Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
 |
Müdafiə Nazirliyində "gərginlik"ə səbəb olan islahat hansıdır?
Şənbə, 11.07.2009
|
|
İyulun 15-də Brüsseldə 28+1 formatında NATO - Azərbaycan görüşü keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. "Görüşdə 28 ölkə və Azərbaycan iştirak edəcək", - deyə açıqlamada deyilir.
Bu formatda görüş sonuncu dəfə ötən ilin sentyabrında keçirilmişdi. O zaman 26 NATO ölkəsi təmsilçisinin qatıldığı müzakirələrin əsas mövzusu Azərbaycan tərəfindən Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) həyata keçirilməsi və regiondakı vəziyyət idi. 2009-cu ilin aprel və may aylarında da müvafiq olaraq Bakı və Brüsseldə NATO-nun Beynəlxalq Qərargahı ilə 28+1 formatında Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə görüşlər keçirildi.
Nazir NATO ilə əməkdaşlığın hazırkı səviyyəsindən, xüsusilə sabitləşdirmə, mülki fövqəladə planlaşdırma, elm və ictimai diplomatiya kimi sahələr üzrə əməkdaşlıqdan məmnunluğunu da bildirib.
Görəsən, bu kimi formatda keçirilən görüşlər Azərbaycan üçün nə əhəmiyyət kəsb edir? "Ayna"nın əməkdaşı bu kimi görüşlərə qatılan mənbə ilə söhbətində maraqlı məlumat əldə edib. Onun sözlərinə görə, 28+1 formatında keçirilən görüş həm NATO, həm də Azərbaycan üçün olduqca mühüm əhəmiyyətə malikdir:
- birincisi, NATO tərəfi Azərbaycanla mövcud əməkdaşlığın vəziyyəti ilə yaxından tanış olur və ölkə ilə gələcək münasibətlər üçün perspektivlər cızır.
- ikincisi, Azərbaycan NATO ilə mövcud əməkdaşlığının vəziyyətini özü üçün aydınlaşdırır və bu prosesdə NATO-nun və o cümlədən müttəfiq dövlətlərin yardım və dəstəyinin mümkünlüyünü araşdırır, eyni zamanda, bu və digər məsələlər barədə müəyyən siyasi dialoq imkanına malik olur.
Verilən bilgiyə görə, iyulun 15-də keçiriləcək müzakirələrdə əsas diqqət IPAP və onda əksini tapan müddəaların həyata keçirilməsinə yönələcək. IPAP-ın ikinci mərhələsi 2008-ci ilin mart ayında imzalanıb və bu mərhələdə Azərbaycan Ordusunda 2009-2010-cu illərdə həyata keçiriləcək islahatlar əks olunub.
Azərbaycan qarşıdakı toplantıya hesabatla gedəcək. Bu sənəddə ölkənin güc strukturlarında - xüsusilə Müdafiə Nazirliyində həyata keçirilən islahatların vəziyyəti əksini tapacaq. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlarda NATO ilə əməkdaşlıq münasibətlərinin vəziyyəti də diqqətdənkənar qalmayacaq.
Bu günlərdə Azərbaycanın MN aparatında və SQ Baş Qərargahında bir "gərginlik"in hökm sürdüyü xəbəri var. Bu "gərginlik" görüləcək işlərin çoxluğu, həyata keçiriləcək islahatların nəhəngliyi ilə bağlıdır. Həqiqətən də, 2009-2010-cu illərdə MN böyük işlər görməlidir: o, müdafiə icmalı və müdafiə planlaşdırması, hərbi təlim və tədrisdə, Silahlı Qüvvələrin strukturlarında NATO standartlarının tətbiqi, sülhməramlı taburun inkişafının başa çatdırılması və Milli SNT Mərkəzinin inkişafı, Silahlı Qüvvələrdə şəxsi heyətin müasir və şəffaf idarəetmə sisteminin inkişaf etdirilməsi, HDQ-nin imkanlarının yaxşılaşdırılması, maddi-texniki təminatın yüksəldilməsi və s. istiqamətlərdə islahatlar keçirməlidir. Bununla yanaşı, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları hazırlanmalıdır.
Özü də bütün bu islahatları həyata keçirməklə kiminsə gözündən pərdə asmaq məqsədi güdmək asan olmayacaq. Ən azı, ona görə ki, islahatların yerinə yetirilmə vəziyyətini məhz NATO tərəfi yoxlayır. NATO-nun tərəfdaş ölkə ilə münasibətlərində əməkdaşlıq mexanizmi sadə olduğu qədər də mürəkkəbdir: alyans tərəfdaş ölkənin ordusunda həyata keçirilməsi zəruri olan islahatları sadalayır, tərəfdaş ölkə bu islahatları həyata keçirəcəyinə əmin edir, ardınca tərəfdaş ölkə bu islahatları həyata keçirdiyini bəyanlayır, sonda isə NATO missiyası bu bəyanatın ciddiliyini yoxlayır və görülməli olan işlərlə bağlı yenidən məlumat verir.
Və... proses təkrarlanır.
İndi Azərbaycan MN-də xüsusi "gərginlik" yaradan bir islahat mövcuddur ki, çoxları onunla bağlı hətta danışmağa, şərhlər irəli sürməyə çəkinir. Bu hansı islahatdır? Söhbət "J" strukturundan gedir. Bu gün Azərbaycan jurnalistləri MN mətbuat xidmətindən "J" strukturu barədə geniş informasiya almaq imkanından belə məhrum olublar.
Əslində, bu gün NATO-nun Azərbaycan qarşısında qoyduğu tələblər sırasında MN və Baş Qərargahın "J" strukturuna keçidi ilə bağlı konkret müddəalar əksini tapır. Bu o deməkdir ki, islahatlar gerçəkləşəcəyi təqdirdə, nazirliyin və Baş Qərargahın hazırkı strukturunu tam fərqli qaydada görəcəyik.
İndi MN-də gələcəkdə formalaşdırılacaq "J" strukturlu qərargahda, o cümlədən gələcəkdə yaradılacaq Strateji Planlaşdırma və Siyasi Hərbi İdarədə (J5) çalışmaq üçün milli ekspertlərin hazırlanması, bu məqsədlə seminar və işçi görüşlərində iştirakın davam etdirilməsi məqsədi ortaya qoyulub. Xatırladaq ki, bir müddət öncə Azərbaycanda səfərdə olmuş NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti yaxın vaxtlarda Müdafiə Nazirliyində yeni bir strukturun yaradılacağını və buraya general rütbəli şəxsin təyin ediləcəyini bəyan etmişdi. Əldə etdiyimiz bilgiyə görə, bu məhz Strateji Planlaşdırma və Siyasi Hərbi İdarədir.
Bu qurum yaradıldıqdan sonra aşağı səviyyələrdə - korpuslarda, birləşmələrdə, briqadalarda onun alt strukturları yaradılacaq. Yeni qurum xüsusilə Silahlı Qüvvələrdə islahatlar prosesinə cavabdeh olacaq və cəmiyyətin bu prosesdə iştirakını təmin edəcək. Yeni yaradılacaq idarə bir növ ordu ilə cəmiyyət arasında vasitəçilik missiyasına malik olacaq ki, bu da orduya demokratik vətəndaş nəzarəti mexanizminin qaçılmaz hissəsi kimi qəbul edilə bilər.
Qarşıdakı dönəmdə MN-nin qarşısında duran vacib məsələlərdən biri Milli Təhlükəsizlik Siyasətinin və əlaqəli strateji konseptual sənədlərin inkişaf etdirilməsi ilə bağlıdır. Bu çərçivədə nazirlik Milli Təhlükəsizlik Konsepsiyası əsasında Hərbi Doktrinanın inkişaf etdirilməsinə, Strateji Müdafiə İcmalı Prosesinin aparılmasına çalışacaq.
Ordunun qarşısında duran əsas vəzifələrdən biri çavuş hazırlığı məktəbinin və poliqonun NATO standartlarına keçirilməsi ilə bağlıdır. Xatırladaq ki, tədrisin planlaşdırılması və təşkili məqsədilə 2008-ci ilin martından ABŞ-ın Avropa Komandanlığının 2 təlimatçısı bu məktəbdə fəaliyyətə başlayıb. Artıq ABŞ mütəxəssisləri tərəfindən atəş poliqonu təkmilləşdirilib. Təlim və Tədris Mərkəzində və Çavuş Məktəbində lazer və kompüter sistemli poliqon yaradılıb.
Digər güc strukturlarına gəldikdə, konkret olaraq DİN Daxili Qoşunlarının IPAP-ın ikinci mərhələsində üzərinə götürdüyü öhdəliklərdən əsası digər dövlətlərlə məlumat mübadiləsi mexanizmindən istifadə edərək Daxili Qoşunların strukturunun nəzərdən keçirilməsi və yenidən təşkili ilə bağlıdır. Eyni zamanda, qarşıdakı dönəmdə mütəşəkkil cinayətkarlığın müxtəlif formaları və terrorizmə qarşı mübarizə imkanlarını təkmilləşdirmək məqsədilə real şərtlər əsasında fəal qüvvələr üçün canlı təlimlərin təşkili, hərbi məktəblərin məzunlarının və çağırışçı təlimini bitirmiş şəxslərin xidmətə cəlb edilməsi və xidmətdə saxlanması, beynəlxalq əməliyyatlarda iştirak etmək üçün maddi-texniki təminat və rabitə daxil olmaqla, bir polisə dəstək taburunun yaradılması, təlimi və texnika ilə təchizi nəzərdə tutulur. Qeyd edək ki, nəzərdə tutulan islahatların həyata keçirilməsi və nəzarətdə saxlanması məqsədilə Daxili Qoşunlar komandanı müavininin rəhbərliyi ilə xüsusi işçi qrupu yaradılıb.
Bu çərçivədə IPAP sənədinə uyğun olaraq beynəlxalq əməliyyatlarda iştirak məqsədilə Daxili Qoşunların nəzdində 2008-ci ilin sonunda bir polisə dəstək bölüyünün, 2015-ci ildə isə bir polisə dəstək taburunun yaradılması planlaşdırılıb. Polisə dəstək bölüyünün quruluşu bölüyün qərargahından, 3 polisə dəstək taqımından və 2 mühəndis-istehkam manqasından, şəxsi heyətinin sayı isə 125 nəfərdən ibarətdir.
Dövlət Sərhəd Xidmətinə gəlincə, ilk növbədə, bu qurumun NATO ilə əməkdaşlığı çərçivəsində vəzifələrinə nəzər salmaq kifayət edir. Xatırladaq ki, DSX qarşısında duran əsas məqsədlərdən biri şəxsi heyətin ingilis dilini öyrənməsi və təkmilləşdirməsi, tədris sisteminin müasir tələblərə uyğunlaşdırılması, rabitə və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi, sərhəd mühafizəsi texniki təminatının yaxşılaşdırılması, hərbi qurumdan hüquq-mühafizə orqanına keçməklə bağlı islahatlar aparılması, dəniz təhlükəsizliyinin gücləndirilməsi istiqamətləridir.
IPAP-a əsasən qanunvericilik bazasını beynəlxalq normalara uyğunlaşdırmaq, nəzarət və operativ müdaxilə imkanlarını təkmilləşdirmək, əməliyyat - axtarış və istintaq-təhqiqat fəaliyyətini genişləndirmək, müqaviləli heyətin say tərkibini artırmaqla islahatlar yolu ilə 2015-ci ilin sonunadək DSX-nin hərbi strukturdan hüquq-mühafizə qurumuna keçirilməsi nəzərdə tutulur.
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
|
|
|