çap et  
Milli teatr Türkiyə səfərindən qayıtdı
Şənbə, 04.07.2009


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin 4 şəhərində qastrol səfərindən qayıdıb. Teatrın direktoru Maqbet Bünyadov qastrolun teatrın tarixində yeni dönüş nöqtəsi olduğunu vurğulayır: "Son iki il ərzində keçirilən qastrol səfərləri Türkiyədə Azərbaycan teatrı, onun tarixi və nailiyyətləri haqqında məlumat yaymaq, eləcə də repertuarımızda olan ən uğurlu tamaşalarla tanış etmək vəzifəsini məharətlə yerinə yetirib. Qeyd edim ki, Türkiyənin müxtəlif mərkəz və vilayətlərində nümayiş etdirdiyimiz tamaşalar sözün gerçək mənasında yaddaqalan və əlamətdar hadisələrə çevrilib. İki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib".

Direktorun əlavəsinə görə, səfər zamanı milli teatr Türkiyənin iki önəmli tədbirində iştirak edib. Bunlar iyunun 16-21 tarixlərində Tarsus şəhərində dövlət səviyyəsində keçirilən "III Türk Dünyasının Teatr Günləri", "Türksoy"la Karaman şəhər valiliyi və bələdiyyəsi tərəfindən birgə keçirilən "Türk Dil Bayramı"dır. İkinci tədbirə prezident Abdulla Gül də qatılıb. Festivalı izləyən hökumət adamları türkdilli dövlətlərin teatrlarının təqdim etdiyi tamaşaları yüksək qiymətləndiriblər. Bakıdan gedən aktyorlar həmin tədbirlərdə Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını nümayiş etdiriblər. Həmin tamaşanı aktyorlardan xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Hacı İsmayılov, Rafiq Əzimov, Məleykə Əsədova və başqaları oynayıblar. Tamaşanın nümayişindən sonra həmyerlilərimiz hər iki tədbirin diplom və mükafatları ilə təltif olunublar.