Tbilisidə gənclər arasında güləş üzrə Avropa çempionatı başlanıb. Qitə birinciliyinin mükafatları uğrunda Azərbaycanın sərbəst, yunan-Roma və qadınlardan ibarət yığma komandaları da mübarizə aparır. Artıq ilk nəticələr də var. Belə ki, yunan-Roma güləşçilərimiz artıq 1 qızıl və 1 gümüş medal qazanıblar.
Qitə birinciliyində qızların mübarizəsinə yekun vurulub. Yarışda iştirak edən Azərbaycanın 3 xanım pəhləvanı uğursuz çıxış edərək mükafatçılar sırasına düşə bilməyiblər. 48 kq-da çıxış edən Fatma Əhmədova ilk görüşdə Semeyya Sezerə (Türkiyə), 55 kq-da yer alan Günay İsmayılova isə Sabrina Axenbekə (Almaniya) uduzaraq mübarizəni dayandırıblar. Yarışın ikinci günü Nigar Əhmədovanın (51 kq) bürünc medal qazanmaq imkanı olub. Lakin təsəlliverici görüşdə Dominika Osoçkayla (Polşa) bacara bilməyib.
Qadınların ardınca yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulublar. Döşək üzərinə çıxan 3 pəhləvanımızdan 2-si mükafatçılar sırasına düşüb. 55 kq-da Orxan Əhmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızıl medalına layiq görülüb. 84 kq çəkidə Murtuza Tağıyev isə üç rəqibinə qalib gəldikdən sonra finalda Ramsin Azizşirə (Almaniya) uduzaraq gümüş medalla kifayətlənib. Rüstəm Əliyev (66 kq) isə 1/8 finalda Ravil Qaleyevə (Rusiya) uduzaraq mübarizəni dayandırıb.
Dünən daha dörd yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri finala vəsiqə qazanıb, 3 pəhləvanımız isə bürünc medallar uğrunda mübarizə aparacaq.
60 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev üç görüşdə qələbə qazanaraq finala çıxıb. Bu isə o deməkdir ki, komandamız minimum daha bir gümüş medal qazanacaq.
Xurşud Bədəlov (50 kq), Elməddin Abdullayev (74 kq) və Səbuhi Hümbətov (96 kq) isə bürünc medallar uğrunda təsəlliverici görüşlərdə çıxış edəcəklər.
|