![]() |
çap et |
|
|||
"Azərbaycanın xarici siyasətində prioritetlər əsas etibarilə dəyişməyib, amma siyahısı daha da genişlənib. Hər dövlətin diplomatik xidmətinin əsas məqsədi öz ölkəsinin mənafelərini xaricdə özünəməxsus yollarla təmin etməkdir. Diplomatik xidmət o zaman güclü olur ki, təmsil etdiyi dövlət də güclü olsun. Dövlətin imkanları artdıqca diplomatik xidmətin imkanları və qarşısında duran vəzifələr də artır".
Bu fikirləri xarici işlər nazirinin müavini Vaqif Sadıqov APA-ya müsahibəsi zamanı səsləndirib. Azərbaycan diplomatiyasının tarixindən danışan nazir müavini bildirib ki, 1918-ci ildə xarici işlər naziri təyin olunub, amma indiki mənada bir aparatın təsis edilməsi barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb. Bu məsələ ilə bağlı dövlət arxivində araşdırmalar aparılıb və müəyyən edilib ki, məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinin əsasnaməsi təsdiq olunub. Onun sözlərinə görə, bundan əvvəl XİN-in işini tənzimləyən hər hansı qurum rəsmi şəkildə təsis edilməmişdi. Ona görə də Azərbaycanın diplomatik xidmətinin tarixi həmin gündən başlayır. Azərbaycan diplomatiyasının həm Xalq Cümhuriyyəti, həm SSRİ, həm də 1991-ci ildə SSRİ dağılarkən və Azərbaycan müstəqilliyini bərpa edərkən fəaliyyət göstərdiyini deyən Vaqif Sadıqovun sovet dövründə Azərbaycan diplomatiyasının müxtəlif mərhələlərdən keçdiyini bildirib: birinci mərhələ İkinci Dünya müharibəsindən öncə, ikinci dövr müharibə zamanı, üçüncü dövr isə müharibədən sonrakı dövrü əhatə edib: "Müharibə zamanı Azərbaycan diplomatları vacib strateji bölgələrdə iş aparıblar. 1941-1948-ci illərdə Sovet İttifaqı, İngiltərə və ABŞ İran ərazisinə qoşun yeritdikdən sonra İrandakı sovet missiyasının tərkibində hərbi nümayəndələrlə yanaşı, diplomatlar da olub. Onların sırasında kifayət qədər azərbaycanlı ictimai xadim və diplomat fəaliyyət göstərib. Həmin dövr bizim diplomatiya tarixində özünəməxsus iz qoyub". SSRİ dövrü ilə müqayisədə ölkə diplomatiyasında kifayət qədər dəyişiklik baş verdiyini deyən nazir müavininin sözlərinə görə, biz o vaxt ittifaq respublikası kimi başqa bir dövlətin tərkibində olduğumuz üçün Azərbaycan SSR Xarici İşlər Nazirliyinin qarşısında duran vəzifələr indikindən köklü şəkildə fərqlənirdi. Struktura gəldikdə, Vaqif Sadıqov o vaxtkı XİN-in 15-20 nəfərdən ibarət qurum olduğunu qeyd edib. XİN-in say tərkibi barədə məlumat verən nazir müavininin dediyinə əsasən, hazırda nazirlikdə və Naxçıvan üzrə idarədə 350 nəfərə yaxın əməkdaş çalışır: "XİN əməkdaşları 2 hissəyə bölünür: bilavasitə diplomatik xidmət əməkdaşları, diplomatik rütbəsi olanlar və inzibati-texniki heyət. Xaricdə 64 diplomatik nümayəndəliyimiz - səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar fəaliyyət göstərir. Hazırda 51 səfirlik, 6 baş konsulluq və 7 nümayəndəliyimiz var. Xaricdə çalışan diplomatlarımızın sayı 600-ə yaxındır. Bu digər dövlət qurumları ilə müqayisədə o qədər də çox deyil". Yekaterinburqda Baş Konsulluğumuz cari ilin avqust-sentyabr aylarında fəaliyyətə başlayacaq. Vaqif Sadıqov bundan başqa, bir neçə ölkədə - Argentina, Tailand, Vyetnam və Xorvatiyada səfirliklər təsis edilməsi haqqında fərmanların da icrasına hazırlıq getdiyini əlavə edib. Batumidə də Baş Konsulluğun açılması barədə düşünülür. XİN rəsmisi bildirib ki, Gürcüstan, xüsusən də Batumi Azərbaycan üçün çox vacib olan bir nöqtədir. 2005-ci ildən başlayaraq XİN-ə işə qəbul test üsulu ilə aparılır. Nazir müavininin sözlərinə görə, artıq 4 dəfə işə qəbul imtahan yolu işə aparılıb: "Nazirliyin rəhbərliyinin fikri budur ki, bu sistem özünü doğruldub. Əlbəttə, hər sistem gərək inkişaf etsin, hər dəfə çalışırıq ki, bu sistemi təkmilləşdirək, amma prinsip etibarilə diplomatik xidmətə gənc əməkdaşların imtahan yolu ilə qəbulu özünü tam doğruldub. Dörd ildə təxminən 80-ə qədər gənc diplomatı işə qəbul etmişik, onların böyük əksəriyyəti xaricdəki nümayəndəliklərdə çalışır". Nazirlik rəsmisi XİN Diplomatik Akademiyasının yaranmasını böyük nailiyyət adlandırır. Diplomatik xidmətin 90 illiyi ilə bağlı məlumat verən V.Sadıqov ölkənin xarici siyasətinə dair sənədlər toplusunun çap edilməsinə başlandığını, 2004-2008-ci illəri əhatə edən sənədlərin 10 cildlik silsilədə çap edildiyini və artıq iki cildin hazır olduğunu deyib. Bu, Azərbaycanın tarixində ilk belə nəşrdir. Nazir müavininin sözlərinə görə, indi isə 2004-dən üzüaşağı gediləcək. O qeyd edib ki, Xalq Cümhuriyyəti dövrünə aid sənədlər toplusunun çapına başlanıb, sənədlərin orijinalı və fotosurəti kitaba salınıb, habelə bununla bağlı səfirliklərə tapşırıq verilib və bir çox yerdən - Rusiya, Belçika, İsveçrə, İtaliya, İngiltərə və s. ölkələrin dövlət arxivlərindən əldə edilmiş sənədlərin surətlərini səfirlərimiz XİN-ə göndəriblər. Bunların arasında elə sənədlər var ilk dəfə işıq üzü görəcək. İngilis dilində "Azərbaycanın xarici siyasətinin formalaşdırılması" adlı kitab hazırlanmışdır. Kitab həm Azərbaycan, həm də xarici müəlliflərin yazdıqları məqalələrdən ibarət olacaq. Məqalələr Azərbaycanın xarici siyasətinin müxtəlif aspektlərinə həsr olunub: Azərbaycanın Avropa, Asiya, Şimali Amerika ölkələri ilə münasibətləri, Ermənistanla münaqişə, enerji məsələləri, beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti və s. İyulun 8-də kitabın təqdimatı olacaq və konfrans keçiriləcək. Diplomatik Akademiya da ingilis dilində məqalələr toplusu nəşr edib. Ən vacibi isə "Azərbaycan diplomatiyasının tarixi" adlı kitabdır. 3 cilddən ibarət olan kitabın ilk cildi Xalq Cümhuriyyətinin xarici siyasətinə həsr olunub və iyulun 9-da təqdimatı keçiriləcək. İkinci cild sovet dövrünə həsr olunacaq, üçüncü cild isə 1991-ci ildən bu yana olan dövrü əhatə edəcək. Üçüncü cild də, ümidvarıq ki, ilin sonuna kimi çıxacaq. Bundan əlavə, "Azərbaycan diplomatiyasının tarixi" adlı sənədli filmin də sifarişi verilmişdir. Film hazırdır və gələn həftə nümayiş olunacaq. V.Sadıqov məlumat verib ki, nazirin əmri ilə "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" adlı döş nişanı təsis edilib. Bu nişan ölkənin xarici siyasətinin təbliğinə və Azərbaycan haqqında xaricdə məlumatların yayılması işinə böyük töhfələr vermiş Azərbaycan və xarici ölkə vətəndaşlarına verilə bilər. |