![]() |
çap et |
|
|||
Tanınmış qafqazşünas alim və yazıçı Rudolf İvanov Naxçıvanskilər sülaləsinin tarixinə həsr olunmuş 5 cilddən ibarət kitab nəşr edib. APA-nın məlumatına görə, Rudolf İvanov kitabların təqdimatına həsr olunmuş mətbuat konfransında Azərbaycana vurğun bir adam kimi təqdim olunmasını istədiyini deyib.
Yazıçı Rusiyanın Hərb Tarixi Arxivində, Hərbi Arxivində, Federal Təhlükəsizlik Xidmətinin Arxivində, Sosial-Siyasi Tarix Arxivində, Xarici İşlər Nazirliyinin Arxivində və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivində Naxçıvanskilər sülaləsindən olan 6 generalın fəaliyyətinə aid çoxlu maraqlı materiallar əldə etdiyini bildirib: "Naxçıvanskilər sülaləsinin 6 generalı Rusiya imperiyasına sədaqətlə xidmət etmişlər". Tarixçi alim Qafqazda sovet hakimiyyətinin qurulması ilə bağlı maraqlı faktlar aşkarladığını da açıqlayıb. Belə ki, erməni mənşəli general Dro Naxçıvanı və Qarabağı ermənilərə vermək təşəbbüsünü irəli sürüb, Serqo Orconikidze də onu dəstəkləyərək əlavə edib ki, Naxçıvan bataqlıqdır və ermənilər bəlkə də bu hədiyyəni heç qəbul etməyəcək: "Türkiyə isə Rusiyaya bildirib ki, biz o vaxt dost ola bilərik ki, Naxçıvan Azərbaycanın tərkibində Türkiyənin protektoratında qalsın. Naxçıvan 1924-cü ilə kimi Sovet Naxçıvanı kimi yaşayıb, sonra isə Azərbaycanın tərkibində muxtar respublika statusunu alıb". Rudolf İvanov Azərbaycan arxivlərinin durumundan şikayətlənib: "Mənə elə gəlir ki, bu tapıntıların yerli tarixçilər yox, mənim tərəfimdən aşkarlanmasının səbəbi odur ki, onların bu arxivlərdə işləmək, həmçinin Moskva və ya Sankt-Peterburqda aylarla qalıb arxivlərdə çalışmaq imkanları yoxdur". Mətbuat konfransında iştirak edən millət vəkili Elmira Axundova rusiyalı alimin fikirləri ilə razılaşaraq bəyan edib ki, Azərbaycan arxivlərinin vəziyyətini qiymətləndirmək üçün komissiya yaradılmalıdır. |