ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir
 |
Pentaqonda xüsusi ssenarilər işləməyə başlayıb, Azərbaycan 2012-ci ilə hazırlaşır
Şənbə, 04.07.2009
|
|
Amerika Birləşmiş Ştatlarının məqsədi Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-i müasirləşdirmək və onu özünün Raketəleyhinə Müdafiə Sisteminə daxil etməkdir. Bu barədə "Ayna"ya Amerikadakı hərbi mənbədən məlumat verilib. Məlumatda bildirilir ki, ABŞ-ın bu planında Rusiyaya yer yoxdur.
"Rusiya Qəbələ RLS-dən birgə istifadəni təklif edir. Amma Amerika isə vaxtı uzatmağa çalışır. Nə az, nə çox, düz 3 ildən sonra Rusiyanın Qəbələ RLS-i icarəyə götürdüyü müddət başa çatır. Bundan sonra məsələ ilə bağlı söz sahibi Azərbaycan, eyni zamanda, ABŞ olacaq. Pentaqon məhz 2012-ci ilə hazırlaşır. Hazırkı situasiyada isə hansısa kəskin cavablar verərək Rusiyanı qıcıqlandırmaq yersizdir", - deyə mənbə bildirdi.
Qeyd edək ki, "Exo Moskvı" radiosuna müsahibəsində Rusiya baş nazirinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya birgə raket hücumundan müdafiə sistemi yaratmaq məqsədilə Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasından istifadə etmək barədə təklifinə hələ də ABŞ-dan cavab almayıb: "Bu isə o deməkdir ki, ABŞ Rusiyanın təşəbbüsünə maraq göstərmir" deyən Peskov təklifin hələ Vladimir Putinin prezidentliyi dövründə irəli sürüldüyünü xatırladıb: "Bu cür təkliflər həm Qəbələ, həm də digər formatlarla bağlı irəli sürülüb, cavab isə hələ də yoxdur".
Dmitri Peskovun fikrincə, yeni ABŞ administrasiyasının münasibətlərin yenidən "yüklənməsi" barədə açıqlamaları raket hücumundan müdafiə probleminin müzakirəsini davam etdirməyə imkan verir: "Bu məsələdə irəliyə doğru çox ciddi addım gözləmək lazım deyil. ABŞ və Rusiya prezidentlərinin görüşü öz-özlüyündə pozitiv faktdır".
Amerikadakı mənbə Pentaqonun Azərbaycanı RƏM sisteminə qatmaqla bağlı geniş planı olduğunu qeyd edir. O bildirir ki, Pentaqonun bu planı Azərbaycan üçün çox əlverişli və cəlbedici olacaq. "Rusiya hazırda Qəbələ RLS-in icarəsi üçün ildə 7 milyon dollar vəsait ödəyir, bu barədə müəyyən müəmmaların olması başqa bir söhbətin mövzusudur. Bir də bu stansiyadan əldə olunan bir sıra məlumatları Azərbaycanla bölüşür. Amma ABŞ Azərbaycan üçün tamam fərqli təkliflər hazırlayır", - deyə mənbə bildirdi. Onun sözlərinə görə, Azərbaycan razılıq verəcəyi təqdirdə ABŞ bu stansiyanın icarəsi üçün 10 dəfə çox - ildə 70 milyon dollar vəsait ödəməyə hazırdır. Həmçinin Pentaqon bu stansiyanın fəaliyyətini təkmilləşdirmək, onunla yanaşı, bir neçə sayda radar stansiyası şəbəkəsi yaratmaq planına malikdir.
"Amerika bu stansiyanın Azərbaycanla birgə istifadə olunmasına da həvəslə razılaşar, təki bu prosesdə Rusiya olmasın", - deyə mənbə bildirdi.
Ekspertlərin fikrincə, 3 ildən sonra Azərbaycan Qəbələ RLS-in gələcək fəaliyyəti ilə bağlı olduqca çətin duruma düşəcək:
- birincisi, Rusiya icarə müddətinin daha 10 il müddətinə artırılmasını təkid edəcək. Azərbaycanın etirazlarına rəğmən Kreml icarə məbləğinin 5-10 dəfə artırılmasına da gedə bilər.
- ikincisi, ABŞ bu stansiyanın Rusiyaya icarəyə verilmə prosesinin dayandırılmasını istəyə bilər. ABŞ bunun üçün qeyd etdiyimiz cəlbedici təkliflərini irəli sürə bilər.
- üçüncüsü, Azərbaycanın qonşuları olan İran və Rusiya bu stansiyanın, ümumilikdə, heç kimə icarəyə verilməməsində təkid edə bilər. Rusiyanın arqumenti belə ola bilər ki, "mənim olmursa, heç kimə qismət olmasın".
"Doktrina" jurnalistlərin hərbi araşdırmalar mərkəzi hesab edir ki, Azərbaycan məsələ ilə bağlı mövqeyini indidən açıqlamalıdır. "Hiss edilir ki, rəsmi Bakı Qəbələ RLS-in gələcək taleyi ilə bağlı konkret qərara gələ bilmir. Ayrı-ayrı rəsmilərin bu mövzuda bir-birinə zidd açıqlamaları müəyyən şübhələr yaradır", - deyə bildirilir.
Bəs Qəbələ RLS-in gələcək taleyinin Azərbaycanın milli maraqlarını təmin edə biləcək perspektiv variantı nədən ibarətdir? "Ayna" qəzeti bununla bağlı ekspertlər arasında kiçik sorğu aparıb. Sorğu iştirakçıları hesab edirlər ki, Qəbələ RLS-in gələcək taleyi ilə bağlı 5 variant mövcuddur:
1. Stansiya indiki kimi Rusiyanın icarəsində qalır.
2. Stansiya Rusiyadan alınır və ABŞ-a verilir.
3. Stansiya Rusiya - ABŞ - Azərbaycanın birgə istifadəsinə verilir.
4. Stansiya daha genişləndirilmiş formatda istifadəyə verilir. Bu ölkələr arasında ABŞ, Rusiya və Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Böyük Britaniya və s.ola bilər.
5. Stansiya heç bir xarici ölkənin istifadəsinə verilmir. Bu stansiya Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının tabeliyinə verilir.
Ekspertlər hesab edir ki, Azərbaycanın milli maraqlarına cavab verən daha çox 4-cü və 5-ci variantlardır. Çünki birinci variant gerçəkləşərsə, Azərbaycanın Qərblə, NATO ilə, xüsusilə də ABŞ-la münasibətlərində problemlər yarana bilər və Azərbaycanın xarici siyasət vektoru aşkar şəkildə Rusiyaya istiqamətlənə bilər. Nəzərə almalıyıq ki, Rusiyada müəyyən qüvvələr Azərbaycanda rus hərbi bazasının yerləşdirilməsini istəyir. Birinci variantın gerçəkləşməsi onların maraqlarına cavab verir.
İkinci variant isə Azərbaycanın Rusiya ilə münasibətlərinə ciddi ziyan vura bilər. Bu variant gerçəkləşsə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər ucbatından Moskvanın Ermənistana hərbi yardımları gücləndirəcəyi ölkəmizin milli maraqlarına cavab verməyəcək. ABŞ-ın birmənalı şəkildə Azərbaycanı Rusiyadan tam müdafiə edəcəyini düşünmək sadəlövhlük olardı. Ən azı ona görə ki, belə olacağı təqdirdə Azərbaycan, sadəcə, beynəlxalq güclərin döyüş poliqonuna çevrilə bilər.
Əgər Azərbaycan balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini bəyan edirsə, onda, sözsüz ki, üçüncü variant ona sərf etməyəcək. Ən azı ona görə ki, Azərbaycan daim Rusiya və ABŞ arasında çəkişmə zonasına çevrilə bilər. Qəbələ RLS-in icarəsinə daha çox ölkələri cəlb etməklə Azərbaycan öz xarici siyasətini çoxvektorlu istiqamətlər üzrə qurmağa maraqlı olduğunu nümayiş etdirər. Bundan ölkənin hərbi sektoru böyük qazanc götürər.
Ümumilikdə, ekspertlər hesab edir ki, ümumiyyətlə, indiki məqamda Azərbaycanın Qəbələ RLS-in beynəlxalq istifadəyə verməsini dayandırması onun milli maraqlarına cavab verən addımlardan biri olardı. Ola bilər ki, 2012-ci ildən sonra Azərbaycan bu stansiyanın beynəlxalq icarəsini dayandırsın və stansiyanı özünün milli Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının tabeçiliyinə qaytarsın. Bu zaman Azərbaycan sözügedən stansiyanın modernləşdirilməsi istiqamətdə Rusiyadan, ABŞ-dan, Türkiyədən, Almaniyadan yardımlar, qarşılıqlı dəstək istəyə bilər. Bu variant ona müəyyən məsələlərdə dividend gətirə bilər.
|
|
|
|
|
|
|