çap et  
Bacı-qardaşın məhkəməsi başa çatdı
Bacı-qardaşın məhkəməsi başa çatdı
600 manat borcdan yaxa qurtaran Gəncə sakinləri uzun illər həbsxana həyatı yaşamalı olacaqlar
Şənbə, 04.07.2009

H.Zeynalov

Qətl törətməkdə təqsirli bilinən Gəncə şəhər sakinləri - Adil Əliyev və onun bacısı Gülgəz Əliyevanın məhkəməsi başa çatıb. İttihama görə, ötən il oktyabr 21-də baş vermiş qətl hadisəsinin üstü dekabrın 26-da açılıb. İşə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Ələkbər Quliyevin sədrliyi ilə baxılırdı.

Hələ ötən il noyabrın 18-də Gəncə Humanitar Kolleci yataqxanasının yaxınlığındakı "Xan arxı" su kanalından şəxsiyyəti məlum olmayan qadın meyidi aşkar edilmişdi. Şəhər prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində meyidin Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Cavadova Qənirə Mövsüm qızı olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılıb və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənlər müəyyənləşdirilərək istintaqa cəlb edilib. Məlum olub ki, qətli 1980-cı il təvəllüdlü Gəncə sakini Gülgəz Əliyeva və qardaşı, 1987-ci il təvəllüdlü Adil Əliyev törədib.

Məhkəmədə ifadə verən Gülgəz Əliyeva ötən ilin avqustunda Qənirə Cavadovadan 600 dollar borc alıb. Onun sözlərinə görə, Qənirə Cavadova dəfələrlə həmin borcu geri istəsə də, verməyib. Onun sözlərinə görə, borcu ödəməkdən yaxa qurtarmaq üçün qardaşı Adil Əliyevlə birlikdə Qənirə Cavadovanı qətlə yetirmək qərarına gəliblər. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, bu məqsədlə Gülgəz Əliyeva oktyabrın 21-də Qənirəni Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, 4 saylı ünvandakı atasına məxsus evə çağırıb. O bildirib ki, Adil Əliyev qadının ağız-burnunu örtməklə nəfəs yolunu qapayaraq boğub, Gülgəz Əliyeva isə bu işdə qardaşına kömək edib.

Gülgəz Əliyevanın ifadəsinə görə, sonra qadının üzərində olan 1 mobil telefonu, bir cüt qızıl sırğa və 3 üzüyü və yaşadığı evin açarlarını götürüb gecə saat 24 radələrində izi itirmək məqsədilə meyidi əl arabası ilə "Xan arxı"na atıblar. Onun sözlərinə görə, ötən il dekabrın 26-da qardaşı ilə birlikdə şübhəli bilinərək saxlanıblar. Digər təqsirləndirilən şəxs də eyni məzmunlu ifadə verib.

Məhkəmənin hökmü ilə Adil Əliyev 15, Gülgəz Əliyeva isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.