İran rəhbərliyi, eləcə də hökumət başçısı bir sıra hallarda özlərini dünyanın aparıcı dövlətləri ilə müqayisə edir, bu ölkələrin başçıları kimi davranmağa çalışır. Başqa sözlə, "özgə yerişini yerimək"ə cəhd göstərilir. Ötən gün prezident seçkisində qalib sayılan Mahmud Əhmədinijat İran televiziyası vasitəsilə xalqa müraciət edirdi.
Veriliş yayımlanan əsnada diqqəti çəkən onun dedikləri deyil, studiyada uçan kəpənək tamaşaçıların böyük marağına səbəb olub. Hər kəs gözləyirdi ki, ABŞ prezidenti Barak Obama kimi o da istədiyi yerə uçan bu kəpənəyi cəld bir zərbə ilə öldürəcək. Amma Əhmədinijat bunu bacarmadı, bu balaca kəpənək İran hökuməti başçısının qorxulu cəhdindən qurtula bildi. Bu təsadüfi bir olay sayılsa da, yüz yerə yozula bilər...
İranla ABŞ arasında münasibət normallaşarsa, o halda bu yalnız iki dövlətin əlaqəsinin bərpası təki deyil, Orta Şərqdə sabitliyin göstəricisi kimi dəyərləndirilə bilər. Ancaq Tehran hakimiyyəti hələ də iddiasından əl çəkmir və beynəlxalq ictimaiyyəti narahat edən məsələlərlə bağlı Qərbin tələblərinə əməl etmək istəmir.
İran - ABŞ əlaqəsi daha çox xalq diplomatiyasında özünü göstərməkdədir. Hələ prezident seçkisindən yarımay öncə İran Futbol Federasiyasının prezidenti Əli Qafaşian demişdi: "Biz ABŞ-la yoldaşlıq oyunu oynamağa hazırıq. Bu qarşılaşmanın birinci oyunu Tehranda, ikincisi isə ABŞ-da keçiriləcək". O, görüşün keçirilmə vaxtının təyin olunmadığını da vurğulamışdı. Federasiya təmsilçisinin sözlərinə görə, ABŞ-ın qadınlardan ibarət futbol komandası da Tehranda iranlı həmcinsləri ilə qarşılaşmağa hazır olduğunu deyib. Bu sayaq yarışlar ötən illərdə də keçirilib.
Əyləncə sahəsində amerikalılarla iranlılar görüşsə də, bunu daha ciddi məsələlərə şamil etmək olmaz. ABŞ prezidentinin müavini Co Baydenin "İsrail İrana hücum edərsə, onlara mane olmayacağıq" - sözünü ötən gün İranın ali rəhbəri ayətulla Xamneyi cavablandıraraq deyib ki, onlar istənilən hərbi müdaxilə cəhdinə cavab verməyə hazırdırlar: "Yaranmış durumdan yararlanmaq istəyənlərə xəbərdarlıq edərək bildiririk ki, əgər İran xalqı arasında fikir ayrılığı yaransa da, biz ölkəmizin daxili işlərinə qarışanlara qarşı birləşib onları yerində oturda bilərik".
Prezident seçildiyi iddia olunan Mahmud Əhmədinijat isə Barak Obamanı "dünyanın gözü qarşısında"beynəlxalq ictimaiyyəti narahat edən problemlər ətrafında müzakirə etməyə çağırıb.
Rusiya səfəri zamanı Ağ evin indiki yiyəsi Tehran hakimiyyətinin narahatlığının əbəs olduğunu bildirib: "Mən qəti şəkildə bu məlumatı təkzib edirəm. Biz heç bir halda öz iradəmizi başqa dövlətlərə qəbul etdirmirik. Bununla belə, bizim dəyişməz, qəti bir mövqeyimiz var - biz çalışırıq ki, İranla bağlı problemlər hərbi yolla deyil, diplomatik yolla həll olunsun".
ABŞ-ın dövlət katibi Hillari Klinton isə ötən gün açıqlamasında dünya ölkələrini İslam Respublikasına qarşı sanksiyaları gücləndirmək üçün ölkəsi ilə əməkdaşlığa çağırıb.
Onun qənaətincə, bu həmrəylik Tehran hakimiyyətini məcbur edəcək ki, davranışını dəyişsin.
Hələ Ağ evin keçmiş yiyəsi kiçik Corc Buş İran hakimiyyətinə münasibətdə deyirdi ki, öz vətəndaşlarına inanmayan bir iqtidara beynəlxalq ictimaiyyət necə etimad göstərə bilər? Klinton isə Venesuelanın "Qlobovizion" telekanalına müsahibəsində Tehranın Avropadakı müttəfiqlərinə ünvanladığı ismarıcında deyib: "Öz xalqının nifrəti ilə üz-üzə olan bir hakimiyyətlə müttəfiqlik ağıllı siyasət sayıla bilməz".
Xanım Klinton İslam Respublikası rəhbərliyinin vətəndaşlarını repressiyaya məruz qoyduğunu vurğulayaraq bildirir: "Son bir neçə həftə ərzində hakimiyyətin öz "demokratik prinsip"lərinə, ölkə qanunlarına hörmət etmədiyinin şahidi olduq. Onlar dinc etirazçılara zorakılıq tətbiq edirlər".
Avropa Birliyinə üzv dövlətlər ötən həftə İrandakı səfirlərini geri çağırdı. Çexiya, İsveç, İspaniya, Fransa, Almaniya və İngiltərənin Tehran diplomatik missiyasının başçıları İslam Respublikasına etiraz notası təqdim ediblər. Onlar həbsdəki Britaniya səfirliyi əməkdaşlarının hamısının azadlığa buraxılmasını tələb ediblər. Əks halda, AB-nin Tehrana qarşı daha kəskin sanksiyalar tətbiq edəcəyi həmin notada açıq bildirilib.
Bəlli olduğu kimi, olaylar zamanı İngiltərənin Tehran səfirliyində çalışan İran vətəndaşları həbs edilmişdi. Hakimiyyət onları Britaniyanın xeyrinə "casusluq"da ittiham edirdi. Həmin əməkdaşlardan biri hələ də həbsxanadadır. Fransa rəhbərliyi də bu notaya qoşularaq İsfahan Universitetində fransız dilini tədris edən 23 yaşlı Klotilda Reysin azadlığa buraxılmasını tələb edib. Fransız müəllimə iyulun birində tutulub.
İndi mövcud hakimiyyətə müxalifət sayılan Mirhüseyn Musəvi və tərəfdarları etiraz aksiyaları zamanı həbs olunmuşların azadlığa buraxılmasını tələb edirlər.
ABŞ və AB dövlətlərinin Tehrana qarşı mövqeyi qarşılığında Qərblə iqtisadi əməkdaşlığın genişləndiyi barədə xəbərlər yayılır. BMT-nin ərzaq məhsullarının standartlaşdırılması üzrə komissiyasının 32-ci sessiyasında püstənin standartı müəyyənləşdirilmişdi. Həmin qərara əsasən, İran püstəsinin qitəyə gətirilməsinə məhdudiyyət qoyulmuşdu. İran xəbər qaynaqlarının məlumatına görə, bu sanksiya götürülüb. Bundan sonra Avropaya göndərilən püstənin həcmi 30 faiz artırılıb.
İslam Respublikasının sənaye, mədən və ticarət palatası şurasının üzvü Əsədulla Əsgərövladi bildirir ki, cari ilin mart-iyun ayı ərzində ölkəsi ilə ABŞ arasında ticarət dövriyyəsinin həcmi 154 milyon dollar təşkil edib. Onun dediyinə görə, 2007-2008-ci illərdə bu yöndə artan xətt müşahidə olunub. Əlavə edib ki, inqilabadək iki dövlət arasında ticarət dövriyyəsi 5-6 milyard dollardan artıq idi. 1979-cu ildə bu rəqəm 1 milyard dollaradək endi. 1980-ci ildən isə tamamilə kəsildi. 1999-cu ildən başlayaraq İran-ABŞ ticarət dövriyyəsi qaydasına düşüb. Belə ki, hər iki dövlət ərzaq məhsulları, xalça və əl işlərini qarşılıqlı olaraq sərbəst şəkildə satır. İrandan əsasən püstə, kişmiş, zəfəran, Amerikadan isə düyü, bitki yağları, soya və taxıl idxal olunur.
Əsgərövladinin sözlərinə görə, tərəflər arasında ticarət dövriyyəsi artmaqdadır, bu özünü düyü idxalında daha qabarıq göstərir. 2009-cu ildə 500-600 milyon dollarlıq düyü alınacağı ehtimal olunur.