Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır. Tapıntının ölçüsü 10x8 sm-dir, bundan başqa, burada qızıl muncuq, üzük və sırğalar tapılmışdır ("Turan").
Qızıl maska boyu 168 sm olan kişi skeletinin yanında aşkarlanmışdır. Xəbərə görə, Kərimli kəndi yaxınlığında 7 kurqan aşkarlanıb, hələlik iki kurqanda qazıntı aparılıb və zəngin materiallar əldə edilib. Mütəxəssislər qeyd ediblər ki, əvvəllər belə şey yalnız qədim Mingəçevir ərazisindəki qazıntılarda aşkarlanıb, fəqət qarşıda tapıntının hazırlanma texnologiyasını və təyinatını aşkarlamaq durur. Güney Qafqaz bölgəsində indiyədək belə bir artefakt örnəyi tapılmadığı qeyd olunur.
|