![]() |
çap et |
|
|||
Sosial ipoteka kreditləri üçün büdcədə nəzərdə tutulan 14 milyon manatın banklara hələlik 2 milyonu ayrılıb. Bu isə güzəştli təbəqədən olan yalnız 57 gənc ailənin mənzil probleminin həllinə imkan verir.
Mərkəzi Bankdan bildirilir ki, müraciətlər olduqca çox, ayrılan məbləğ isə çox azdır. Odur ki, ayrılmış 2 milyon manatı bölüşdürməkdə problem yaranıb. Bu iş üçün gələn illərdə büdcədən nə qədər vəsait ayrılacağı sual altındadır. Mərkəzi Bankın məlumatına görə, Azərbaycan İpoteka Fondu özünümaliyyələşdirmə sisteminə keçsə belə, əldə etdiyi vəsaitin sosial kreditlərə ayrılması o qədər də inandırıcı görünmür. MM İqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli hesab edir ki, ölkədə sosial ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi müsbət haldır. Onun sözlərinə görə, ipoteka kreditləşməsindən istifadə imkanını artırmaq, habelə səmərəlilik və şəffaflığı gücləndirmək olduqca vacibdir. Məsimli müraciət edən şəxslərin siyahısını ardıcıllıqla internetdə yerləşdirməyi təklif edir. Kreditlər bu yolla növbəlilik əsasında paylanar. İqtisadçı ekspertin fikrincə, ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin sayının 18-ə çatması çoxdur. Bu sənədlərin sayını azaltmaq ipoteka prosedurlarının sadələşməsi və insan amilinin minimuma enməsinə gətirib çıxara bilər. İqtisadçı təklif edir: sosial ipoteka üçün maksimum məbləğin 35 min manat olması bazar qiymətləri ilə müqayisədə azdır, buna görə də yuxarı hədd 60 min manata qədər artırılmalıdır. Yalnız bu halda normal mənzil almaq mümkündür. İqtisadçı sadə bir hesablama aparır: sosial ipoteka proqramı üçün ayrılan 14 milyon manat vəsaitlə indiki bazar qiymətlərində cəmi 200-250 mənzil almaq mümkündür ki, bu da ümumi tələbatın kiçik bir hissəsini təşkil edir: "Bildiyimə görə, Maliyyə Nazirliyi əsasnamədə nəzərdə tutulan qaydada hissə-hissə olmaqla birinci mərhələdə cəmi 2 milyon manat köçürüb. Bu da müraciət edənlərin cüzi bir hissəsinin ehtiyacını qarşılaya bilir. Fikrimcə, həm büdcə, həm də digər mənbələr hesabına ipoteka kreditləri portfelini artırmağa ehtiyac var. Bu baxımdan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 55 milyon manatlıq emissiyası əhəmiyyətlidir. İpoteka kağızları bir tərəfdən ipoteka kreditləşməsi üçün vəsait cəlb etməklə yanaşı, həm də qiymətli kağızlar bazarının canlanması deməkdir". İpoteka krediti üçün tələb olunan sərt girov şərtlərinin yumşaldılması üçün Ə.Məsimli "mənzil sertifikatı" ideyasını irəli sürür: "Mənzil sertifikatı tikinti şirkətləri tərəfindən buraxılan qiymətli kağızlardır. Beləliklə, tikinti sertifikat satışından alınan vəsait hesabına maliyyələşir. Sertifikat öz sahiblərinə tikilən binalarda mənzillərin onların mülkiyyətinə verilməsi hüququnu təsbit edir. Əgər mənzil sertifikatları buraxılsa, bu yolla ipoteka kreditləşməsində girov mexanizmi sadələşəcək". Millət vəkili ilkin ödəniş kimi kifayət qədər yığımı olmayan və ipoteka krediti götürmək istəyən şəxslərin vəziyyətini yüngülləşdirmək üçün yaşayış-tikinti əmanətlərinin tətbiqini vacib sayır: "Əvvəlcə borcalan bankdakı hesabına hər ay depozit qoyur, müəyyən məbləğ yığıldıqdan sonra isə bank həmin müştəriyə ev almaq üçün kredit verir. Bu yolla əhalinin yığımı səmərəli surətdə investisiyaya çevrilir". Məsimli deyir ki, ipoteka kreditlərinin rəsmiləşdirilməsi üçün rüsumlar, sığorta və ipoteka predmetinin qiymətləndirilməsi xərcləri, ipoteka kreditləri üçün tələb olunan sənədləri toplamaq 600 manata başa gəlir: "Bu isə ipoteka krediti götürmək istəyən aztəminatlı insanlar üçün çətinlik yarada bilər. Yaxşı olar ki, ipotekanın "monetar dəyəri" aşağı salınsın". Millət vəkilinin gümanınca, bu yeniliklər nəzərə alınsa, ipoteka kreditlərinin bərpası Azərbaycanda tikinti bazarının timsalında real sektora, ipoteka kağızlarının timsalında qiymətli kağızlar bazarına, habelə bank, sığorta və qiymətləndirmə xidmətləri infrastrukturuna müsbət impuls verə bilər. |