![]() |
çap et |
|
|||
Onun adı və üzərində kimin əksinin yer alacağı maraq doğururdu. Özü buna aydınlıq gətirdi: "Düşündüm ki, ətriyyatın özü ilə yanaşı, gözəl də reklamı olmalıdır. Bir neçə ideyam var. Çox sevinirəm ki, indiyə qədər məni tanıyır və qəbul edirlər. Amma etiraf edim ki, hələ brendimi, reklamımı ifadəli şəkildə təqdim eləməmişəm. Əslində, buna zərurət də olmayıb. Mən geyim və ətriyyat istehsalçısı kimi təqdim ediləndə reklama ehtiyac olacaq. Hələlik zahiri görünüş baxımından bu imkanım var. Ona görə də ilk ətriyyatımın reklam sifəti özüm olacağam. Yaxın günlərdə təcrübə şəkilləri çəkdirəcəyəm".
Modelyer Fəxriyyə Xələfova sonuncu sözləri ilə bir qədər əvvəl yayılan xəbərə də aydınlıq gətirir. Ətriyyatın adı ilə bağlı üzərində "Eurovision-2009"un iştirakçısı Aysel Teymurzadənin əksinin yer alacağı barədə xəbərlər dolaşırdı. Lakin Fəxriyyə xanım bunların şayiədən ibarət olduğunu dilə gətirərək Ayselə belə bir təklif olmadığını bildirir. Söhbətin davamını başqa istiqamətə yönəldən Fəxriyyə xanım deyir ki, İtaliya və ya Fransada çalışsaydı, bəlkə də, bəzi işlərinin ifadəsi çox fərqli olardı: "Bizdə qeyri-adi görüntülər o qədər də qəbul olunmur. Fəxriyyə Xələfovanın birdən-birə dəyişməsinin maraqlarıma, yoxsa ziyanıma işləyəcəyini bilmirəm. Yenə də bunu təcrübədən keçirməliyəm. Bir az ictimai qınaq obyektinə çevrilmək istəmirəm. Amma ətriyyat üçün mən fərqli bir obraz yaratmalıyam. Bunun adı "Fəxriyyə Xələfova təqdim edir"olacaq. Ətriyyatın adı isə "Nuray" olacaq. Nuray mənim bu dünyada ən çox sevdiyim qadındır. Ancaq onun kimliyini açıqlamayım, qoy bu sirr olaraq qalsın. Nuray özümdən sonra əhval-ruhiyyəsini qəbul etdiyim bir insandır. Bilirsiniz, moda aləminin insanları yalnız əhval-ruhiyyə ilə yaşayır. Nurayın kimliyini isə təqdimat mərasimində görəcəklər". Fəxriyyə Xələfova öz moda işləri kimi, ətriyyatının qoxusunun da uzaq ölkələrdən gəlməsini arzulayır: "Çox istəyirəm ki, bu ətriyyat Azərbaycandan kənarda da yayılsın. Bunun üçün mən beynəlxalq ətriyyat strategiyasını yaxşıca öyrənmişəm. Bir ildir ancaq ətriyyat məsələsi ilə məşğulam. Beynəlxalq strategiya fərqli bir mexanizmdir. Dünyada çox az insan var ki, onlar ətriyyat yarada bilərlər. Ətriyyat istehsal etməyə çox insanın maddi imkanı çatar. Amma ətriyyat buraxılışında çoxlu uğursuzluqlar mövcuddur. Hər ətriyyat uğurlu alınmır. Uğursuzdursa, bu həmin investisiyanın və istehsalçının adının batması deməkdir. Şanslıyam ki, məni ətir icad edən insanların sırasına daxil ediblər. Mən xaricdə məsləhətləşmələr aparmışdım, demişdilər ki, sən ciddi düşün. Bu işə bu qədər vaxt, vəsait ayıracaqsan. Soruşurdular ki, bu işin uğurlu olacağına əminsən? Mən dedim ki, hansı testlərdən keçmək lazımdırsa, mən keçim, siz də baxın. Mən bu testlərdən keçdim və dedilər ki, məndə bu iş alınır". Fəxriyyə xanım deyir ki, bu adamın ilk öncə həssaslığı olmalıdır. Deyir ki, insanın mimikasından, energetikasından onu başa düşə bilir, ətirlərə, rənglərə, hətta dəyişən havaya da həssasdır. Deyir ki, ətir yaratmaq çox qeyri-adi prosesdir, əgər belə olmasaydı, dünyada 10 minlərlə ətir olardı. Amma statistikaya əsasən, dünyada cəmi 50-60 çeşiddə ətir var. O deyir: "Ətirlərin həm çiçək istiqamətini, həm kimyəvi tərkibini öyrənmişəm. O qarışığı tapana qədər üç ay laboratoriyadan çıxmamalısan. Hətta elə ola bilər ki, yaratdığın ətir iki aydan sonra özünə xoş gəlməyə bilər". Fəxriyyə xanımdan əvvəl və sonra ətriyyat istehsalı ilə məşğul olacağını bəyan edən bir neçə tanınmış qadın isim vardı. Lakin həmsöhbətim bunu həyata keçirənlərin birincisinin özü olacağına əmindir: "Düşünürəm ki, bu şəxs mütləq mən olacam. Ona görə də, özümü bir çox yaradıcılıq işlərindən təcrid etmişəm. Ətriyyat işində özümü tamamilə tapmışam. Bu iş məni modadan ayırmayacaq. Ona görə ki, modanın içində ola-ola bu işi görürəm. Fəaliyyətim dövründə o qədər xoşbəxt modelyer olmuşam ki, təsadüflər nəticəsində Pier Karden, Pakuraban, Valentin Yudaşkinlə tanış olmaq fürsətim olub. Pakurabanın uzaqgörənliyi var və onunla 1999-cu ildə Moskvada rastlaşanda çox xahiş etdim ki, mənə bir proqnoz versin. O da dəqiqliyi ilə dedi ki, bir müddətdən sonra elə bir şey baş verəcək ki, sən məşhurluğun zirvəsinə qalxacaqsan...". |