Hər il iyulun birinci ongünlüyündə Güney Azərbaycanda Milli Qurultay, Babəki anma günü tədbirləri keçirilir. İran rəhbərliyi Azərbaycan türklərinin istisnasız olaraq bütün milli-mədəni tədbirlərinin qarşısını zorakılıq və hiylə yolu ilə almaqdadır. Qarşısı alınan və ya keçirilməsi çeşidli vasitələrlə əngəllənən ənənəvi törənlərdən biri də Babək qalasına yürüşdür.
Son illər mərasim "Azərbaycan türklərinin Milli Qurultayı" adlanır. Mərasimdə soydaşlarımız dünyaya, o cümlədən onun milli varlığını danan Tehran hakimiyyətinə öz mövcudluğu və milli haqları uğrunda mücadiləsindən dönmədiyini bəyan edir. Bu il Babək qalasına ilk yürüşdən 14 il keçir. 2006-cı ilin may etiraz aksiyalarından sonra Tehran hakimiyyəti mərkəzi Əhər şəhəri olan Qaradağ mahalının Kəleybər rayonunda yerləşən Babək (Bəzz) qalasına yürüşü hər vasitə ilə əngəlləməyə çalışıb. İslam Respublikasına bağlı alimlər, dini xadimlər Azərbaycanın bu fədakar oğlunu "kafir", "islam düşməni" adlandırmaqla onu azərbaycanlıların gözündən salmağa, fars şovinistləri isə Babəki, nə qədər qəribə görünsə də, "fars qəhrəmanı" kimi təqdim etməyə çalışırlar.
Yürüşü önləmək məqsədilə Tehran bu il bir qədər fərqli fəndə əl atıb. İyulun 1-də "Azərbaycan üzrə tur" 24-cü beynəlxalq velosiped yarışı başlayıb. Tədbirin təşkilatçısı İranın Velosiped Federasiyasıdır. Onlar bildirib ki, bu yarış altı mərhələdən ibarətdir. Birinci mərhələ Təbrizdən Urmiyayadək (146 km), ikinci Urmiyadan Şəbüstərədək (175 km), üçüncü Təbrizdən Güney Culfasınadək (129 km), dördüncü isə Culfadan Naxçıvan Muxtar Respublikasına qədər (99,5 km), beşinci mərhələ Güney Culfasından Kəleybərədək (145 km), sonuncu mərhələ isə Kəleybərdən Təbrizədəkdir (173 km). Qalib 50 min dollar məbləğində pul mükafatı alacaq. Hakimiyyətin yaydığı xəbərə əsasən, bu yarışmaya 16 ölkəni təmsil edən idmançılar qatılıb. Yarış iyulun 15-də başa çatacaq.
Bundan başqa, "Baybak"ın İRNA xəbər agentliyinə istinadən yaydığı xəbərdə bildirilir ki, Qaradağ mahalının Kəleybər rayonunda İran rəhbərliyi ikigünlük hərbi təlimat keçirib.
|