çap et  
Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək
Şənbə, 11.07.2009


İyulun 8-də NMR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksəkrütbəli zabiti ilə görüşüb. Türkiyə Silahlı Qüvvələrini 3-cü Ordu komandanı ordu generalı Saldıray Bərk, 8-ci Ordu korpusunun komandiri general-polkovnik Eyup Kaptan, 3-cü Ordunun qərargah rəisi general-leytenant Ömər Bayraqlı, 3-cü Ordunun əməliyyat şöbəsinin rəisi polkovnik Bahadur Özgən və 5-ci Sərhəd alayının komandiri polkovnik Can Çevik təmsil edib.

Vasif Talıbov bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin peşəkar zabitlərinin bir çoxu Azərbaycanda, onun tərkib hissəsi olan Naxçıvanda xidmət edir. Burada xidmət keçən qardaş türk ordusunun zabitləri öz hərbi vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər. Ali Məclisin sədri bütün bunlara görə görüşdə iştirak edən heyətə, onların simasında Türkiyə dövlətinə, onun qarantı olan Silahlı Qüvvələrinə Azərbaycan dövlətinin, Naxçıvan əhalisinin dərin hörmət və ehtiramını çatdırıb.

Ordu generalı Saldıray Bərk Azərbaycan Silahlı Qüvvələrində xidmətin hər bir türk zabiti üçün böyük şərəf olduğunu vurğulayıb.

Əldə edilən məlumatlara görə, səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun Naxçıvandakı hərbi birləşmələri ilə əməkdaşlığının gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Bu xüsusda Türkiyənin perspektiv hərbi yardımları mövzusu diqqətdə olub.