İyulun 17-də İsveçin Nion şəhərində Çempionlar Liqası üçüncü təsnifat mərhələsinin və Avropa Liqasının püşkatması keçiriləcək. Püşkatmanın Azərbaycan klublarına da birbaşa aidiyyəti olacağı istisna deyil. Amma bundan ötrü adıçəkilən yarışlarda mübarizə aparacaq klublar - "Bakı" və "Qarabağ" ilk mərhələdən üzüağ çıxmalıdır.
Bu mənada Çempionlar Liqasında özünün ilk oyununa çıxan "Bakı" klubuna daha böyük ümid bəslənir. Əgər makedoniyalı mütəxəssis Cokiça Hacıyevskinin komandası Litvanın "Ekranas" klubuna qalib gələ bilsə, növbəti rəqibinin adını cavab matçına qədər öyrənə bilər.
Paytaxt komandası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində püşkatmadan əvvəl səpələnməmişlər səbətində yer alacaq. Bu baxımdan komandamız "Olimpiakos" (Yunanıstan), "Slaviya" (Çexiya), "Sürix" (İsveçrə) kollektivləri, eləcə də "Kopenhagen" (Danimarka) -"Mogren" (Çernoqoriya), "Levski" (Bolqarıstan) -"Sant-Xuliya" (Andorra), "Ril" (Uels) -"Partizan" (Serbiya), "Makkabi Hayfa" (İsrail) -"Qlentoran" (Şimali İrlandiya), "Pünik" (Ermənistan) - "Dinamo" (Zaqreb, Xorvatiya), "Visla" (Polşa) - "Levadiya" (Estoniya) və "Makedoniya" (Makedoniya) - BATE (Belarus) cütlərinin qaliblərindən biri ilə qarşılaşa bilər.
Yarışın reqlamentini nəzərə alsaq, son variant Azərbaycan çempionu üçün daha əlverişlidir. Çünki "Bakı "Litva komandası üzərində qələbə qazanacağı təqdirdə, Avropa Liqasının dördüncü təsnifat mərhələsində yerini təmin edəcək. Avropa Liqasında Azərbaycan təmsilçilərinə gəlincə, Ağdamın "Qarabağ" klubu üçüncü mərhələyə daha yaxın görünür. Söhbət burada komandanın yaxud onun rəqibinin gücündən getmir, ondan gedir ki, "Qarabağ" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayır.
Üçüncü təsnifat mərhələsinə gəlincə, "Qarabağ" sensasiya yaradaraq "Rusenborqu" yarışdan künarlaşdırmağı bacarsa, bu mərhələdə "Roma" (İtaliya), PSV (Hollandiya), "Hamburq" (Almaniya), "Fənərbaxça" (Türkiyə), "Fulhem" (İngiltərə) və sairə klublarla qarşılaşa bilər. Ümumilikdə isə, üçüncü təsnifat mərhələsində 70 cütlük yarışacaq, bu baradə təfərrüatı ilə danışmaq hələ tezdir.
|