Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərə müraciət edərək "donuz qripi" ilə bağlı araşdırmaların nəticələrini təqdim etməyə çağırıb. Türkiyə, İngiltərə, Hollandiya, ABŞ mütəxəssisləri indiyədək aparılan araşdırmaların nəticələrini açıqlayıb. İngiltərədə virusa yoluxanların sayının artdığı, üstəlik, risk qrupuna daxil olanların çoxluq təşkil etdiyi bildirilir. Avqustda 100 min insanın virusa yoluxacağı proqnozlaşdırılır. İndiyədək İngiltərədə 7 min 500 nəfərdə virus aşkarlanmışdı, onlardan 3 nəfəri ölüb. Hollandiyanın açıqlamasında isə N1N1 virusunun adi qripdən fərqli olduğu göstərilir.
Xəstəliyin orqanlara təsiri sürətli getdiyindən xroniki xəstələrin ölüm riski böyükdür. ABŞ səhiyyə qurumlarının fikirləri isə genetik testə əsaslanır. Bu isə virusun laboratoriyada hazırlandığını söyləməyə əsas verir. 1918, 1957 və 1968-ci illərdə yayılan qrip virusunun genetik kodları ilə tutuşdurulan N1N1-də bəzi gözlənilən nəticələr qeydə alınmayıb. Buna görə də virusun sürətli yayıldığı ehtimal edilir.
Türkiyəli mütəxəssislər isə Həcc ziyarəti ərəfəsində virusun geniş yayılacağını istisna etmirlər. Virusun mədədə yaratdığı problemlərlə bağlı təzadlı fikirlər səsləndirilir. Son qərar isə hələ də "donuz qripi" ilə bağlı əsaslı araşdırmaların olmadığını ortaya qoyub. Xatırladaq ki, virus indiyədək 77 min nəfərdə aşkarlanıb, bunun 332-si ölümlə nəticələnmişdir.
Statistik məlumatlara görə, Azərbaycanın fermer təsərrüfatlarında 15 min baş donuz saxlanır. Bu təsərrüfatlarda vəziyyətin sabit olduğu deyilir. Dövlət Baytarlıq Xidməti mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, passiv monitorinqlər nəticəsində alınan məlumatlar bunu göstərir. O deyir ki, baytarlıq idarələri dezinfeksiyaedici maddələr, qoruyucu maskalarla təmin olunmuşdur. Heyvanların qapalı şəraitdə saxlanıldığını deyən Yolçu Xanvəli bu qadağanın "Afrika taunu" aşkarlanan vaxtdan tətbiq olunduğunu və hələ də davam etdiyini bildirir.
|