![]() |
çap et |
|
|||
"Bakı" və "Qarabağ" futbol klubları Avrokuboklarda iştirak üçün UEFA-ya sifariş vərəqələri göndərib. Peşəkar Futbol Liqasının məlumatına görə, "Bakı" Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üçün 25, Ağdam təmsilçisi isə Avroliqanın təsnifat mərhələsi üçün 22 futbolçunun adını sifariş vərəqəsinə daxil edib.
Mövsümlərarası fasilədə "Bakı"nın transfer etdiyi 5 futbolçudan yalnız braziliyalı müdafiəçi Barboza kənarda qalıb. 2 nömrəli formanı geyinən bu legionerin transfer vərəqi hələ də gəlməyib. Əvəzində komandanın 17 yaşlı istedadlı futbolçusu Rəhman Hacıyev Çempionlar Liqası kimi nüfuzlu turnirdə özünü göstərmək imkanı qazanıb. Yeri gəlmişkən, Çempionlar Liqasında Litva çempionu "Ekranas"a qarşı oyuna hazırlaşan "Bakı" Sloveniyada təlim-məşq toplanışını başa vurub. Komandanın Avropa hazırlığı çox səmərəli olub. Bir neçə transferi reallaşdırmaqla yanaşı, "Bakı" Xorvatiyanın "Hayduk", "Rieka", Sloveniyanın "Olimpiya", Avstriyanın "Kapfenberq" komandaları ilə yoxlama görüşləri də keçirib. "Qarabağ"da isə gözlənildiyi kimi, komandanın əsas hücumçularından biri Zaur Ramazanovun adı iştirak ərizəsinə salınmayıb. Səhhətində problem yaranan 33 yaşlı futbolçu Bakıda müalicə olunur və komandanın Türkiyə hazırlığına qatılmayıb. Milli komandamızın 27 yaşlı kapitanı Rəşad Sadıqovun Avroliqa oyunlarında "Qarabağ"a kömək edəcəyi aydın olub. Türkiyə Futbol Federasiyası onun transfer vərəqini vaxtında göndərdiyindən müdafiəçinin sifariş olunmasında çətinlik yaranmayıb. "Qarabağ" baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Türkiyədə, Qızılcahamamda hazırlığı davam etdirir. "Bakı" Avrokubokların yeni mövsümündə Litvanın "Ekranas", "Qarabağ" isə Norveçin "Rusenborq" klubu ilə qarşılaşacaq. Komandalarımızın hər ikisi gələn həftə ilk görüşlərini səfərdə keçirəcək. "Rusenborq" - "Qarabağ" matçı iyulun 16-da Oslonun "Trondheym"stadionunda, Bakı vaxtı ilə 22.00-da keçiriləcək. |