![]() |
çap et |
|
|||
İran-Ermənistan əlaqələri daha da istiləşməkdədir. İran ərzaq məhsullarının srağagün İrəvanda 11-ci sərgisi açılıb. İRNA-nın xəbərinə görə, tədbirdə İranın İrəvan səfiri və Ermənistan rəhbərləri iştirak ediblər.
Sərginin təşkilatçısı İran-Ermənistan ticarət palatasıdır. Orada İslam Respublikasının onlarca şirkəti ərzaq məhsulları ilə yanaşı, istehsal etdikləri ağac emalı, məişət avadanlığı, bitkilərdən hazırlanmış dərmanlar, habelə kimya məhsullarını sərgiləyib. Ermənistanın energetika naziri, İran - Ermənistan iqtisadi-ticarət birgə komissiyasının erməni tərəfdən sədri, Armen Movsisyan tədbirin açılışında deyib ki, bu sayaq sərgilər iki ölkə arasında sərmayə qoyuluşu və ticarət əlaqələrinin genişlənməsinə yardım edir. Nazir bildirib ki, İranla Ermənistan arasında iqtisadi-ticari əlaqələr daim genişlənməkdədir. Ötən il bu sahədə əməkdaşlıq 250 milyon dollardan artıq olub. Tərəflər bu rəqəmi yarım milyard dollara çatdırmaq istiqamətində çalışır. Yeri gəlmişkən, Serj Sarkisyanın imzaladığı fərmana əsasən, Karen Nazaryan İslam Respublikasında səfir vəzifəsindən azad edilib. Başqa fərmanla bu vəzifəyə Qrikor Arakelyan təyin olunub. Yeni səfir 1948-ci il martın 14-də Təbrizdə anadan olub. O, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1992-ci ildə ölkəsinin Xarici İşlər Nazirliyində, 1996-99-cu illərdə isə İrandakı səfirlikdə müşavir vəzifəsində çalışıb. 2007-2009-cu illərdə isə İrəvanın Tehran səfirliyində fövqəladə səfir və səlahiyyətli nazir kimi çalışıb. Bu məlumatı erməni xəbər agentlikləri yayıb. Onlar Qrikor Arakelyanın Təbrizdə (rusca Tebriz) deyil, "Tavriz"də doğulduğunu yazıblar. Çünki farslar da uzun illərdir Təbrizin məhz bu transkripsiyada yazılışında çaba göstərməkdədir. Bununla ermənilər Təbrizə olan iddialarını gizlətmirlər. Elə paniranistlər, panfarsistlərlə erməniləri də birləşdirən bəzilərin önəm vermədiyi bu sayaq hoqqabazlıqlardır. |