![]() |
çap et |
|
|||
İyulun ikinci yarısında Azərbaycanda güclü istilər düşəcək. Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, iyulun ikinci yarısında bəzi günlərdə temperaturun 41 dərəcədən yüksək olacağı gözlənilir. Proqnozlara görə, Naxçıvan Muxtar Respublikasında, Mərkəzi Aran rayonlarında havanın hərarəti 42 dərəcədən yüksək olacaq.
Son illər qlobal istiləşmə haqqında məlumatlar xeyli aktuallaşıb. Beynəlxalq qurumların ekspertləri problemin ciddi olduğunu dəfələrlə bildirsələr də, bunun qarşısını almaq üçün hələ də heç bir əsaslı addım atılmır. Qlobal istiləşmə artıq özünü göstərməkdədir. Belə ki, ətraf mühitin çirkləndirilməsi, meşələrin məhvi, əhali artımı və cəmiyyətdəki istehlak meylinin artması atmosferdə zərərli qazların miqdarını artırır. Alimlər qlobal istiləşmənin ildən-ilə sürətləndiyi barədə həyəcan təbili çalırlar. Son 2-3 ildə müşahidə edilən istilər son 150 illik dövr ərzində ən isti illər olub. İstiləşmənin təsirindən artıq qütblərdəki buzlaqlar əriyir, dəniz sularının səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkiləri artır. Qlobal istiləşmənin təsirindən qasırğaların, sellərin, daşqınların gücü və sıxlığı artır. Qışda temperaturun dərəcəsi artır, yaz erkən gəlir. payız gecikir, torpaqlar səhralaşır. Havanın temperaturu 41 dərəcə və yaxud bundan çox olarsa, Əmək Məcəlləsinə bir neçə ay öncə edilmiş dəyişikliyə əsasən, iş dayandırılmalıdır. Vaxtilə qanunda işin dayandırılması üçün dərəcənin 45-ə yüksəlməsi lazım gəlirdi. Milli Hidrometeorologiya Departamenti mütəxəssisləri bildirirlər ki, havanın hərarət dərəcəsi kölgədə ölçülən temperaturun göstəricisidir. Bəzi dövlətlərdə temperatur normadan artıq isti olduqda iş rejimi axşam saatlarına keçirilir. Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniya, bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki dəyişdirilir. Mütəxəssislər hesab edirlər ki, ölkəmizdə temperatur göstəricisi 38 dərəcəni ötəndə həmin iş rejimi dəyişdirilməlidir. Son günlərdə günvurma halları ilə bağlı Kliniki Tibbi Mərkəzə 7 nəfər müraciət edib. Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla deyir ki, günvurma ultrabənövşəyi şüaların təsiri altında baş verir. Çünki bu zaman qan təzyiqi düşür və insanın bayılmasına səbəb olur. Günvurma qızdırma, davamlı tərləmə, qusma ilə nəticələnərək sinir sistemini pozur. Vaxtında tədbir görülməzsə, bu hal ölümə də yol aça bilər. Adil Qeybulla deyir ki, isti havada sinir sistemində baş verən dəyişiklik insanlarda tez yorulma, yuxusuzluq, baş ağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalarla müşahidə edilir. Bununla yanaşı, ruhi pozğunluq, yuxusuzluq, yaddaşın pozulması da günvurmanın əlamətləridir. Ona görə də günvurma zamanı ilkin tibbi yardım mütləq göstərilməlidir. Professor söyləyir ki, günvuran insanı dərhal sərin yerə gətirmək, alnına yaş dəsmal qoymaq, ona ilk tibbi yardım göstərmək lazımdır. Yay fəslində günvurma ilə yanaşı, adətən istivurma halları da baş verir. Adil Qeybullanın dediyinə görə, bədən temperaturu ilə xarici temperatur arasında fərq yarandıqda daxildə istiliyin tənzimi pozulur. Nəticədə orqanizmdə temperaturun yüksəlməsi baş verir. Bu da daxildə həyati funksiyaların pozulması ilə müşahidə edilir. Ona görə də isti vuran şəxsi sərin bir yerə gətirməli, yaş dəsmal alın və boyun nahiyələrinə qoyulmalıdır. İstivurmanın günvurma ilə fərqi ondan ibarətdir ki, birincidə fermaniqulyasiya, istilik mübadiləsi pozulduğuna görə ətrafdakı temperaturla daxildəki temperatur dəyişir. Doktor məsləhət görür ki, uzun müddət günəş şüalarının təsiri altında qalmasınlar. Xüsusilə də saat 12-16:00 arasında birbaşa günəş şüalarından uzaq dursunlar. Daha çox kölgə yerlərdə dayanmalıdırlar: "Yaşlı adamlar və uşaqlar bu məsləhətə xüsusilə riayət etməlidirlər. Uşaqlarda orqanizmin su tutumu az və bədən səthindən buxarlanma yüksək olduğundan bayılma halları da baş verə bilər. Yaşlı insanların isə resursları tükənmiş olur. Eyni zamanda, yaşlı adamların əksəriyyətində müəyyən xəstəliklər, fizioloji təsirlər müşayət olunduğundan bu proses onlarda özünü daha qabarıq göstərir". Bəllidir ki, yay aylarında kondisionerlərdən istifadə edilir və bəzən bu, insanların səhhətinə təsirsiz ötüşmür. Adil Qeybulla bu fikirdədir ki, kondisioner işləyəndə müəyyən qaydalara riayət edilməlidir. Birincisi, kondisioner işləyən otaqdan birbaşa isti yerə çıxmaq olmaz. Eyni zamanda, istidən də birbaşa kondisioner işləyən otağa girmək tövsiyə edilmir. Bəzi insanların orqanizmi bu eksperimentlərə tab gətirməyə bilər. Ekspert onu da vurğuladı ki, avtomobildə kondisioner işlədənlər xüsusilə ehtiyatlı olmalıdırlar. |