çap et  
Bazar ertəsi "Nabucco" imzalanır
Bazar ertəsi "Nabucco" imzalanır
Belə görünür Ankara mavi yanacağın iddia etdiyi 15 faizini ala bilmişdir
Şənbə, 11.07.2009

İ.Umudlu

Bazar ertəsi "Nabucco" haqqında bu qədər müzakirələr, mülahizələr yürüdülən layihə imzalanır. İmza törəni həmin günə planlaşdırılıb. Bu xəbəri İngiltərənin "Financial Times" qəzeti yaymışdır. Qəzet yazır ki, layihə həmin gün ilk sınağa davam gətirməlidir.

Bəlli olduğu kimi, bu layihə Xəzər hövzəsini, İraq və Misir təbii qazını Avropaya çatdıracaqdır. Onun yolu Gürcüstan və Türkiyədən keçəcək, Bolqarıstan, Rumıniya, Macarıstanı arxada qoyub Avstriya və Almaniya torpaqlarına daxil olacaqdır. "Yeni ipək yolu" adlandırılan bu hökumətlərarası müqavilənin məzmunu hələ açıqlanmır, fəqət onun faydaları və ya sərfəli olmayacağı barədə ziddiyyətli fikirlər baş alıb gedir. Anlamaq çətin deyil ki, bu ziddiyyətlər layihənin tərəfdarı və əleyhdarı olan mərkəzlərdən qaynaqlanır.

"Financial Times" yazır ki, kəmərin çəkilişi üçün açar ölkə Türkiyədir və Ankara mavi yanacağın 15 faizinə iddiaçı idi. Qəzetin ehtimalına görə, tərəflər, yəqin, Ankaranı razı sala bilmişdir, çünki hökumətlərin təmsilçiləri Türkiyə paytaxtına toplaşacaqlar və Ankara, öz növbəsində, bu müqaviləyə imza atmağa hazır olduğunu bildirmişdir. Qəzet yazır ki, yanvarda Rusiya və Ukrayna arasında baş vermiş böhran və Avropanın çətin duruma düşməsi "Nabucco" ya dair konsensusa gəlinməsini tezləşdirən faktor olmuşdur. Rusiya bu kəmərin əleyhdarı kimi göstərilirdi. İndi isə Brüsseldə bir çoxları hesab edirlər ki, "Nabucco"nun işə salınmasına artıq heç kəs mane ola bilməyəcək.

Qeyd olunur ki, kəmərə vurulacaq qazın mənbələri hələ dəqiqləşdirilməyib. Söhbət Azərbaycan, Türkmənistan və Özbəkistan, İraq və İran təbii qazından gedir. ABŞ İranın iştirakına qarşı çıxır, bu vaxta qədər Avropa İranın iştirakına qarşı deyildi. Lakin İranda son seçkilərdən sonra İranla AB ölkələri arasında münasibətlər korlanmış kimidir.

Hesablamalara görə, layihə 7,9 milyard dollar vəsait tələb edir.