çap et  
Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı
Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı
Şənbə, 04.07.2009


Ağır atletika yığmamızla bolqarıstanlı mütəxəssis Yanko Rusev məşğul olacaq Azərbaycanın ağırlıqqaldırma üzrə milli yığma komandasına bolqarıstanlı mütəxəssis Yanko Rusev başçılıq edəcək. "azerisrort.com" saytının yaydığı məlumata görə, 1980-ci il Moskva Yay Olimpiya oyunlarının qızıl medalçısı milli komandamızla məşğul olacaq və atletlərimizi 2012-ci il London Olimpiadasına hazırlayacaq.

Hələ iyunun 9-da ölkəmizdə səfərdə olan Yanko Rusev Azərbaycan gənclər və idman naziri Azad Rəhimovla görüşüb, həmin gün keçirilən Azərbaycan -İspaniya futbol matçını izləyib, ağır atletika bazası ilə tanış olub. Ağır atletika üzrə milli komandaya başçılıq etmək təklifi üzərində düşünmək üçün vaxt istəyən bolqar mütəxəssis sonradan Azərbaycanda işləməyə razılıq verib.

67 kq çəki dərəcəsində 1980-ci il Olimpiadasının qızıl medalını qazanan Yanko Rusev beş dəfə dünya və Avropa çempionu olub, iki dəfə dünya və qitə birinciliyinin gümüş mükafatına sahib çıxıb. Yanko Rusev idmançı karyerası dövründə 28 dəfə dünya rekordunu təzələyib, 1993-cü ildə isə Beynəlxalq Ağır Atletika Federasiyası Şöhrət Zalının üzvü seçilib.

Xatırladaq ki, Azərbaycan ağır atletləri indiyə kimi olimpiya çempionu ola bilməyiblər. Yanko Rusevin Azərbaycana məşqçi kimi gətirilməsində məqsəd ilk növbədə bu sahədə inkişafa təkan verməkdir.