə 80-ə, solo oxuma ixtisası üzrə 50-yə, bəstəkarlıq ixtisası üzrə 90-a endirilib. Teatr, kino, xoreoqrafiya sənəti istiqamətinin xoreoqrafiya ixtisası üzrə minimal test balı 50-yə düşüb.
Naxçıvan şəhərində təsviri sənət istiqamətinin təsviri incəsənət və rəsmxət ixtisası üzrə minimal test balı 130-a, musiqi sənəti istiqamətinin fortepiano və orkestr alətləri ixtisasları üzrə 90-a, musiqişünaslıq ixtisası üzrə 80-ə endirilib.
Amma M.Abbaszadə orta məktəblərin builki məzunları arasında ali məktəblərin 3-cü ixtisas qrupuna sənəd verən abituriyentlərin 25 faizinin cəmi 0-100 bal nəticə göstərməsindən çox narazı qalıb. TQDK sədrinin sözlərinə görə, 18957 məzundan 4550-si bu nəticəni göstərib: "Biz bu nəticələri tam şəkildə Təhsil Nazirliyinə təqdim edəcəyik və birgə təhlillər aparacağıq. Orta təhsil proqramının 50 faizini öyrənən abituriyent minimum 350 bal toplamalıdır".
TQDK sədri bildirib ki, ümumilikdə, 3-cü ixtisas qrupunda 34198 abituriyent imtahan verib. İmtahanın nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla 10595 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib: "Bu ixtisas qrupu üzrə 675-700 bal toplayan abituriyentlərin sayı DT (dil və tarix) alt qrupunda 16, XH (xarici dil və hüquq) alt qrupunda isə 25 nəfərdir. Bu şəxslər, təbii ki, seçdikləri ixtisasa tam sahib ola biləcəklər. 650-674 bal toplayan abituriyentlərin sayı 89, 625-649 bal toplayan abituriyentlərin sayı 195, 600-624 bal toplayan abituriyentlərin sayı isə 336 nəfərdir. Təbii ki, imtahanın nəticələri aşağı olan abituriyentlər yüksək bal tələb edən ixtisasları seçsələr, qəbul ola bilməyəcəklər. İxtisas seçimi apararkən abituriyentlər diqqətli olmalıdırlar. 300-dən aşağı nəticə göstərən abituriyentlər regional ali məktəbləri və özəl ali məktəbləri ixtisas seçiminə daxil etsələr, qəbul olunma ehtimalları var".
|