![]() |
çap et |
|
|||
"Biz ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cəhdlərinə, əlbəttə, dəstək veririk. Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı görüşündə irəliləyiş qeydə alınacaq". APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni Ermənistanda keçirdiyi mətbuat konfransında deyib.
O, prezidentlərin sonuncu - Sankt-Peterburq görüşünün çox faydalı olduğunu bildirib. Dora Bakoyanni problemin həlli və bölgədə insan həyatını qorumaq üçün əllərindən gələni edəcəklərini söyləyib. Nazir Cənubi Qafqazda təhlükəsizliyin təmini baxımından Ermənistanın çox mühüm ölkə olduğunu vurğulayıb. Dora Bakoyanni iyulun 2-də separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla da görüşüb. APA-nın "Armtoday" agentliyinə istinadən verdiyi məlumata görə, B. Saakyan görüşdən sonra jurnalistlərə açıqlamasında danışıqlarda Dağlıq Qarabağın nizamlanma prosesinə qoşulma məsələsini qaldırdıqlarını bildirib. B.Saakyan görüşdə atəşkəs rejimin pozulması məsələsinin də müzakirə olunduğunu deyib. "Azərbaycan tərəfi snayperləri təmas xəttindən geri çəkməkdən imtina edir". "Turan"ın məlumatına görə, bu barədə Yerevanda mətbuat konfransında Qarabağ separatçılarının lideri Bako Saakyan bildirib. O deyib ki, Dora Bakoyanni ilə görüşdə atəşkəs rejiminin pozulma məsələsi müzakirə olunub. Onun sözlərinə görə, Qarabağ tərəfi bir müddət əvvəl iki təkliflə çıxış edib. Bunlar - monitorinq qrupunun texniki imkanlarının artırılması və snayperlərin ön cəbhədən çıxarılması haqdadır: "Lakin Azərbaycan tərəfi snayperləri geri çəkməkdən imtina edib". Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Saakyanın bəyanatını qeyri-ciddi adlandıraraq, Ermənistan tərəfi atəşkəs rejimini pozmaqda ittiham edib. |