![]() |
çap et |
|
|||
Bu onların başlıca bayramı sayılır, belə ki, 1944-cü il iyulun 3-də Belarusun paytaxtı Minsk şəhəri faşist işğalçılarından azad edilib. Ölkə 1991-ci ildən 27 iyul tarixini - İstiqlal Bəyannaməsinin qəbul edildiyi günü müstəqillik günü kimi qeyd edirdi. 1996-cı ildə isə referendum keçirərək 3 iyul tarixini daha doğru tarix olaraq ümummilli bayram seçdilər. Hər il 3 iyul ölkədə böyük təntənə ilə qeyd olunur və hərbi parad keçirilir.
Bayramla bağlı Belarusun Azərbaycan səfirliyi də rəsmi qəbul təşkil etmişdi və ertəsi gün səfir Paskeviç Nikolay Yermolayeviç "Novosti-Azərbaycan" agentliyində media mənsubları qarşısına çıxaraq ölkəsi və xalqı barədə danışır, suallara cavab verirdi. Paskeviç qeyd etdi ki, müharibə belarus xalqının mentalitetində dərin izlər buraxıb. Hitlerin planında belaruslar məhv edilməli millətlər sırasında idi, yalnız az bir qismi işçi qüvvəsi kimi saxlanacaqdı. Bu müharibədə hər 3 belarusdan biri itirilib. 240 şəhər, 9 minə yaxın kənd məhv edilmiş, dağıdılmışdı. Minsk şəhərinin 90 faizi dağıdılıb xaraba qoyulmuş, yalnız 5 bina salamat qalmışdı. Amma belaruslar faşizmə boyun əymədilər. Partizan dəstələrində 350 minə yaxın adam çarpışırdı, onlar Belarus ərazisində almanların 500 minlik canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını məhv etmişdilər. Partizan birlikləri düşmən arxasında təsərrüfat qaydaya salmışdı, xəstəxanalar, məktəblər, poçt işləyirdi, ölkənin 60 faizə yaxını partizan qüvvələrinin nəzarətində idi. Azadlıqdan sonra ta 70-ci illərədək ölkə müharibənin yaralarını sağaltmaqla məşğul oldu və bu işdə azərbaycanlıların da yardımlarını hər zaman görüblər. Səfir məmnuniyyətlə söylədi ki, Belarusun faşistlərdən azad edilməsində azərbaycanlılar da yaxından iştirak etmişdir, bu gün ölkənizdə bu savaşın iştirakçısı olmuş 300-ə yaxın veteran var və onların hər biri prezident Lukaşenkonun fərmanı ilə 65 illik yubiley medalı ilə təltif olunublar. Səfir rayonları gəzərək yubiley medallarını veteranlara təqdim edib və onlara uzun ömür arzulayıb. Əlavə etdi ki, ola bilər kimlərsə kənarda qalıb, əgər belə insanlar yenə varsa, yerli hərbi komissarlıqlara müraciət edə bilərlər. Paskeviç razılıqla söylədi ki, Azərbaycanda ictimaiyyət Belarus barədə indi daha çox məlumatlıdır, dünya maliyyə böhranına baxmayaraq iki ölkə arasında ticarət dövriyyəsi dinamik surətdə artmaqdadır. Səfir xatırlatdı ki, müharibədən sonra Belarus BMT-nin üzvü idi və hələ o zaman beynəlxalq hüququn subyekti olaraq dünyada sülhün bərqərar olmasına öz töhfələrini vermişdi. Son illərdə Belarusa qarşı aparılan informasiya savaşını, bu ölkənin "izqoy", "Avropanın mərkəzində diktaturanın sonuncu qalası" və s. ünvanları nəzərdə tutaraq Paskeviç söylədi ki, belaruslar siyasiləşməmiş millətdir, biz sübut edə bildik ki, Belarusun inkişaf modeli Belarus şəraitində ən optimal idi. Səfir qeyd etməyi lazım bildi ki, Lukaşenko hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirib, yəni "şok terapiyası"nı rədd etdi, iqtisadi potensialı dağılmağa qoymadı, istehsal sahələrini dayandırmaq üçün özəlləşdirilmə yolunu tutmadı. Sosial nailiyyətləri qoruyub saxlamaq xəttini yeritdi və Belarusu sosialyönümlü bir ölkəyə çevirdi. Bizim "nizam və sabitlik" yolumuzun doğruluğunu indi Avropa liderləri də etiraf edirlər. Son həftələrin "süd savaşı"nı nəzərdə tutan səfir bildirdi ki, Rusiya ilə münasibətləri sivil şəkildə quracaqlar, Belarus "birgə dövlət" ideyasından geri çəkilmir, fəqət öz suverenliyini və milli maraqlarını əldə əsas tutacaqdır. Paskeviç dedi: "Suverenliyimizə hər hansı qəsdin perspektivi yoxdur". O söylədi ki, Belarusun öz xammal resursları çox olmadığından elmin inkişafına xüsusi diqqət yetirir. Səfir bu sıradan radiasiya təbabəti sahəsində əldə etdikləri nailiyyətləri misal çəkdi. Bunun nəticəsi olaraq Belarus uşaq ölümlərinin faizinə görə dünyada orta yerlərdən birini tutur. İnsan inkişafı parametri üzrə isə dünyada 64-cü yerdədir. Çernobıl Ukrayna ərazisində yerləşsə də, onun vurduğu zərərin 70 faizi Belarusun payına düşüb. Bununla belə, ölkə yeni AES-lər qurmaq niyyətindədir. Səfir əmin etdi ki, bunlar dünyada ən təhlükəsiz AES-lər olacaq. Səfir Belarus iqtisadiyyatının ayrı-ayrı parametrlər üzrə uğurlarından, açılan yeni istehsal sahələrindən və Azərbaycanla, Türkiyə ilə qurulan qarşılıqlı faydalı iqtisadi əlaqələrdən danışdı. Belarus bu gün Azərbaycanda yetişdirilən meyvə-tərəvəzlə maraqlanır. Belarus traktorları Gəncədə yığılır və bu traktorların Türkiyədə yığılaraq satışı barədə isə danışıqlar yekunlaşmaq üzrədir, - deyə səfir məlumat verdi. |