Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya təbrik məktubu göndərib. Azərbaycan prezidentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı İ.Əliyev B.Obamanı və onun simasında bütün ABŞ xalqını milli bayram - Müstəqillik günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik edib.
Bu gün Azərbaycanla ABŞ-ı dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edən prezident İ.Əliyev enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli işbirliyinin, həyata keçirilən irimiqyaslı transmilli layihələrə Vaşinqtonun dəstəyinin məmnunluq doğurduğunu bildirib: "Biz, həmçinin xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli sahəsində ATƏT Minsk Qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik. Əminəm ki, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı, tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
|