![]() |
çap et |
|
|||
Tarif Şurası "Azəriqaz" QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətini artırmasına müsbət cavab verib. Beləliklə, təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəmədiyi nəzərə alınaraq hər 1000 kubmetr təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib. Tarif Şurası əhaliyə satılan qazı iki dəfədən çox bahalaşdırdı, hər 1000 kubmetr təbii qazın qiyməti 47 manat 20 qəpikdən 100 manata qaldırıldı.
"Azəriqaz" iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Tofiq Allahverdiyevin sözlərinə görə, xərclər gəlirləri üstələdiyinə görə cəmiyyət Tarif Şurasına qiymətləri artırmaq təklifi verib. Onun söylədiklərindən məlum oldu ki, Dövlət Neft Şirkəti 1000 kubmetr təbii qazı "Azəriqaz"a 42 manata satır. 15-20 manat isə onun istismar xərcləridir: "Bunları hesablayanda təbii qazın maya dəyəri 57 manat təşkil edir. Onu 42 manata satmaq iqtisadiyyat üçün anormaldır. Bundan başqa, yetərincə inkişaf etmək, Azərbaycanın qazlaşdırılması ilə bağlı dövlət proqramını yerinə yetirmək mümkün deyildi". Tofiq Allahverdiyev deyir ki, qazın satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmalı, iqtisadi cəhətdən səmərəli həddə gətirilməlidir: "Qiymət həm maya dəyərini ödəməli, həm də o sahəyə ayrılan xərcləri geri qaytarmalıdır. Hər bir xidmət göstərən qurum kimi "Azəriqaz" da fəaliyyətinin normal inkişaf üçün mənfəətli olmasını istəyir. Qiymət artımında əsas amil budur. Əvvəllər cəmiyyətin əldə etdiyi gəlir xərcləri nisbətən ödəyirdi. Lakin son vaxtlar yanacaq-sürtkü materiallarının qiymətinin artması "Azəriqaz"ın xərclərini artırdı. Təbii qazın istehlakçılarının 55 faizinin əhali olduğunu nəzərə alsaq, ona görə də qiymət artımı zəruri idi". MM İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov "Media forum"a açıqlamasında deyib ki, əhaliyə satılan mavi yanacağın pulunun yığılmasında problemlər var: "Bəziləri məsuliyyətsizlik edir, bir hissəsinin isə imkanı yoxdur, qaz pulunu ödəyə bilmir. Ola bilər ki, qazın bahalaşması bununla bağlıdır. Hazırda dünyada Azərbaycan qazına tələbat artıb. Ola bilsin qiyməti buna görə qaldırıblar. Amma birdən-birə qiyməti iki dəfədən artıq qaldırmaq olduqca çoxdur. Çünki sosial müdafiəyə ehtiyacı olanlar, təqaüdçülər, ünvanlı sosial yardım alanlar, minimum əməkhaqqı ilə yaşayanlar var və onlar üçün çətin olacaq. Məncə, Tarif Şurasının son qərarı müəyyən problemlər yarada bilər". Azərbaycanda, xüsusən Bakı kəndlərində istixanalarda tərəvəz yetişdirilməsi geniş yayılıb və bu işlə məşğul olanlar mavi yanacaqdan istifadə edirlər. Eyni zamanda, bəzi müəssisələr də qazdan istifadə edir. Vahid Əhmədov deyir: "Qazın bahalaşması onlar üçün də problemlər yaradacaq. Ona görə son addımı əsaslandırmaq lazımdır". İqtisadçı Rövşən Ağayevin fikrincə, hökumət bu dəfə də öz xarakterinə uyğun qərar qəbul edib. O xatırlatdı ki, 2007-ci ildə Tarif Şurası enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı qərarı qəflətən vermişdi. Tarif Şurasının təbii qazın bahalaşdırılmasına yönəlik arqumentlərini şərh edən iqtisadçı bildirir ki, onun da əks-arqumentləri var: "Hökumət deyir ki, qazın bugünkü satış qiyməti onun xərclərini ödəmir. Dəfələrlə Azərbaycanda kommunal xidmətlərin hökumətin monopoliyasında olduğu vurğulanıb. Məişət tullantılarının daşınmasından tutmuş elektrik enerjisi, qaz ötürülməsinə, su paylaşdırılmasına qədər hər şey hökumətin əlindədir. Bazar iqtisadiyyatı yolu tutduğunu bəyan edən hökumətin kommunal xidmətləri monopoliyada saxlaması çox ciddi problemdir. Nə qədər bu belədir, bu sektorda şəffaflıq olmayacaq". Ağayev deyir ki, "İnformasiya əldə etmək haqqında" qanuna görə, ictimai əhəmiyyətli qurumların bütün məlumatları - gəlirləri, xərcləri, abonentləri ictimaiyyətə açıq olmalıdır. İctimai əhəmiyyətli "Azəriqaz" isə abonentləri, gəlir və xərcləri barədə informasiyaları gizlədir. Ekspert deyir: "Hökumət sözügedən qanunun tələblərini nəzərə alaraq ictimaiyyəti ətraflı məlumatlandırmalıdır. Yəni onların xərcləri əsasən hansı istiqamətə gedir, gəlirləri necə formalaşır. Bu halda cəmiyyət inana bilər ki, bu gün əldə olunan gəlirlər xərcləri nə dərəcədə qarşılayır". Əhalinin israfçılıq etməsi fikrinə gəldikdə, hökumətin bu dediklərinə qarşı iki arqument söylədi. Bəllidir ki, abonentlərin 96-97 faizi sayğaclaşdırılıb: "Əgər sayğaclaşdırılıbsa, əhali bu şəraitdə nə qədər qaz istifadə edir, pulunu ödəyəcək. Hökumətin yaxud şirkətin borcu istehlak olunan qazın miqdarını ölçməkdir. Ölç, pulunu al. Yəni demək ki, bundan az istifadə edin, qəti düzgün deyil. Bizim apardığımız araşdırmalara görə, bu gün Azərbaycanda adambaşına faktiki qaz istehlakı hökumətin 2005-ci ildə qəbul etdiyi "Minimum istehlak səbəti haqqında" qərarda göstərilən adambaşına qaz istehlakından - illik 29 kubmetr idi, bu yaxınlarda 21 kubmetr etdilər - iki dəfədən çox aşağıdır. Yalnız Bakı müəyyən qədər istisnadır". Ağayev deyir ki, təbii qazın qiymətinin artması ailə büdcəsinin xərclərini çoxaldacaq. Elektrik enerjisi baha olduğuna görə ailələr daha çox təbii qazdan istifadəyə üstünlük verirdi. Bundan sonra ailələrin xərcləri daha da artacaq. İqtisadçı Vüqar Bayramovun qənaətincə, Azərbaycanda mavi qazın bahalaşmasına iqtisadi zəmin olsa da, bir sıra başqa faktorlar bu qiymət artımının indiki halda məqsədə uyğun olmadığını göstərir. Onun bildirdiyinə görə, Azərbaycanda əhaliyə satılan qazın qiyməti qonşu ölkələrlə, Rusiya ilə müqayisədə 3.5, Qazaxıstanla müqayisədə 2 dəfəyə yaxın aşağı idi: "Hazırda bizdəki qiymət artımından sonra bu fərq aradan qalxdı. Bu baxımdan Azərbaycanda mavi qazın bahalaşdırılmasına iqtisadi zəmin yaranmışdı. Ancaq o biri yandan da bu cür kəskin artım vətəndaşların həyatına mənfi təsir göstərir. İqtisadi baxımdan qiymətlər yalnız 50 faiz artırılanda əsaslandırıla bilər. Çox təəssüf ki, Tarif Şurası əhaliyə satılan qazı iki dəfədən çox qaldırıb". İqtisadçı ekspertin dediklərinə görə, qlobal maliyyə böhranı başlanandan heç bir ölkədə enerji daşıyıcılarının, mavi qazın və ya kommunal xidmətlərin qiyməti qalxmayıb: "Azərbaycan isə böhran zamanı belə bir qərar qəbul edir. Əhalinin gəlirlərinin azaldığı vaxtda Tarif Şurasının mavi qazın qiymətini artırması yerinə düşən qərar deyil, belə qərarın verilməsinə heç bir ehtiyac yox idi". Mərkəz rəhbəri qərarın əhalinin qazı az işlətdiyi dövrdə - yayda qəbul edilməsini təsadüf saymır: "Bu, əhalinin qazdan az istifadə etdiyi dövrdür. Qərarı ona görə belə vaxtda veriblər ki, əhali bahalaşmanı o qədər də hiss etməsin". Vüqar Bayramov vurğulayır ki, israfçılıq qiymətin aşağı olması ilə bağlı deyildi: "Azərbaycan təcrübəsi göstərir ki, hansı xidmətin qiyməti artırsa, orda qeyri-rəsmi ödənişlərin həcmi artır". |