Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...
"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...
Tehranın 30 illik "casus ovu" bizim günlərdə absurd şəklini alıb
Şənbə, 04.07.2009

S.Soltan mətn ölçüsü  

Belə görünür son hadisələr Tehranı elə təntidib ki, mollalar öz kölgəsindən də hürkür. Və öhdəsindən gələ bilmədikləri hər problemdə "ingilis barmağı", casus axtarırlar. Tapıntılar isə əksərən absurd xarakterdə olur.

Yadımızdadırsa, ötən ilin ortalarında Bəndər-Abbasda 20 konteyner oyuncaq gömrükdə saxlanmış, rəsmi informasiya vasitələri bildirmişdi ki, bu malların çoxu "seksual mahiyyətlidir". Fəqət bunların sadəcə uşaq oyuncağı olduğu haqda məlumatlar da vardı.

Casus "Barbi", "Betmən", "Speydmen" və "Harri Potter"

Bəndər-Abbas prokuroru qaçaq malın və bununla əlaqədar bir neçə nəfərin həbs olduğunu söyləsə də, onların şəxsiyyəti açıqlanmadı. Eləcə də həmin malların ölkəyə gətirilməsini sifariş verən, habelə satılacağı yer haqda da məlumat verilmədi. Bu günlərdə isə İranın baş prokuroru Qurbanəli Dürri-Nəcəfabadi ölkə bazarlarından gəlinciklərin yığışdırılması barədə açıqlama verdi. Onun sözlərinə görə, belə uşaq oyuncaqları arasında "Barbi", "Betmən", "Speydmen" və "Harri Potter" də var. Hakimiyyət təmsilçisi bu oyuncaqları "ictimai təhlükəsizlik baxımdan "düşmənlərin zərərli təsiri" kimi dəyərləndirib. Baş prokuror ölkəyə gətirilən videooyunları, kinoları da uşaqlar üçün təhlükəli adlandırıb: "Yeniyetmələri hədəfə alan belə oyuncaqların yerinə öz istehsalımızı ortaya qoymalıyıq".

Dürri-Nəcəfabadi ölkə prezidentinin müavini Pərviz Davudiyə məsələ ilə bağlı müraciət edərək belə oyuncaqlarla bağlı "İslam mədəniyyəti və mövcud dəyərləri qorumaqdan ötrü əlüstü tədbirlər görülməsi"ni istəyib. "Belə oyuncaqlar bir yandan uşaqların sağlığına təhlükəlidirsə, o biri yandan bu sahə ilə məşğul olan müəssisələrimizin fəaliyyətinə mənfi təsir göstərir".

Ötən ilin yayında benzinin kvota ilə verilməsinə əhali etiraz etmiş, çoxlu sayda yanacaqdoldurma məntəqələri yandırılmışdı. Milli haqların tələbi ilə bağlı Azərbaycan türklərinin etiraz çıxışları, bunun ardınca benzinin kvota ilə verilməsinə qarşı kütləvi narazılıq rəsmi Tehranı çaşbaş qoymuşdu.

Bundan bir neçə ay sonra hökumət "çevriliş cəhdi" barədə xəbər yaymışdı. Bununla hakimiyyət yeni repressiyalara başlamaq üçün əslində ictimai rəyi formalaşdırırdı. Etiraz çıxışları artdıqca ölkə daxilində ictimai və siyasi fəallara qarşı qarayaxmalar da genişlənir. Elə həmin "benzin qiyamı"ndan sonra İran hakimiyyəti üçün "çevrilişçilər" və "casus" ovu daha da aktullaşdı.

Casus "dərsləri"

Məsələn, həmin olaylardan sonra Amerika kəşfiyyatı ilə əlaqədə şübhələnən 20 nəfər həbs edilmişdi. İran rəhbərliyi ABŞ-ı ölkədə casus şəbəkəsi yaratmaqda suçlamışdı.

REKLAM

Həbs olunmuş 20 nəfər barədə məlumat verən Kirmanşah əyalət əks-kəşfiyyat idarəsinin rəhbəri bildirmişdi: "Xarici kəşfiyyat orqanlarının dəstəyi ilə İranın Qərb bölgələrində fəaliyyət göstərən beş casus şəbəkəsi aşkarlanıb. Onlar da bu qrupun üzvləri olub". Rəisin sözlərinə görə, həbs edilənlər arasında "xarici elementlər" də aşkarlanıb.

İndiki kimi onda da bildirilmişdi ki, şəbəkə üzvləri İranın iqtisadi və hərbi obyektlərində təxribat aparmaq, eləcə də pozuculuq fəaliyyəti ilə məşğul olmaq, mülki qurumları və mədəni abidələri dağıtmaq üçün xarici kəşfiyyat təşkilatlarından dəstək alıblar. İnformasiya və milli təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni-Ejei isə bildirmişdi ki, ölkənin sərhədboyu ərazisində Amerika və İsrailə "işləyən" 100 casusun "dərs"ini veriblər.

Onun ardınca keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi İranda pozuculuq fəaliyyətinə görə ABŞ, İngiltərə və İsrail xüsusi xidmət orqanlarını ittiham etmişdi. ETTELAAT-ın başçısı bu "casusluq" məsələsi ilə bağlı çıxışında bildirmişdi ki, ölkənin sərhəd rayonlarında MKİ və "Mossad" üçün məlumat toplayanların fəaliyyətindən xəbərləri var.

"Köstəbəkli" qadın libasları, sionist milyarder və casus dələ

Hələ ötən il İtaliyanın məşhur "United Colours of Benetton" şirkətlər qrupu da "casusluq"da ittiham edilmişdi. Tehranın iddiasına əsasən, şirkət geyimlərə kəşfiyyat mərkəzinə informasiya ötürə biləcək çox kiçik "köstəbəklər" bərkidir. İtaliyada çıxan "Korrierre della Serra" qəzeti isə yazırdı ki, bu ittihamlar məhz İran KİV-i tərəfindən irəli sürülür. Öz növbəsində, "Benetton" şirkəti bu suçu rədd etmişdi. "Köstəbək" isə demə malın tanınma nişanının ştrix-kodu imiş.

İttihamın mahiyyəti parlamentin bəzi üzvlərinin DİN-ə müraciət edərək ölkədə qadın geyimlərinin satışı ilə məşğul olan mağazalar şəbəkəsinin bağlanmasını istəyəndə aydın oldu. Onlar "Benetton"u İran qadınları arasında Qərb dəblərini, əxlaqsızlığı yaymaqda ittiham edirdilər. Tehran, Məşhəd, Kürdistan, Təft və Buyur Əhməd deputatları "Benetton"un ölkə paytaxtında filialını açmasından narazılıqlarını söyləmişlər. Onlar adıçəkilən mağazalar şəbəkəsinin sahibi Lusiano Benettonu "sionizm şəbəkəsinə bağlı milyarder" elan etdilər.

Parlamentin mədəniyyət məsələləri komissiyasının beş üzvü bu mağazalar şəbəkəsinin işinə xitam verilməsi ilə bağlı qanun layihəsi hazırlayaraq ali qanunverici orqanın müzakirəsinə vermiş, "Dolse & Gabbana" və "Louis Vuitton" yarlıqları ilə paltarlar satan mağazaların da bağlanmasını tələb etmişlər. Hər iki firmanın Tehran, Məşhəd və Yəzd şəhərlərində fəaliyyət göstərən 7 dükanının qapadılması barədə ayətulla Xamneyi başda olmaqla hakimiyyətin uyğun qurumları göstərişlər vermişdi.

İş o yerə çatıb ki, xüsusi xidmət orqanları vəhşi heyvanların da "casusluq" etməsindən şübhələnir. Ölkə ərazisində 14 dələ bu "ittiham"la tutulmuşdu. İranın rəsmi xəbər agentlikləri müvafiq qurumlara istinadən bildirirdi ki, tutulmuş dələlərin "üstlərindən casusluq qurğuları aşkarlanıb". İranın əks-kəşfiyyat orqanları iddia edirdi ki, bu heyvanlar Qərb kəşfiyyatı tərəfindən ölkə ərazisinə ötürülmüş "casus dələlər"dir.

Ağır ictimai, siyasi və iqtisadi problemlərin həllində aciz qalan rejimin etiraz edənlərə qarşı qarayaxmaları, həbsləri, zorakı basqıları effekt vermədikdə yeni kampaniyalar düşünmək lazım gəlir. Məsələn, zorakı üsullar tükəndikdə "hicab qaydaları"na əməl etmək ətrafında "milli təhlükəsizliyin qorunması" ilə bağlı "qanun, qayda" yaratmaq kampaniyası başlayır. Bu kimi tədbirlərin köməyi ilə toplumda bir xof yaratmağa, beləliklə, özünün hələ güclü olduğunu sübut etməyə çalışır.

Yeddi bəhainin faciəsi

Hələ bu ilin yanvarında İranın mədəniyyət naziri Məhəmmədhüseyn Səfər Hərəndi Bi-Bi-Si radiosunun farsca redaksiyasının ölkəsində fəaliyyətini qanundankənar elan edərək bildirmişdi ki, bu informasiya kanalı cəmiyyətdə "pozuculuq işləri ilə məşğuldur, buna görə də onu qapatmışıq". Bu arada ETTELAAT bəhai dini azlığına aid ailələrin mənzillərində axtarış aparmış, şəxsi əşyalarını, o cümlədən kompüterlərini yığıb aparmışdı. Bundan bir neçə gün sonra hakimiyyət təmsilçiləri, tutulmuş bəhailəri "casus" elan etdi.

Bəhai Beynəlxalq İcmasının BMT-dəki nümayəndəsi Diani Alai "Azadlıq" radiosuna müsahibəsində müxbirin "İranla bağlı fəaliyyətinizin əsas məqsədi nədir" sualına cavabında demişdi: "Ən ciddi məsələlərdən biri - yeddi bəhainin bir ildir həbsdə olmasıdır. Onların məhkəməsi iyulun 11-nə təyin olunub. Həmin şəxslər tamamilə saxta, amma ciddi ittihamlarla üzləşirlər. Bu ittihamlar ölkə təhlükəsizliyinə qarşı hərəkətlər, dini müqəddəsləri təhqiretmə, İsrailin xeyrinə casusluqdur... ".

"Məxməri inqilab" kabusu

Apreldə hakimiyyət iddia etmişdi ki, "Mossad" və MKİ prezident seçkisi günü ölkə ərazisində terror aksiyaları keçirməyi planlaşdırır. İSNA xəbər agentliyi baş prokurorun müavini Həsən Həddada istinadən, məsələ ilə bağlı 7 nəfərin saxlandığını, onlardan 100 kq partlayıcı götürüldüyünü açıqlamışdı. Bu sayaq xəbərlərdən belə çıxır ki, İran hakimiyyəti yalnız İsrail, ABŞ və İngiltərənin "casus şəbəkələri"ni aşkarlayıb zərərsizləşdirməklə məşğuldur.

İRNA-nın başqa bir məlumatına əsasən, İnqilab Keşikçiləri Qvardiyasının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi "Dərkuba" ("Ağacdələn") adlı cinayətkar qrupu zərərsizləşdirib. Mənbə bildirib ki, bu qrup ölkədə "dövlət çevrilişi etməyi planlaşdırırmış".

Bundan bir neçə gün öncə "Mehr" xəbər agentliyi "Tehrandakı nümayişləri Bakıda olan Amerika kəşfiyyatçılarının təşkil etdiyi" haqda xəbər yaymışdı. "Yeni Müsavat" qəzetinin agentliyə istinadən yaydığı bu məlumatda daha sonra deyilirdi ki, MKİ İranda "məxməri inqilab"ı həyata keçirmək üçün bu ilin əvvəlindən hərəkətə keçib. Bu məqsədlə Dubaydan idarə olunan və iranlılarla amerikalılar arasında birbaşa əlaqəni təmin edən casus şəbəkəsi qurub.

"Mehr"in iddiasına görə, İranda "məxməri inqilab" layihəsini MKİ adına Vudro Vilson Fondu, Açıq Cəmiyyət institutu, habelə Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdəki MKİ agentləri həyata keçirməyə cəhd göstərib...".

İran rəhbərliyi və onun təhlükəsizlik orqanları baş verən etiraz aksiyalarında bir qayda olaraq xarici dövlətləri suçlayır. Bu sayaq xəbərlərdə Azərbaycan Respublikasının da adı davamlı surətdə çəkilir. Bu xəbəri yayan agentliklərin, eləcə də İranın uyğun qurumlarının sadə bir suala cavab verməsini gözləyirik - "Nəzarət Şurasının aşkarladığı 3 milyon etibarsız səs də iddia olunan casuslarınmı əməlidir?". Bu rəqəm seçkidə iştirak edən seçicilərin 8 faizə yaxını deməkdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İran: öldürülənlərin sayı artmaqdadır

Bölmənin digər xəbərləri
 
İran: öldürülənlərin sayı artmaqdadır
Yaralıların sayını dəqiqləşdirmək isə çox çətindir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər