İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş
 |
Guya menecer 2 min manatı yoxlama məmurunun cibinə basanda "buna mane ola bilməyib"
Şənbə, 11.07.2009
|
|
mətn ölçüsü |
|
|
|
Onları MTN əməkdaşları rüşvət almaq üstündə həbs etmişdilər. Tutulanlar İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti Departamentinin rəis müavini Yalçın Məmmədov, Rəqabətin qorunması sektorunun müdiri İlham Şahmirzəyev və baş məsləhətçisi İdrak Ələkbərov idi. İndi onların cinayət işi üzrə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə proses başlayıb. İşə hakim Əlövsət Abbasov sədrlik edir.
Bu şəxslər İİN Antiinhisar Xidməti Departamentinin sabiq rəisi Samir Dadaşovla birlikdə tutulublar. Lakin ibtidai istintaq zamanı Samir Dadaşova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib və onun barəsində olan cinayət işinə xitam verilib.
İttiham aktında nələr yazılıb?
Təqsirləndirilən şəxslərə CM 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ruşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. Bəlli olur ki, İİN Antiinhisar Xidməti Departamentinin sabiq rəis müavini Yalçın Məmmədov və digər şəxslər nazirin 31 iyul 2008-ci il tarixli əmri ilə Bakının Abşeron rayonunda yerləşən istirahət mərkəzlərində antiinhisar yoxlamalara başlayıblar.
Onlar həmin əmrə əsasən, avqustun 1-4-də Novxanıda yerləşən "Aqva-Park", "Flaminqo" və "Diana" istirahət mərkəzində yoxlamalar keçiriblər. Yoxlamaların nəticəsində İlham Şahmirzəyev "Diana"nın sənədlərində bir sıra "qanun pozuntuları" aşkar edib və bundan sonra Yalçın Məmmədovla bu "pozuntu"ları ört-basdır etmək məqsədilə istirahət mərkəzindən 3 min manat rüşvət istəyiblər.
Amma menecer Ələkbər Hüseynov iqtisadi çətinlik yarandığını və 1500 manat vermək imkanının olduğunu deyib. İlham Şahmirzəyev onunla söhbət edəndən sonra nazirlikdə olan Yalçın Məmmədova zəng edib və menecerin 1500 manat təklif etdiyini deyib. Yalçın Məmmədov isə məbləğin az olduğunu, 2 min manat alması barədə İlham Şahmirzəyevə göstəriş verib. Avqustun 4-də İlham Şahmirzəyev və İdrak Ələkbərov istirahət mərkəzinin menecerindən 2 min manat rüşvət alarkən Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi və MTN əməkdaşları tərəfindən tutulublar.
Ardınca Samir Dadaşov və Yalçın Məmmədov İİN binasında yerləşən xidməti otaqlarında tutulublar. İstintaq dövründə Samir Dadaşovun rüşvət alması barədə ittiham sübuta yetirilmədiyi üçün onun barəsində cinayət işinə xitam verilib.
"Planı rəhbərlik həyata keçirirdi"
Məhkəmədə Yalçın Məmmədov və İdrak Ələkbərov ittiham üzrə özlərini təqsirli bilmədilər, İlham Şahmirzəyev isə ittiham üzrə özünü qismən təqsirli bildi. İlham Şahmirzəyev bildirdi ki, o, hazırkı mərhələdə ifadə verməyə hazır deyil: "Mən şahidlərin dindirilməsini gözləyirəm və şahidlər ifadə verəndən sonra sərbəst ifadə verəcəyəm".
Şahmirzəyevin hazırkı mərhələdə ifadə verməmək hüququ olduğunu deyən hakim ifadə vermək üçün Yalçın Məmmədova söz verdi. Məmmədov ifadəsində dedi ki, xidməti vəzifəsi rəqabətin tənzimlənməsindən ibarət olub: "Rəqabətin tənzimlənməsi iş planı əsasında qurulurdu. Bu planı da rəhbərlik həyata keçirirdi və obyektlərdə yoxlamaların aparılması barədə göstərişlər və əmrlər verilirdi".
"Yoxlamalar aparmağı Samir Dadaşov tapşırmışdı"
Onun sözlərinə görə, Samir Dadaşovun göstərişi ilə Novxanıda "Diana" istirahət mərkəzində yoxlamalar aparıblar. Yoxlamaların nəticəsində bir sıra qanun pozuntuları aşkar edilmişdir.
Həmin pozuntulara görə mərkəzi 3 min manat cərimə etmək qərarına gəldik. Sonra İlham yenidən mənə zəng etdi və istirahət mərkəzinin iqtisadi cəhətdən vəziyyətinin ağır olduğunu bildirdi və 2 min manat alaraq cəriməni bağlamaq barədə razılaşdıq. Amma həmin zəngdən sonra İlhamla əlaqə saxlaya bilmədim. Günün sonunda isə MTN əməkdaşları xidməti otağıma gəldilər və istirahət mərkəzində işçilərimin tutulduğunu deyib məni də həbs etdilər".
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd etdi ki, onlar heç kimdən rüşvət almayıblar və menecerdən aldıqları 2 min manat isə cərimə üçün nəzərdə tutulub. Yalçın Məmmədov həbs olunan zaman mənəvi təzyiqlərə məruz qaldığını dedi: "Mən həmişə vəzifədə olmuşam və heç vaxt həbs edilməmişəm. Buna görə də MTN-nin istintaq təcridxanasında olanda özümü itirdim. Orada dedim ki, xəstəyəm, buna da əhəmiyyət verən olmadı".
"Rüşvət üstündə tutulduğumu bilmədim"
İbtidai istintaq zamanı rüşvətalma ittihamlarını qəbul etmə ilə bağlı verdiyi etirafedici ifadələri ilə bağlı dövlət ittihamçısının suallarını cavablandıran Yalçın Məmmədov həmin vaxt özündə olmadığı üçün belə ifadə verdiyini qeyd etdi: "Həmin vaxt səhhətimlə bağlı vəziyyətim ağır idi. Ona görə də bilmədən belə ifadə vermişəm".
Daha sonra vəkilinin suallarını cavablandıran Yalçın Məmmədov qabaqcadan bir qrup şəxs tərəfindən sövdələşərək cinayət əlaqəsinə girmə ittihamının əsassız olduğunu bildirdi: "Hansı sövdələşmədən söhbət gedir, mən bunu başa düşə bilmirəm. Çünki istirahət mərkəzində aparılan yoxlamalardan rəhbərliyin xəbəri olub. İlhamla və digər şəxslə rüşvət almaq barədə söhbətimiz olmayıb. Əgər olsaydı, bundan nazirliyin rəhbər şəxslərinin xəbəri olardı" (Maraqlıdır, məgər bu onların praktikasında bir qaydadırmı?).
Onun sözlərinə görə, "Diana"da yoxlamalar Samir Dadaşovun göstərişi ilə aparılıb. O bildirdi ki, "Diana"dan əvvəl "Flaminqo" və Aqva-Park" istirahət mərkəzində yoxlamalar aparılıb.
O, istintaqa verdiyi ifadələrini təkzib etdi: "Mənim ibtidai istintaqa verdiyim ifadələr həqiqətə uyğun deyil. İlk dəfə istintaq altına düşmüşəm və buna görə də belə ifadə vermişəm".
Yalçın Məmmədov istintaqa verdiyi ifadəsində "Aqva-Park"dan 10 min, "Diana"dan 2 min manat rüşvət aldığını, ötən illər ərzində "Masallı istisu" istirahət mərkəzində apardığı yoxlamalarda da rüşvət aldığını bildirib. O, eyni zamanda, tabeçiliyində olan işçilərinə əməkhaqqından əlavə paketdə pul da verdiyini deyib.
Daha sonra İdrak Ələkbərov ifadə verdi. İdrak Ələkbərov bildirdi ki, o, rüşvət üstündə tutulduğunu bilməyib: "Həbs ediləndən sonra mənə dedilər ki, rüşvət almağa görə tutublar. Qarşıma qoydular ki, Samir Dadaşov hər şeyi etiraf edib və buna görə məni də hər şeyi etiraf etməyə məcbur etdilər".
Dəfələrlə rəhbərlikdən təşəkkür alıb
Daha sonra prosesdə təqsirləndirilən şəxs İlham Şahmirzəyev sərbəst ifadə verdi. Şahmirzəyev bildirdi ki, İİN Antiinhisar Xidməti Departamentində 2001-ci ildən işləyir. Onun sözlərinə görə, işlədiyi dövrdə heç bir nöqsanı olmayıb və dəfələrlə rəhbərlikdən təşəkkür alıb.
Şahmirzəyev ittiham üzrə özünü təqsirli bilmədi və tutulandan sonra ibtidai istintaqa verdiyi ifadəsini təkzib etdi.
Onun sözlərinə görə, yoxlama heyəti həmin gün menecer Əhməd Hüseynova vəsiqələrini təqdim edərək yoxlamalara başlayıb. Amma ilk gün onlara heç bir sənəd təqdim edilməyib. Sonrakı gün bir neçə sənəd təqdim edilsə də, bu sənədlər yoxlamalar üçün onları qane etməyib. Oranın rəhbərləri deyiblər ki, hələlik bu sənədlərlə yoxlamaları həyata keçirin, sonda digər sənədlər də təqdim ediləcək.
Rüşvətin cibə soxulma mexanizmi
İlham Şahmirzəyev həmin mərkəzin rəhbər şəxslərinin ibtidai istintaqa verdiyi ifadələrə etiraz edir: "Həmin şəxslər ifadələrində deyiblər ki, guya, mən "Diana" istirahət mərkəzinə gələn gündən onlardan rüşvət istəyəcəyimi hiss etdirmişəm. Bu şəxslərdən mən heç nə tələb etməmişəm, heç bir pul istəməmişəm. Bunlar ibtidai istintaqa həmin sözləri necə deyiblər mənim üçün qaranlıq qalır. Bu istirahət mərkəzindən əvvəl "Aqva-Park"da yoxlamalar həyata keçirmişik. Həmin istirahət mərkəzində bütün sənədlər qaydasında olduğu üçün yoxlamanın uğurla başa çatması ilə bağlı akt tərtib etdik..
|
|
|
Oxşar xəbərlər:
Gəncə orta məktəbində dərs saatı satılır?
|
|
|