Prezident İlham Əliyev Azərbaycanda ikigünlük rəsmi səfərdə olan Polşa prezidenti Lex Kaçinskini "Zuğulba" iqamətgahında qəbul edib (Turan). Sonra İlham Əliyev və Lex Kaçinski geniş tərkibdə görüş keçiriblər. Kaçinski öz çıxışında enerji sahəsindəki əməkdaşlığın rolunu və əhəmiyyətini qeyd edib.
Sonra dövlət başçıları "Azərbaycan Respublikası və Polşa Respublikası prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi"ni imzalayıblar.
Dövlət Neft Şirkəti ilə Polşanın "Grupa Lotos" SC arasında niyyət Protokolu"nu Rövnəq Abdullayev və "Grupa Lotos" SC İH sədri Pavel Olexnoviç imzalayıblar.
"Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün əməkdaşlıq cədvəli"ni Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev və Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri, dövlət katibi Aleksandr Şçıqlo imzalayıblar.
Sonra Polşa prezidenti Lex Kaçinski Polşa və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Sonda dövlət başçıları mətbuat üçün bəyanatla çıxış ediblər. İlham Əliyev iki ölkə arasında münasibətlərin son illər ərzində ən yüksək səviyyəyə qalxdığını qeyd edib. O, enerji sahəsində əməkdaşlığın, xüsusən Azərbaycandan Polşaya neft və qaz ixracının ikitərəfli əlaqələrdə xüsusi yerini qeyd edib. "Odessa-Brodı-Qdansk neft kəmərinin texniki-iqtisadi əsaslandırılması hazırlanıb və bu da çox önəmli hadisədir", - deyə Əliyev qeyd edib.
Xəzər dənizi - Qara dəniz - Baltik dənizi bölgəsinin əməkdaşlığı həm energetikanı, həm siyasi əlaqələri, nəqliyyat, humanitar məsələlərin həllini, ümumiyyətlə, çox məsələləri ehtiva edir. Polşa-Azərbaycan ikitərəfli münasibətləri bu məsələlərin həlli üçün çox böyük əhəmiyyətə malikdir, - deyə o əlavə edib.
"Bu yaxınlarda "Şərq tərəfdaşlığı" proqramının başlanması, hesab edirəm, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması deməkdir və biz buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəmizi verməyə hazırıq. Digər məsələlərlə əlaqədar Avropa Birliyi ilə Azərbaycan arasında qarşılıqlı hörmət əsasında gözəl münasibətlər qurulub", - deyə qeyd edən Əliyev Kaçinskiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Öz növbəsində, Polşa prezidenti qeyd edib ki, bu onun Bakıya beşinci səfəridir. Polşada, bütün Avropa Birliyində, o cümlədən AB üzvü olmayan dövlətlərdə də bir çox şəxslər, bir çox dairələr anlayırlar ki, burada, məhz bu məkanda ən vacib açarlar vardır. Nəinki Polşanın, bütün Avropa Birliyinin uğurunun açarı buradadır. "Bu bizim enerji müstəqilliyimizdir", - deyə Kaçinski qeyd edib.
Qarabağ münaqişəsindən danışan Polşa rəhbəri ərazi bütövlüyü prinsipinin pozulmasının, xüsusən də güc yolu ilə pozulmasının yolverilməz olduğunu qeyd edib. "Azlıqların hüquqlarına da hörmətlə yanaşılmalıdır, amma bu, ərazi bütövlüyü çərçivəsində baş verməlidir", - deyə o əlavə edib.
Dünən isə L.Kaçinski iyulun 3-də baş nazir Artur Rasizadə ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə siyasi sahədə Azərbaycan-Polşa əlaqələrinin dinamik inkişafı xüsusi vurğulanıb, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Polşa prezidenti Azərbaycan Milli Məclisində də olub, spiker Oqtay Əsədovla görüşüb. O. Əsədov iki ölkə arasında əlaqələrin qədim tarixindən danışıb, müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərin yeni müstəvidə inkişaf etdiyini bildirib. Spiker deyib ki, münasibətlərin belə yüksək səviyyəyə çatmasında dövlət başçılarının müstəsna xidmətləri var.
Polşa-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən qonaq iki dost ölkə arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.
İyulun 2-dən Azərbaycanda səfərdə olan Lex Kaçinskinin rəsmi səfəri dünən başa çatıb.
|