Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
Qarabağdan İrəvana gedən heyət dünən axşamdan Bakıdadır. Erməni qaynaqları bu səfəri "məğlub ölkənin vəkillərinin təslim aktını imzalamaq üçün əl-ayağa düşmələri" kimi təqdim edir
Şənbə, 04.07.2009

mətn ölçüsü  

Azərbaycanın və Ermənistanın Rusiya səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan Ermənistanın işğalında olan Dağlıq Qarabağa səfər ediblər. APA-nın "PanArmenian"a istinadən verdiyi məlumata görə, onları Rusiya Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdko müşayiət edir.

Dünən Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanla və jurnalistlərlə görüşüblər. Ermənistanın "tert.am" agentliyi isə xəbər verir ki, Xankəndinə gedən Azərbaycan heyəti 6 nəfərdən ibarətdir. Lakin agentlik onlardan yalnız Azərbaycan parlamentinin deputatları Asim Mollazadə, Rövşən Rzayev və Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kəriminin adını qeyd edib.

Bako Saakyan görüşdə "xalq diplomatiyası"nın təşəbbüsünü alqışladığını bildirib. Öz növbəsində Polad Bülbüloğlu bu görüşün prezidentlər arasında gedən danışıqları əvəzləmək məqsədi güdmədiyini, sadəcə, xalqların yaxınlaşmasına yönəldiyini deyib. O, Azərbaycan və erməni xalqlarının uzun illər boyu çiyin-çiyinə yaşadığını vurğulayıb.

Separatçı rejimin rəhbəri ilə görüşdən sonra Polad Bülbüloğlu bildirib ki, onlar Bako Saakyanla ictimaiyyətin nümayəndəsi kimi görüşüblər. "Nə azərbaycanlılar, nə də ermənilər kosmosa gedəsidir. Onlar çiyin-çiyinə yaşayacaqlar". Bu sözləri Polad Bülbüloğlu deyib. Səfir bildirib ki, bu, ictimaiyyət nümayəndələri ilə görüşdür, "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" ilə yox: "İki il əvvəlki səfərdən fərqli olaraq, bu dəfə çox ciddi müzakirələr oldu. Fikirlər səsləndi ki, iki xalq arasında onları birləşdirən humanitar təşəbbüslər həyata keçirmək lazımdır. Necə ola bilir ki, azərbaycanlılar və ermənilər Moskvada bir yerdə yaşayırlar, burda yox?.."

Bülbüloğlu Dağlıq Qarabağda isti qarşılandığını, burada özünü təhlükəsiz hiss etdiyini bildirib: "Əminəm ki, bir neçə ildən sonra hər şey qaydasına düşəcək və biz bir yerdə rahat yaşayacağıq".

Bako Saakyanla görüşdən sonra P. Bülbüloğlu səfərdə iştirak edən Ermənistanın Rusiya səfiri Armen Smbatyan, Rusiya Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdko, Azərbaycan parlamentinin deputatları Asim Mollazadə, Rövşən Rzayev, konservatoriyanın rektoru Siyavuş Kərimi və digərləri ilə birlikdə Şuşaya yollanıb. Onlar şəhəri gəzib, yerli sakinlərlə görüşüblər. Bunun ardınca heyət Ermənistana yola düşüb.

Ermənistan və Azərbaycan xalqlarının vahid Cənubi Qafqaz yaratmaq üçün böyük potensialı var.

REKLAM

Bunu isə Xankəndində jurnalistlərə Milli Məclisin deputatı Asim Mollazadə bildirib.O deyib:

"Mənim burada olmağım ondan xəbər verir ki, təkcə Azərbaycan hakimiyyəti deyil, həm də müxalifət regionda sülh olmasında maraqlıdır. Pis sülh həmişə yaxşı mübahisədən daha yaxşıdır" (Turan).

Mollazadə sözlərinə əlavə edib: "Dağıdılmış evləri təzədən tikmək, bombalanmış yolları bərpa etmək həmişə mümkündür, amma heç kim insanların həyatını qaytarmaq iqtidarında deyil".

Öz növbəsində Polad Bülbüloğlu deyib ki, müəyyən vaxtdan sonra ermənilər və azərbaycanlılar arasında münasibətlər yoluna düşəcək.

"Təəssüf ki, bu gün hər iki tərəfdən jurnalistlər düşmən obrazı yaratmaqla günaha batırlar - bu, çox zərərlidir. Bu gün insanları yaxşı qonşuluq şəraitində yaşamaq, bir-birinə kömək əli uzatmaq zərurətinə inandırmaq lazımdır. Gələn il Faşizm üzərində qələbənin 65 ili tamam olur, bu müharibədə ermənilər və azərbaycanlılar çiyin-çiyinə ümumi düşmənə qarşı döyüşüblər", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, hər iki xalq dərk etməlidir ki, nə vaxtsa birlikdə nə isə ediblərsə, bu gün də bunu edə bilərlər.

Snayperlər barədə erməni jurnalistlərin sualına cavab verən səfir qeyd edib ki, snayperləri hər iki tərəfdən geri çəkmək lazımdır.

Heyət Yerevanda prezident Serj Sarkisyan tərəfindən qəbul edilib. Görüş başa çatdıqdan sonra Şvıdko jurnalistlərə bildirib ki, "onlar Ermənistan və Azərbaycan xalqlarına bu dövlətlər arasında münasibətlərdə nə baş verdiyini dərk etməyə kömək etmək üçün yığışıblar".

"Biz prezidentlərimizin apardığı hərbi və siyasi danışıqlara müdaxilə edə bilmərik. Bizim üçün insanların birgə yaşamaq və hörmətdən başqa çıxış yolu olmadığını hiss etməsi üçün əlimizdən gələni etmək çox vacibdir", - deyə Şvıdko qeyd edib.

O deyib ki, Ermənistan-Azərbaycan münasibətlərində bir çox psixoloji problemlər mövcuddur: "Ermənilər və azərbaycanlılar bir-birlərinə etibar etmirlər, onların münasibətləri çox gərgindir, amma mədəniyyət xadimləri bu xalqlar arasında atmosferi dəyişmək üçün hər şey edə bilərlər".

S.Sarkisyanla görüşdən sonra keçirilən brifinqdə çıxış edən P.Bülbüloğlu söhbətin çox konstruktiv keçdiyini deyib.

Armen Smbatyan isə qonşuluq institutunu heç kimin ləğv etmədiyini söyləyib: "Biz biz-birimizi sevə və ya sevməyə bilərik, amma münasibətləri yoluna qoymağa məcburuq. Mədəniyyət sahəsinin adamları, hər iki cəmiyyətin nümayəndələri etimad mühitinin yaradılmasında böyük rol oynaya bilər".

Hər üç şəxs qeyd edib ki, onların missiyası mədəni və sülhməramlı xarakter daşıyır və siyasi-hərbi danışıqlara aidiyyəti yoxdur.

Dağlıq Qarabağa və Ermənistana səfər dünən axşam saatlarında başa çatıb. APA-nın "PanArmenian"a istinadən verdiyi məlumata görə, onlar İrəvandan Bakıya yola düşüblər. Səfirləri bu dəfə kimin müşayiət etdiyi məlum deyil. Dünən axşam saat 20:00 radələrində heyət Bakıya çatıb.

"Dağlıq Qarabağa və Ermənistana bu səfərə münasibətim normaldır". Bunu APA-ya açıqlamasında Şuşa rayon İH başçısı, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib. Bayram Səfərov deyib ki, səfərin detalları haqda onda ətraflı məlumat yoxdur.

Bayram Səfərov Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyanın başçılığı altında Bakıya səfəri nəzərdə tutulan Ermənistan heyətinin onunla görüşüb-görüşməyəcəyi barədə məlumatsız olduğunu söyləyib.

Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın RF-də səfiri Polad Bülbüloğlunun Ermənistanın işğalı altında olan ərazilərə getməsi əleyhinə bəyanat yayıb.

Müəlliflər bu səfərilə Bülbüloğlunun Rusiyanın sifarişini yerinə yetirdiyini, Rusiyanın isə belə səfərləri təşkil etməklə Qarabağ münaqişəsinin onun nəzarəti altında olduğunu nümayiş etdirdiyini hesab edir. Bəyanatda deyilir: "Rusiya Azərbaycanın ziyalılarından və diplomatlarından bu prosesdə oyuncaq kimi istifadə edir və azərbaycanlı diplomat və ziyalılar özlərindən belə istifadə edilməsinə şərait yaradırlar".

Sənəddə daha sonra deyilir: "Rəsmi Bakı bu proseslərə müqavimət göstərməməklə milli maraqlara xəyanət edir və bizlər bu prosesi durdurmaq və cəmiyyətin bütün siyasi və ictimai qüvvələri ilə birgə hərəkət etmək üçün danışıqlar apararaq, etiraz aksiyalarına başlayacağıq".

Bako Saakyana məxsus "rresident.nkr.am" saytda səfirlərin təşəbüsü ilə baş tutmuş görüş barədə məlumat yayılıb, habelə həmin görüşü əks etdirən fotoşəkil də sərgilənir. İki il bundan öncə Qarabağa səfər edərək separatçıların bayrağı və gerbləri altında oturub görüş keçirmiş Polad Bülbüloğlu həmin vaxt bu rəmzləri görmədiklərini demişdi. Hər halda onun bu dəfə nə deyəcəyi maraqlıdır. Amma bu səfərdə digər bir məqam həmin saytda dərc yerləşdirilmiş məlumatın mahiyyəti ilə bağlıdır. Məlumatda xüsusilə vurğulanır ki, Bako Saakyan qondarma rejimin danışıqlarda tamhüquqlu tərəf kimi iştirak etməsinin vacibliyindən danışıb. Eyni zamanda ermənilər bu səfəri məğlub ölkənin vəkillərinin təslim aktını imzalamaq üçün əl-ayağa düşmələri kimi təqdim edirlər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qarabağla bağlı forum keçirilib

Bölmənin digər xəbərləri
 
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Hərbi Analitik Tədqiqatlar Mərkəzi iyun ayına dair hesabatını açıqladı: "Rusiya Qafqazdan uzaqlaşdırılmalıdır"

"Azəriqaz"da dəyişikliklər aparılacaq
Türkiyəyə satılan qazın qiyməti bu ölkənin daxili bazar qiymətinə uyğunlaşdırılacaq

Belarus traktorları və bizim meyvə-tərəvəz
Səfir Paskeviç söylədi ki, dünya böhranına baxmayaraq ölkələrimiz arasında mal dövriyyəsi azalmayıb

Qarabağla bağlı forum keçirilib
Müzakirədə isə xalqın problemlərə biganəliyi olub

Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb
"Zuğulba" iqamətgahında qəbul edilən Polşa prezidenti Azərbaycana etdiyi beşinci səfərdən də razı qalıb

ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir
Pentaqonda xüsusi ssenarilər işləməyə başlayıb, Azərbaycan 2012-ci ilə hazırlaşır

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"
Rəsmi Bakı Batumidə Baş Konsulluq açmaq barədə düşünür

Bako Saakyan Azərbaycan snayperlərindən narazıdır
MN onun sözlərini "qeyri-ciddi" adlandırır

Bako Saakyan Azərbaycan sneyperlərindən narazıdır
MN onun sözlərini "qeyri-ciddi" adlanıdırır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər