Təxmini hesablamalara görə, ölkə dəmir yollarının tam yenidən qurulmasına 2 milyard dollara yaxın vəsait lazımdır. Azərbaycan Dövlət Dəmir Yolu bu işlə bağlı bir dövlət proqramı hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Sənədin yaxın vaxtlarda təsdiq ediləcəyi gözlənilir.
Dəmir yollarının yenidən qurulması layihəsinin dəyəri 2 milyard dollardır. Layihənin bu ildən başlayaraq 4 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Proqramın əsas istiqamətləri dövlət dəmir yollarında korporativ islahatların aparılması, dəmir yollarının idarə edilməsinin və normativ hüquqi bazanın təkmilləşdirilməsi, dəmiryol infrastrukturunun yenilənməsi, dəmir yolların beynəlxalq əlaqələrini genişləndirməkdən ibarətdir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nadir Əzməmmədovun bildirdiyinə görə, proqramın böyük hissəsini infrastruktur layihələri təşkil edir. Bu layihələrdə dövlət dəmir yollarının müasir standartlara uyğun yenidən qurulması nəzərdə tutulur. Yolların yenidən qurulması yük axınının artımına, sərnişinlərin hərəkəti üçün lazımi şəraitin yaradılmasına, hərəkət sürətinin artırılmasına, yük dövriyyəsinin sürətlənməsinə, təhlükəsizliyin təmin olunmasına imkan yaratmalıdır.
Məlumdur ki, bank "Azərbaycan dəmir yolu ticarəti və nəqliyyatın dəstəklənməsi layihəsi"ni həyata keçirmək istəyir. Layihəni həyata keçirmək üçün Dünya Bankı (DB) Azərbaycan hökumətinə maliyyə vəsaiti ayıracaq. Layihənin birinci komponentində Şərq-Qərb dəhlizində 27,5 kV yeni elektrik təchizatı sisteminə keçid, o cümlədən yeni enerji stansiyaları, zəncirvarı xətlər, işarəvermə avadanlıqlarının yenilənməsi maliyyələşdiriləcək.
Layihənin ikinci mərhələsində Şərq-Qərb dəhlizində 50 yeni magistral elektrik lokomotivlərinin alınması, III mərhələdə isə məsləhət xidmətlərinin göstərilməsi, mühasibat sisteminin tam tətbiqi və neft dağılmalarının qarşısının alınması maliyyələşdiriləcək. Layihənin ümumi dəyəri 795 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 450 milyon dollarının ayrılmasını DB-nın Direktorlar Şurası artıq ötən ilin mart ayında təsdiqləyib. Kredit 17 il müddətinə ayrılacaq. Belə layihələr Azərbaycanın maraqlarına tam uyğundur. Azərbaycanın bu sahəyə yatırmaq istədiyi vəsaitləri də nəzərə alsaq, ölkədə yaxın illərdə dəmir yol sahəsində böyük işlər görüləcək.
İqtisadçı Əli Əlirzayev hesab edir ki, ölkədə dəmir yolun yenidən qurulmasına sərmayə yatırılması məqsədəuyğundur. O bu qənaətdədir ki, ölkə daxilində infrastruktur yeniliklərini müsbət qarşılamaq lazımdır: "Əlbəttə, ilk növbədə neftdən qazanılan pullar əhalinin sosial rifah halının yaxşılaşmasına sərf edilməlidir. Lakin ölkənin gələcək uzunmüddətli iqtisadi inkişafı üçün gəlir gətirən sahələrə də vəsait qoyulmalıdır. Hesab edirəm ki, dəmir yolları ölkə üçün strateji önəm daşıyır və onlar müasir standartlara uyğun yenidən qurularsa, ölkənin iqtisadi maraqlarına yalnız müsbət təsir göstərər".
İqtisadçı qeyd etdi ki, dəmir yolu bütün dünyada ən rentabelli sahələrdən sayılır: "Sərnişin və yük daşımalar böyük gəlir gətirir. Üstəlik, tranzit ölkələrində dəmir yol qazancına görə nəqliyyatın başqa seqmentlərini (su, hava və avtomobil yolu) kölgədə qoyur. Azərbaycan da tranzit ölkə kimi dəmir yoldan böyük vəsaitlər əldə edir".
Amma hər bir iri infrastruktur layihəsinin həyata keçirilməsinə bir mənbədən vəsait yönəldilməməlidir. Baxmayaraq ki neft gəlirləri hesabına Azərbaycanın dəmir yoluna öz gəlirləri hesabına investisiya yatırmaq imkanı yetərincədir. Ə.Əlirzayev də deyir ki, kənar mənbələr (dövlət büdcəsi və beynəlxalq təşkilatların kreditləri) hesabına bu işi görmək də pis olmaz: "Fikrimcə, həm daxili, həm də xarici mənbələrin imkanlarından istifadə olunmalıdır. Bu sistemin yenidən qurulması üçün 2 milyard dollar həcmində çox iri vəsait tələb olunur. Buna görə də, xarici maliyyə təşkilatlarından da ucuz və uzun müddətə kreditlərin alınıb bu sahəyə sərf edilməsi məqsədəuyğundur".
İqtisadçı Dünya Bankı ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirdi.