![]() |
çap et |
|
|||
Ötən gün Beynəlxalq Əfv Təşkilatının İran üzrə məsulu Druveri Dayk "GünAz TV"yə müsahibəsində deyib ki, prezident seçkisi zamanı baş verənlər barədə bilgi əldə etmək çox çətindir. Onlarda 300 nəfərin tutulması haqda xəbər var. Dayk demişdir:
"Onların adları və saxlandıqları yerlər də bəllidir. Öldürülənlərin sayı artmaqdadır. Rəsmi Tehran isə 13 rəqəmini açıqlayıb. Biz isə nisbətən dəqiq mənbələrə görə, hələlik 15 nəfərin ölümünü müəyyənləşdirmişik. Ancaq yaralıların dəqiq sayını demək çox çətindir. Xəstəxanalardan davamlı məlumatlar gəldiyi üçün bu siyahının hələlik açıqlanmamasına qərar vermişik". Fars agentliyinə istinadən son məlumata görə isə, Tehranda etiraz nümayişləri zamanı öldürülənlərin sayı 20 nəfərdir. Dayk tutulanlara işgəncə verilməsi faktına toxunarkən İranın inqilab məhkəmələrində insan haqlarının pozulması praktikasının narahatlıq doğurduğunu qeyd etmişdir. Belə ki, rəsmi ittiham irəli sürülən müttəhimin özünə vəkil tutmasına şərait yaradılmır. Hakimlər saxlama müddətini istədiyi qədər uzada bilər: "Bu yolverilməz, qəbuledilməz və beynəlxalq hüquq normalarına ziddir. Əldə olunan videotəsvirlər dəhşətlidir. Biz istəyirik ki, dinc aksiyalar bu şəkildə boğulmasın. Dövlətin aksiyaçıları susdurmağa yönəltdiyi bəsicilər bu işi pul qarşılığında görürlər, hətta rəsmi uniformaları da yoxdur". Tehran Universitetinə polis basqını haqqında danışan Dayk bunu zorakılıq kimi qiymətləndirir: "Sanki polis tələbələrin nəyi varsa hamısını qırıb-dağıtmaq haqda yuxarıdan xüsusi tapşırıq alıbmış kimi görünürdü. Belə bir halda, İran hakimiyyətinə müraciət olunur: "Şəxsi əmlakı məhv etmək hüququnuz varmı?". "Baş verənlərlə bağlı BMT-yə şikayət edəcəksinizmi" sualını cavablandıran Dayk deyib: "İrana dair ən vacib məsələ budur - ölkə əhalisinin normal həyata dönməsi üçün bu cinayət və zorakılıqlara son qoyulmalıdır. Mənimlə danışan iranlının qorxusunu telefonda hiss edirdim. Orada olmadığım halda mən də qorxurdum. Bu dəhşətdir". |