Dünən Media Mərkəzində bir sıra partiyalar və ictimai qurumlar Qarabağ problemi ilə bağlı 9-cu Qarabağ forumu keçirib (Turan). Məqsəd Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü öncəsi problemlə bağlı durumu cəmiyyətin nəzərinə çatdırmaq olub.
Tədbirdə cəmiyyətin Qarabağ probleminə passiv münasibəti, onun həlli üçün ortaya güc qoymağa qadir qüvvə olmaması, əksinə, Ermənistanın problemi öz xeyrinə həll etməsi üçün addım-addım irəlilədiyi vurğulanıb. Məsələn, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib: "Azərbaycanda problemin həlli ilə bağlı aydın konsepsiya, təsəvvür yoxdur, hakimiyyət bu sahədə dayanıqsız, sistemsiz siyasət yürüdür".
Qarabağla bağlı müzakirələrin tez-tez gündəmə gəlməsi alqışlanır, bu məsələdə milli maraqlara cavab verməyən hakimiyyətin deyil, cəmiyyətin "nə etməli" sualına cavab verməsinin önəmli olduğu qeyd edilir. "Məsələ 5 rayonun və s. qaytarılması kimi yarımçıq həll oluna bilməz, bütün ərazi işğaldan azad edilməlidir və Azərbaycan Qarabağla bağlı referendum məsələsini müzakirədən çıxarmalıdır", - bu fikri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı səsləndirmişdir. Millət vəkili Pənah Hüseyn isə demişdir: "Bu ordu ilə də qalib gəlmək olar, yetər ki, ali baş komandan vəzifəsini yerinə yetirsin və ya niyə yerinə yetirmədiyini izah etsin".
Forum iştirakçıları hərbi yoldan əlavə, məsələnin siyasi yolla həllini də arxa plana keçirməməyi vurğulayıblar, "xalq diplomatiyası"nın imkanlarından istifadə ayrıca qeyd edilib.
Forumun yekun bəyanatında danışıqların cəmiyyətə açıqlanması, 17 il ərzində ATƏT vasitəsilə aparılan bu danışıqların nəticəsiz qalması, bəzi dövlətlərin bu problemdən istifadə edərək nüfuz savaşı aparması vurğulanır. Bəyanat müəllifləri problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini məqbul saydıqlarını bildirərək ölkə rəhbərliyini bu yöndə əməli addımlar atmağa çağırıblar.
Növbəti Forumu Ermənistan və Azərbaycan dövlət başçılarının gözlənilən Moskva görüşündən sonra keçirmək qərara alınıb.
Bu gün xalqın Qarabağ probleminə biganə münasibətinə gəldikdə, analitiklər hesab edirlər ki, xalqın ümummilli problemlərə biganə münasibəti tədricən, şuurlu şəkildə aparılmış daxili siyasətin nəticəsidir. Şərhçilərə görə, vətəndaş ilk olaraq adi məişət səviyyəsində gücsüz olduğunu duyur, ölkədə qanunların şah deyil, məmurların və onlara bağlı varlıların şah olduğunu görür. Bu prosesin kulminasiya nöqtəsi isə seçkilərdir. İnsanlar antidemokratik keçirilən seçkilərdə seçim haqlarının təmin olunmadığını, bu haqqa yiyələnmək üçün göstərdiyi cəhdlərin zorakılığa tuş gəlməsini görüb hər şeyə biganələşir. Amma xalq nə qədər biganələşdirilsə də, sevinmək, dəliqanlılıq etmək, şənlənmək, əylənmək, ən nəhayət, dövlət himnimizdə göstərildiyi kimi namusunu hifz etmək instinktini qoruyub saxlayır. Bu səbəbdən də analitiklər hazırda mənasız şoulara baxıb "sms" müharibəsində xeyli pul xərcləyən azərbaycanlıların məqamı yetişəndə torpaq uğrunda qan tökəcəklərinə əmindirlər.
|