Azərbaycanın xalq artisti Aygün Kazımova haqqında bu yeni şayiə yaman tez yayıldı. Çoxları sənətçinin tanınmış iş adamlarından biri ilə ailə həyatı quracağından danışırdı. Bu xəbər əməlli-başlı müzakirə mövzusuna çevrilmişdi. Aygün Kazımova isə hadisələri kənardan izləyirmiş və bir qədər susandan sonra münasibətini külümsəməklə bildirdi.
Xəbərin kökündən yanlış olduğunu söyləyən sənətçi dedi ki, əgər nə vaxtsa ailə həyatı qurmaq fikrinə düşsə, bu nə biznes adamı, nə də başqa biri olacaq. Nə zamandır birlikdə olduğu Namiq Qaraçuxurlunun rəsmi olmasa da, həyat yoldaşı kimi qəbul edən müğənni ondan başqası ilə nikah masasına oturmağı ağlına belə gətirmədiyini söylədi. Söhbətinin davamında Aygün xanım vurğuladı ki, onların ayrıldıqları barədə xəbərlər cütlüyü daha da mehriban edib: "Bizim iş saatlarımız bitəndən sonra evə gəlir və günümüzü birlikdə keçiririk. Ayrılığa heç bir əsas yoxdur və olmayacağını düşünürəm. Lakin bu barədə şayiə dolaşdıran insanlar bizi daha da yaxınlaşdırdıqlarının fərqinə varmayıblar. Nə qədər ki ayrılıq xəbərləri dolaşacaq, bizi bir o qədər bir yerdə, mehriban görəcəklər. Çünki Tanrıdan başqa, bir qüvvənin bizi ayırmayacağını düşünürük".
Söhbətinin davamında Aygün Kazımova Namiq Qaraçuxurlu ilə yay proqramı seçdiklərini bildirdi. Müğənni söylədi ki, iyulun ilk günündən başlayaraq onlar Bilgəhdə Aygünə məxsus bağ evində dincələcəklər. Yayın ilk istirahət proqramını Bakıya yaxın ərazidən seçən cütlüklər sonrakı həftələrdə xaricə üz tutmağı da düşünürlər. Lakin onlar harada dincəlmək istədiklərinə hələ qərar verməyiblər. Müxtəlif şəhər adları seçən Aygün xanım seçim üçün onların adını Namiqə təqdim etmək niyyətindədir".
"Mənim iş qrafikim son aylar çox sıx olub. Televiziya verilişi, konsertlər, mahnı yaradıcılığı və s. Bütün bunların ardından yaxşı istirahətə ehtiyac duyuram. Bu səbəbdən yayın bir çox günlərini dincəlməyə sərf edəcəyəm".
Öyrənə bildik ki, Bilgəhdə Aygünə məxsus bağ evi yaxın aylarda tikilib və istifadəyə verilib.
|