![]() |
çap et |
|
|||
İyulun 2-də 2009/2010-cu illər mövsümü Avropa Kuboku yarışlarında ilk matçlar keçirilib. Bu ildən UEFA Kubokunu əvəzləyən Avropa Liqasının ilk təsnifat mərhələsində mübarizəyə başlayan klublarımızdan ikisi - "İnter" və "Simurğ" turnirə məğlubiyyətlə başlayıb. Zaqatalanın "Simurğ" və Bakının "İnter" klubları müvafiq olaraq "Bney Yehuda" (İsrail) və "Spartak" (Trnava, Slovakiya) komandalarına uduzub.
"Simurğ" Avropa kuboklarında debüt matçını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ukraynalı baş məşqçi Roman Pakoranın yetirmələri matçdan əvvəl "uduzmaq istəyirik" deyən israilli həmkarının arzusunu ürəyində qoyublar. Əksinə, oyunu əvvəldən axıradək müdafiədə keçirən Zaqatala komandası rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkib. Əvəzində bir neçə qol epizodunu boşa verən "Bney Yehuda", nəhayət, 83-cü dəqiqədə fərqlənə bilib. Asi Balbut matçda vurulan yeganə qolun müəllifi olub. Matçdan sonra keçirilən mətbuat konfransında "Simurğ"un baş məşqçisi pərişan görünürdü: "Bu bizim qitəmiqyaslı yarışlarda ilk matçımız idi. Təəssüf ki, uduzduq. Bəzi yeni futbolçular komandaya uyğunlaşmayıb. Müdafiənin sol cinahında səhvə yol verdik və nəticədə rəqib bizi cəzalandırdı. Bununla da işimizi çətinə salsaq da, ümidimizi itirmirik. Cütün taleyi Tel-Əvivdə, cavab matçında müəyyənləşəcək". "Bney Yehuda"nın baş məşqçisi Qay Luzona isə oyundan və yetirmələrindən razı qalıb: "Bərabər səviyyəli oyun keçdi. Amma rəqibimizin də qol vurmaq imkanı oldu. Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi". "İnter" isə Slovakiyada "Spartak"a məğlub olub. Vladimir Kozuxun 20-ci və 26-cı dəqiqələrdə vurduğu qollara komandamız 80-ci dəqiqədə Anxel Qutyerresin dəqiq zərbəsi ilə cavab verib - 1:2. Bununla da ilk dəfə keçirilən Avropa Liqası turnirində ölkəmizin birinci qoluna imza atan Qutyerres komandamızın növbəti mərhələyə çıxmaq şansını artırıb. Xatırladaq ki, Yevlaxın "Karvan" komandası bir neçə il əvvəl Slovakiyanın bu klubunu yarışlardan kənarlaşdırmağı bacarmışdı. Bu oyunla bağlı daha bir məqam odur ki, gənc mütəxəssis Kaxaber Sxadadze "İnter"in baş məşqçisi postunda debütünü məğlubiyyətlə qeyd edib. Xatırladaq ki, Avropa Liqası ilk təsnifat mərhələsinin cavab oyunları iyulun 9-da olacaq. |