çap et  
"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
Avropa Komissiyası rəsmisi AB-nin hazırda əməkdaşlıq etdiyi ölkələrin gələcəkdə birliyə üzv olacaqlarını da istisna etmir
Şənbə, 11.07.2009

S.Abbas
S.Abbas

Bu ilin payızında Brüsseldə Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində birinci Vətəndaş Cəmiyyəti Forumunun keçirilməsi nəzərdə tutulur. "Turan"ın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr Departamentinin rəhbəri Anna-Karin Krokstad (Anna-Carin Krokstade) cümə axşamı Avropa Şurasının Yay Demokratiya Universitetinin dinləyiciləri qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, AB-nin altı postsovet ölkəsi ilə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) əməkdaşlığı əhatə edən yeni "Şərq tərəfdaşlığı" təşəbbüsü dövlət qurumları ilə münasibətlərin inkişafını, habelə vətəndaş cəmiyyəti ilə dialoqun inkişaf etdirilməsini nəzərdə tutur.

"Vətəndaş cəmiyyəti və QHT-lər yeni təşəbbüslərin hazırlanmasında və hökumətlərin hesabatlılığına nəzarətdə mühüm rol oynayır. Onlar demokratik və bazar islahatlarının fəal iştirakçısı ola bilərlər", - deyə Krokstad qeyd edib.

Forumu hər il keçirmək nəzərdə tutulur. Görüşdə AB və partnyor ölkələrlə əməkdaşlığın inkişafında vətəndaş cəmiyyətinin iştirakı məsələsi müzakirə ediləcək. Bundan başqa, AB vətəndaş cəmiyyətinin hakimiyyət orqanları ilə əlaqələr qurulmasına yardım etmək niyyətindədir.

Krokstad həmçinin Avropa Komissiyasının əhalinin "Şərq tərəfdaşlığı" proqramı haqda məlumatlılıq səviyyəsinin yüksəldilməsi üzrə işlər aparmaq niyyətində olduğunu bildirib. Bu məqsədlə xüsusi heyətlərin akademik dairələr üçün seminar və kollokviumlar keçirmək məqsədilə partnyor ölkələrə səfəri nəzərdə tutulur. Bundan başqa, Brüsseldə "Şərq tərəfdaşlığı"nın iştirakçısı olan ölkələrin jurnalistləri üçün seminarlar keçiriləcək.

Krokstad qeyd edib ki, demokratiya və insan hüquqları problemi "Şərq tərəfdaşlığı" proqramının prioritet istiqamətlərindən biri olacaq. Bu mənada, Avropa Komissiyası Avropa Şurasının bu sahədə zəngin təcrübəyə malik ixtisaslaşmış monitorinq qurumlarının imkanlarından istifadə etmək niyyətindədir.

Krokstad həmçinin "Şərq tərəfdaşlığı" proqramının Rusiyanın maraqlarına qarşı yönəlmiş təşəbbüs kimi təsəvvür edilməsinin yanlış olduğunu qeyd edib. "İki mif var. Birincisi, "Şərq tərəfdaşlığı"nın antirusiya xarakteri olması haqdadır. Bu, doğru deyil. Avropa Birliyinin Rusiya ilə strateji partnyorluq haqda razılaşması var. İkinci mif "Şərq tərəfdaşlığı"nın AB-nin üstüörtülü şəkildə genişləndirilmə forması olmasıdır. Bu da belə deyil. AB-nin gündəmində genişlənmək və "Şərq tərəfdaşlığı"nın iştirakçısı olan ölkələri öz sıralarına daxil etmək məsələsi yoxdur. Lakin bu, o demək deyil ki, bu ölkələr, ümumiyyətlə, AB-nin üzvü ola bilməyəcəklər", - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.

Bu zaman o, Rusiyanın da "Şərq tərəfdaşlığı"nın ayrı-ayrı çoxtərəfli layihələrində iştirakını istisna etməyib.

Qeyd edək ki, AB ümumilikdə "Şərq tərəfdaşlığı" çərçivəsində 2010-2013-cü illər üçün partnyor ölkələrə 600 milyon avro ayıracaq.