çap et  
"Avropanın fəthi" başlanmamış bitdi
"Avropanın fəthi" başlanmamış bitdi
"İnter" və "Simurğ" Azərbaycan futbolunun imicinə xələl gətirdilər
Şənbə, 11.07.2009

İlham Kərimoğlu

İyunun 9-da Avropa Liqası klub turnirinin ilk təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirildi. Bu mərhələdə yarışan klublarımızdan hər ikisi uğursuzluğa düçar oldu. "İnter" (Bakı) və "Simurğ" (Zaqatala) cavab görüşlərində məğlub olaraq mübarizəni dayandırdı.

"İnter" mərhələ keçməyə yaxın olsa da, yaranan şansdan istifadə edə bilmədi. Bakı komandası Sloveniyanın "Spartak" (Trnava) klubuna qarşı ilk oyunda 1:2 hesabı ilə uduzsa da, cavab matçında öz qapısından 3 qol buraxdı. Komandamız erkən qol vursa da, sonradən üstünlüyü qoruya bilmədi və 1:3 hesabı ilə uduzdu. Bununla da bir az əvvəl məşqçi postuna gətirilən gənc çalışdırıcı Kaxaber Sxadadze baş məşqçi kimi növbəti uğursuzluğunu yaşadı.

Matçdan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi məğlubiyyətin səbəbini belə izah edib: "Bir həftə əvvəl keçirilən oyunda olduğu kimi, yenə kobud səhvlər buraxaraq uduzduq. Rəqib isə qapımızdan ardıcıl 2 top vuraraq irəli çıxdı. İkinci hissədə daha bir qol buraxaraq işimizi çətinə saldıq".

Maraqlıdır, Kaxaber Sxadadze məğlubiyyətə səbəb kimi uruqvaylı hücumçu Valter Quqlemonun yoxluğunu qeyd edib: "Quqlemon oynamadı. Əvvəlki Quqlemonla indiki Quqlemon arasında xeyli fərq var. Səbəbini özündən öyrənərəm. Digər tərəfdən də komandaya yeni gəlmişəm və 2-3 həftəyə hansısa möcüzə edə bilmərəm".

Zaqatalalılar isə debüt etdikləri turniri qol vurmadan tərk etdilər. Belə ki, ötən həftə Bakıda 0:1 hesabı ilə uduzan "Simurğ" İsraildən də məğlubiyyətlə qayıdıb. Zaqatala klubu rəhbərliyi səfərə iddialı açıqlamalar verib yollansalar da, meydan sahibləri komandamıza heç bir şans verməyib. 27-ci dəqiqədə hesabı açan Kalvan ikinci hissədə də qol vuraraq dubl edib. Matçın son dəqiqələrində isə Bakıda vurulan yeganə qolun müəllifi Biton fərqlənib və rəqib komandamızı böyük hesablı məğlubiyyətlə yola salıb.

İsraildə biabırçılıqla üzləşən "Simurğ" avrokuboklarda debüt mövsümündə mərhələ adlamayan çoxsaylı Azərbaycan klubları arasında yer alıb. Belə ki, 1994-cü ildən qitəmiqyaslı yarışlara qatılan klublarımızdan yalnız "Xəzər Universiteti" və onun xələfi "İnter" siftəsində növbəti mərhələyə yüksələ bilmişdi.

Beləliklə, Avroliqadakı üç komandamızdan ikisi mübarizəni ilkin mərhələdə dayandırdı. İndi ümid qalır "Qarabağ"a. Ağdam klubu iyulun 16-da Osloda "Rusenborq"la üz-üzə gələcək.