![]() |
çap et |
|
|||
Ankarada Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi heyət arasında görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdən sonra jurnalistlərə açıqlama verən T.Yıldız "Şahdəniz-1" qazı ilə bağlı qiymətin tənzimlənməsi və "Şahdəniz-2" yatağından alınacaq təbii qazın miqdarı ilə bağlı danışıqların davam etdiyini, hələlik yekun razılığın əldə olunmadığını deyib: "Addım-addım irəliləyirik, lakin hələlik nəticə əldə olunmayıb".
T.Yıldız Azərbaycandan alınan təbii qazın qiyməti ilə bağlı təklif irəli sürdüklərini, Azərbaycanın da öz təklifini dilə gətirəcəyini söyləyərək bildirib ki, rəqəmlər üzərində iş davam edəcək. Azərbaycanın Rusiya ilə imzaladığı qaz anlaşmasından sonra Türkiyəyə satılan qazın qiymətinə dair təkliflərdə dəyişiklik olub-olmadığı haqda sualı cavablandıran T. Yıldızın sözlərinə görə, bu, arqument kimi gündəmə gələ bilər: "Bu arqument qiymətlərə nə dərəcədə təsir göstərə bilər? Bunu hörmətli Rövnəq Abdullayevdən soruşmaq lazımdır. Biz təklifimizi Azərbaycanın Rusiya ilə anlaşmasından əvvəl vermişik və onun üzərində dayanırıq". T.Yıldız qiymət mübahisəsi ilə bağlı beynəlxalq arbitraja müraciət edilməsi ehtimalı barədə suala cavabında bunu düşünmədiklərini, tərəflərin bir-birini anladığını, bir az vaxt aparsa da, hər iki ölkənin mənafelərinə uyğun razılaşmanın əldə olunacağını bəyan edib. |