çap et  
"Azəriqaz"da dəyişikliklər aparılacaq
"Azəriqaz"da dəyişikliklər aparılacaq
Türkiyəyə satılan qazın qiyməti bu ölkənin daxili bazar qiymətinə uyğunlaşdırılacaq
Şənbə, 04.07.2009

C.Məzahiroğlu

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibinə daxil edilmiş "Azəriqaz" QSC-nin strukturunda və idarəetmə sistemində dəyişikliklər aparılması planlaşdırılır. "APA-Ekonomiks"in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirir.

"Prezidentin fərmanına uyğun olaraq bir ay ərzində yeni struktur hazırlanacaq. Paralellik aradan götürüləcək və idarəetmədə yeniliklər ediləcək", - deyə Rövnəq Abdullayev vurğulayıb.

ARDNŞ prezidentinin sözlərinə görə, "Azəriqaz" işlək struktur olduğundan sistem və işçiləri saxlanılacaq.

Rövnəq Abdullayev ARDNŞ-in Azərbaycanın qaz təsərrüfatında təchizat və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər həyata keçirəcəyini də söyləmişdir: "Qaz sistemində keyfiyyəti yüksəltməyə "Azəriqaz"ın imkanları olmayıb. Çalışacağıq ki, yeni proqramla rayon və kəndləri maksimum qazlaşdıraq və dünyada maksimum qazlaşma Azərbaycanda olsun".

ARDNŞ prezidenti yığım səviyyəsinin artacağına ümid edir: "Biz qapı-qapı düşüb pul yığmayacağıq. Elə bir şərait, elə bir xidmət göstərəcəyik ki, əhali gətirib qazın pulunu özü vaxtında ödəsin".

Rövnəq Abdullayevin sözlərinə görə, ARDNŞ "Azəriqaz"a qazı subsidiya ilə verib. Belə ki, şirkət "Şahdəniz"dən qazın hər 1000 kubmetrini 58 manata aldığı halda "Azəriqaz"a 42 manata satıb.

Əhaliyə satılan qazın qiymətinin artırılmasına gəlincə, Rövnəq Abdullayev bu artımın əsaslandırıldığını qeyd edib. ARDNŞ prezidenti bildirib ki, xərclər azaldılarsa, əhaliyə satılan qazın qiymətinə yenidən baxılması mümkündür.

"Azərenerji"yə satılan qazın qiyməti elektrik enerjisinin qiymətinə təsir etdiyindən buna gələcəkdə baxıla bilər.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə iyulun 1-dən əhali istehlakçı qrupuna satılan qazın hər 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100,0 manata qaldırılıb.

Rövnəq Abdullayev eyni zamanda bildirib ki, Transxəzər neft boru kəmərinin inşa layihəsinin icrası ilə bağlı ARDNŞ Qazaxıstanın "KazMunayQaz" Milli Neft-Qaz Şirkəti ilə birgə müəssisə yaradacaq. Rövnəq Abdullayevin sözlərinə görə, artıq birgə müəssisənin yaradılması ilə bağlı qərar qəbul olunub: "Birgə müəssisə çərçivəsində investisiya yatırımı məsələlərinə, texniki iqtisadi əsaslandırma layihəsinin hazırlığına başlayacağıq".

Qeyd edək ki, "KazMunayQaz" Milli Şirkəti" ASC-nin prezidenti Kayırgəldi Kabıldin bir müddət əvvəl APA-ya açıqlamasında Transxəzər layihəsinin texniki iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanma işinin 2009-cu ilin ikinci yarısına planlaşdırıldığını bildirmişdi.

Xatırladaq ki, ARDNŞ ilə "KazMunayQaz" arasında Transxəzər layihəsinin reallaşdırılmasının əsas prinsipləri haqqında saziş 2008-ci il noyabrın 14-də Bakıda imzalanıb. Layihənin ümumi dəyəri 3 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir ki, Azərbaycan və Qazaxıstan bu vəsaiti kredit şəklində cəlb edəcək.

İmzalanmış sənəd Transxəzər layihəsinin birgə reallaşdırılmasının əsas şərt və prinsiplərini, "Kazmunayqaz" və ARDNŞ tərəfindən layihə üzrə birgə şirkətin yaradılmasını, yaradılan güclərin maliyyələşdirilməsini, tariflərin təyin edilməsini, istifadə şərtlərini və Transxəzər sisteminin mərhələli inkişafını müəyyən edir.

Transxəzər sisteminin ilkin mərhələdə sutkada 500 min barrel (ildə 23 mln. ton), daha sonra isə gücləri artıraraq sutkada 0,75-1,2 mln. barrel (ildə 35-56 mln. ton) həcmində neft nəqlini təmin edəcəyi planlaşdırılır. Hazırda Bakı-Tiflis - Ceyhan boru kəmərinin illik nəqletmə gücü 50 mln. ton təşkil edir.

Yeri gəlmişkən, Azərbaycan Türkiyəyə satılan qazın qiymətini həmin ölkənin daxili bazarındakı qiymətlərə uyğunlaşdırmaq niyyətindədir. Bunu isə ARDNŞ-in sərmayələr idarəsinin müdiri Vaqif Əliyev bildirib.

"Türkiyə bazarındakı mövcud qiymətlər Avropa bazarına uyğundur və biz də çalışırıq alğı-satqı qiyməti həmin səviyyədə olsun. Müəyyən faktorlar nəzərə alınmaqla qiymətlər yuxarı və ya aşağı ola bilər", - deyə Vaqif Əliyev vurğulayıb.

Türkiyə Azərbaycandan təbii qazın 1000 kubmetrini 120 ABŞ dollarına alıb. Aprel ayından etibarən təbii qazın yeni alğı-satqı qiymətinin müəyyənləşdirilməsi, eləcə də "Şahdəniz" layihəsinin ikinci fazası çərçivəsində Türkiyəyə nəql olunacaq qazın həcmi ilə bağlı danışıqlar başlanıb. ARDNŞ rəsmisinin sözlərinə görə, Rusiyanın "Qazprom" şirkəti ilə qaz anlaşması biznes müqaviləsidir və bu, Azərbaycanın üçüncü tərəflə apardığı müzakirələrə təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz.

Vaqif Əliyev Azərbaycanın Rusiyaya satacağı qazın həcminin və qiymətinin rəsmi Bakını qane edən formula əsasında müəyyənləşdirildiyini bildirib. Bazarda qiymət dəyişilərsə, formula uyğun olaraq qiymət dəyişdirilə bilər.

Qeyd edək ki, iyunun 29-da imzalanmış müqaviləyə əsasən, ARDNŞ Rusiyanın "Qazprom" şirkətinə hər il minimum 500 mln. kubmetr qaz satacaq. Gələn il yanvarın 1-dən qüvvəyə minən müqavilənin müddəti 5 ildir. Rusiya mətbuatı ARDNŞ və "Qazprom" arasında qazın 1000 kubmetrinin 350 ABŞ dollarına satışına dair razılaşma əldə olunduğunu yazıb.