 |
Şənbə, 11.07.2009
Nüşabə FƏTULLAYEVA, Gəncə Media Mərkəzi |
mətn ölçüsü |
|
|
|
Azərbaycanda informasiya şəffaflığı və onun əldə olunması haqda hüquqi normaların faktik işləmədiyi vətəndaş haqlarının addımbaşı pozulması ilə nəticələnir. Fikir vermişsinizsə, bizdə jurnalistikanın formal xəbəryayma və mülahizələr üzərində qurulan publisistika qolu daha geniş inkişaf edib. Bizdə cəmiyyətin nəbzini tuta, vətəndaşın ümdə problemlərinin gündəlik mənzərəsini aça, ətrafda baş verənlərin dəqiq şərhini verə bilən, bir sözlə, dünyada bu peşə üçün qəbul edilmiş başlıca prinsipləri özündə ehtiva edən jurnalistika yox səviyyəsindədir. KİV-lərimizdəki peşəkarlıq və qərəz məsələsini bir kənara qoysaq, bunun əsas səbəbi informasiya azadlığı problemidir.
Açıq cəmiyyət prinsipləri tələb edir ki, bütün cəmiyyət və ayrı-ayrı fərdlər onları idarə edən, onların gündəlik yaşamına təsir edən qurumların nə iş gördüyü barədə yetərincə bilgili olsun. İnsanlar bu qurumların işlərinə, planlarına, iş qaydalarına tənqidi yanaşa, hətta gərək olduqda onların işinə təsir edə bilsinlər. Açıq cəmiyyət yalnız demokratik dəyərlərin olduğu yerlərdə mümkün olur. Belə cəmiyyətlər davamlı və ardıcıl inkişafa qabil olur. Açıq cəmiyyətin alternativi olan qapalı cəmiyyətlər isə plüralizmin yol vermədiyi avtoritar, inkişaf potensialından məhrum, bir yerdə donub qalmış, sarsıntılarla dolu, ən yaxşı halda isə, zəif inkişaf edən cəmiyyətlərdir.
Cavabsız qalan sorğular
Gəncə Media Mərkəzinin jurnalisti Samir Süleymanlı son zamanlar intihar hadisələrinin say artımı ilə bağlı yazı hazırlayarkən cari ildə qeydə alınan bu növ hadisələrin sayı, ötən illə müqayisəsi, özünə qəsd edənlərin cinsləri və yaş hədləri ilə əlaqədar Gəncə şəhər Prokurorluğuna informasiya sorğusu ilə müraciət edib. Lakin sorğunun göndərilməsindən bir neçə ay keçməsinə baxmayaraq o hələ də cavablandırılmayıb. Prokurorluğun dəftərxana işçisinin açıqca bildirdiyinə görə, sorğunun cavablandırılmamasına prokurorun "bunlar kimdirlər ki, bizdən hesabat istəsinlər" deyərək sorğunu kənara atması səbəb olub. Digər informasiya sorğusu isə Gəncə şəhər Kəpəz rayon Məhkəməsindəki icrasız məhkəmə qərarlarının sayı, növü ilə bağlı olub. Sorğuçuya cavab olaraq məlumatı əldə etmək üçün Ədliyyə Nazirliyinə müraciət etmək məsləhət görülüb.
Azadlıq radiosunun Qərb bölgəsi üzrə nümayəndəsi Gülnur Raqif qızı hər hansı bir məlumat əldə etmək üçün bilgi sahibinə informasiya sorğusu ilə müraciət etmədiyini deyir. "Sorğu vaxtında cavablandırılmır. Hətta cavablandırılsa belə, dürüst bir şey deyilmir. Vaxt itirməkdənsə, başqa üsullarla da olsa, məlumatı birbaşa almağa cəhd edirəm.
Baxmayaraq ki məlumatı heç bir əngəl olmadan, öz istədiyim vasitə ilə əldə etmək mənim haqqımdır. Təəssüflər olsun ki, bu haqqımı bir çox kağızda qalan qanunlar kimi reallaşdırmaq mümkün deyil".
"Yeni Nəsil" jurnalistlər birliyi tərəfindən informasiya azadlığı haqda qanunun tətbiqi məsələlərinin öyrənilməsi məqsədilə araşdırma aparılır. Birliyin sədri Arif Əliyev deyir ki, araşdırma nəticəsində informasiya sorğularına, ən yaxşı halda, ünvanlanan sualların 30 faizinin cavablandırıldığı, sorğunun cavablandırma müddətinin (qaydalara görə, 7 iş günündən gec olmayaraq) gecikdiyi, bir çox hallarda sorğunun cavabının onlarda olmadığı və ən nəhayət, sorğunun ümumiyyətlə, cavablandırılmadığı məlum olub. Arif Əliyev yaranmış problemin səbəblərindən birinin də bilgi sahiblərinin qanunvericiliyin tələblərini pozduğu təqdirdə konkret olaraq məsuliyyətə cəlb olunmamasında görür.
"İnformasiya sorğusu qanunvericilikdə nəzərdə tutulmuş hallarla cavablandırılmadıqda sorğuçu məhkəməyə müraciət edə bilər. Məhkəmə, ən yaxşı halda, sorğunun cavablandırılmasını təmin edir. Amma yaxşı olardı ki, həm də qanunun tələblərini pozan şəxs hər hansısa qaydada məsuliyyətə cəlb olunsun" - Arif Əliyev dövlət orqanları və KİV arasında informasiya azadlığının təmin olunması konsepsiyası və onun əsasında tədbirlər planı hazırladıqlarını bildirdi. Hazırlanmış konsepsiyada bu məsələlərə geniş yer verildiyini deyən Arif Əliyev izah edir: "Çox təəssüflər olsun ki, neçə aylardır hələ də bu sənəd müzakirəyə belə çıxarılmayıb. Görünür bunun bir səbəbi var: hakimiyyət strukturlarında baş verən neqativ hadisələri ört-basdır etmək".
İREX təşkilatının media üzrə eksperti Ələsgər Məmmədli deyir ki, informasiya sorğularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmasının təmin edilmədiyinin bir səbəbi də "İformasiya əldə edilməsi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş bilgi sahibində olan bilgilərə çatımı asanlaşdırmaqdan ötrü onların yaratdığı və əldə etdiyi bütün sənədlərin elektron reyestrdə qeydə alınma məsələsinə biganəlikdir. Belə ki, əslində, hər bir bilgi sahibində olan sənədlərin reyestri hamı üçün açıq olmalı və internetdə yerləşdirilməlidir.
"İlk növbədə qanunun tələbi o idi ki, hər bir idarə və müəssisədə informasiya məsələləri ilə məşğul olan ayrıca bir qurum yaradılsın. Burada bütün açıq informasiyaların reyestri aparılmalı və məlumatların operativ çatdırılması üçün həmin informasiyalar dərhal internet səhifədə yerləşdirilməli idi. Qanunvericiliyin tələblərini reallaşdırmaq üçün dövlət bu cür qurumların yaradılmasına şərait və vəsaitlə dəstək olmalı idi. Lakin 3 ildən artıq müddət keçməsinə baxmayaraq ölkədə cəmi 2-3 müəssisədə bu qurum yaradılıb", - deyə, Ələsgər Məmmədli bildirdi.
Gəncə şəhərində isə nəinki bu işlər görülməyib, hətta icra hakimiyyətinin, polis idarəsinin, prokurorluğun və bir çox nazirliklərin yerli şöbələrinin internet ünvanları belə yaradılmayıb. Kəpəz və Nizami bələdiyyələrinin internet səhifəsində isə son dəfə məlumatlar 2008-ci ildə salınıb.
"Vəziyyət olduqca acınacaqlıdır. Qanun işlək deyil, göstərilənlər reallıqda tətbiq olunmur. Xarici ölkələrdə hər hansı sahəyə ayrılan vəsaitin hara xərcləndiyi, hətta işçilərin əməkhaqqı, məzuniyyət xərcləri belə göstərilir. Amma Azərbaycanda ayrılan vəsaitin məbləğini belə, dəqiq öyrənmək müşkül məsələdir", - deyə Helsinki Vətəndaş Assambleyasının Qərb bölgə Nümayəndəliyinin rəhbəri Aslan Vəliyev bildirdi. Onun sözlərinə görə, qanunvericilik bazası baxımından Azərbaycanda vəziyyət zahirən normal görünür. Lakin qanunların reallıqda tətbiqində davamlı problemlər hökm sürür.
Hökumət qanunu qulaqardına vurur?
2005-ci ilin dekabr ayında qüvvəyə minən "İnformasiya əldə etmək haqqında" qanunda tələb olunurdu ki, 6 ay müddətində İnformasiya Ombudsmanı təsisatı yaradılsın. O, ölkə ərazisində bu qanunun tələblərinin tətbiqinə nəzarət etməli, qanunu pozanları cəzalandırmalı və digər səlahiyyətləri icra etməli idi. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyir ki, informasiya ombudsmanının yaradılması ölkə ərazisində informasiya azadlığı ilə bağlı mövcud problemlərin həllinə birbaşa təsir etməsə də, önəmli məsələdir.
"İnformasiya əldə etmək haqqında qanun tək jurnalistlər üçün nəzərdə tutulmur. Qanunun tələblərinə görə, hər kəsin ictimaiyyət üçün açıq olan informasiyanı əldə etmək haqqı var. Baş vermiş çaşqınlıq, anlaşılmazlıq, hüquqların pozulması zamanı İnformasiya Müvəkkilinə müraciət edərək haqları bərpa etmək olar. Əgər bir məmur informasiya vermədiyinə görə cəzalandırılarsa, bu digərlərinin məsuliyyətini daha da artırar", - deyə Yadigar Məmmədli 3 ildir qanunun tələbinin hələ də reallaşdırılmamasının hökumətin ciddi qanun pozuntusuna yol verdiyi anlamına gəldiyini xatırlatdı.
Mətbuat xidmətləri məlumatın yayılmasına deyil, gizlədilməsinə xidmət edir
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə cəmi 6 idarədə (Gəncə şəhər Səhiyyə İdarəsi, Telekommunikasiya İdarəsi, Gəncə Avtomobil Zavodu, Gəncə Regional Elektrik Şəbəkəsi, Gəncə Futbol Klubu və Futbol Komandasının) mətbuat xidmətləri fəaliyyət göstərir. Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər Polis İdarəsinin, Prokurorluğun və bir sıra Nazirliklərin yerli şöbələrinin mətbuat xidmətləri yoxdur.
Jurnalist Gülnur Raqif qızı deyir ki, 12 saylı Ərazi Vergilər İdarəsindən məlumat almaq üçün dəfələrlə müraciət etsə də, buna nail ola bilməyib. İdarədən ona Vergilər Nazirliyinin mətbuat xidmətinə müraciət etməyin zəruriliyi və yalnız onların razılığından sonra məlumat almağın mümkün olduğu bildirilib. SN nəzdində yaradılan Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Gəncə şöbəsindən isə məlumat əldə etmək, ümumiyyətlə, mümkün deyil. Mərkəzdən bildirilir ki, informasiya əldə etmək üçün yalnız baş idarə ilə əlaqə saxlamaq lazımdır.
ANS TV-nin Qərb bölgəsi üzrə nümayəndəsi Təhminə Tağızadə isə deyir ki, mətbuat xidmətləri jurnalistlərin işini asanlaşdırmır, əksinə, qəlizləşdirir.
"Dəfələrlə olub ki, mən hansısa idarədə mətbuat xidmətlərinin olmasını nəzərə almışam və ora müraciət etmişəm. Əksinə, bir saat içində ala biləcəyim informasiyanı mətbuat xidmətləri nümayəndəsindən günlərlə ala bilməmişəm. Axırda məcbur olub yenidən idarənin rəhbərinə müraciət etmişəm. Buna görə də, məncə, Azərbaycanda "mətbuatdan məlumat gizlədən" mətbuat xidmətlərinin olmaması daha yaxşıdır", - deyə Təhminə Tağızadə bildirdi.
Gəncə Media Mərkəzinin redaktoru Zakir Muradovun fikrincə, bir çox mətbuat xidmətləri yalnız o məqsədlə yaradılır ki, jurnalistlərin "ağzını yönəldə" bilsinlər və onların iş üslubunun ana xəttini maaş aldıqları müəssisə və təşkilatları jurnalist marağından qorumaq, vacib və önəmli informasiyaları jurnalistlərin diqqətindən yayındırmaqdır: "Mətbuat xidmətləri adlandırılan qurumlar şəffaflığın təmin edilməsinə yardım etmək əvəzinə, Azərbaycanda "yola vermək" prinsipi ilə işləyir".
Zakir Muradov qeyd edir ki, mətbuatla işin bu cür, "özəl maraqlar" prinsipi ilə tənzimi informasiya sahəsində də monopoliya anlayışının hökm sürdüyünə dəlalət edir.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli vurğulayır ki, nazirliklərdə, idarə və müəssisələrdə mətbuat xidmətinin tam qurulmasından danışmaq olmaz.
"Böyük bir nazirliyin və ya idarənin mətbuatla işi çox vaxt bir nəfərə həvalə olunur. Təcrübə göstərir ki, əksər vaxtlar mətbuat xidmətlərinin rəhbərliyin icazəsi olmadan məlumat vermədiyi və ya məlumatı bilərəkdən gizlətdiyi hallarla yanaşı, onların məlumatsız olması da işi çətinləşdirir. Bu isə tək jurnalistin deyil, bütövlükdə cəmiyyətin problemidir. Çünki informasiya əldə etmək haqqı tək jurnalistlərin haqqı deyil, - deyə Yadigar Məmmədli bildirdi.
"Qanun şahdır!", amma şahın "əyan"ları da var...
2005-ci il sentyabrın 30-da qüvvəyə minmiş "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinin pozulması barədə yuxarıda danışmışdıq. Məlumat əldə edilməsi haqda bir sıra beynəlxalq aktlara da qoşulan Azərbaycanda, o cümlədən 2002-ci il aprelin 1-dən İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya da qüvvəyə minib. Avropa Şurasına üzv ölkələr üçün əsas normativ hüquqi aktlardan olan bu Konvensiyaya qoşulmaqla Azərbaycan onun protokollarının verdiyi haqları, o cümlədən hər kəsin ifadə azadlığını təmin edəcəyinə söz verib.
Amma bir çox sahələrdə olduğu kimi, Azərbaycanda informasiya azadlığı haqda qanunların müddəaları ancaq kağız üzərindədir. Bu qanunlar ancaq beynəlxalq konfranslarda və tədbirlərdə hökumətin "atçyot" tipli məruzələrində yada düşür. Söhbət qanunlardan getdiyinə görə xaricilər, əlbəttə, buna inanırlar. Azərbaycanda isə qanundan söz düşəndə ilk növbədə sadə vətəndaşın əlini yelləyəcəyi ehtimalı böyükdür. Bu əl yelləməyin arxasında onun hüquqlarının pozulması dursa da...
|
|
|
|
|
|
|