![]() |
çap et |
|
|||
"Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupu bir sıra yeni layihələr hazırlayır. Qrup rəhbərinin məlumatına görə, onların bu yöndə görəcəkləri ilk iş unudulmuş mahnılara yeni nəfəs verməkdən ibarətdir.
Öyrəndik ki, qrupun ilk seçimi "Səadət" mahnısıdır. Klassik əsərin efir versiyasını düşünən qrup üzvləri çəkilişlərin iyulun sonlarına planlaşdırıldığını dedilər. Ülvi isə əlavə olaraq bildirdi ki, "Dənizin sahilində" mahnısı bu silsilədən yazılacaq növbəti mahnı olacaq. "Şeron" qrupu yayın istisinə məhəl qoymayaraq albom hazırlıqlarını davam etdirir. Saatlarla studiyada hazırlıq prosesi keçən qrup üzvləri "Oğuz yurdu" adlanan toplunun tezliklə işıq üzü görəcəyini bildirdilər. Repertuarlarında aşıq havalarının uğurlu yer tutduğunu deyən Ülvi Cəfərov bu barədə də yeniliklər düşünüb: "Axtarışlar aparır və musiqiçilərlə məsləhətləşirik. İstəyimiz budur ki, növbəti aşıq havası "Çəkər ha" qədər qulaqlarda xoş səslənsin. Bizim gördüyümüz bu və digər işlər hər nəsil dinləyicilərin ürəyincədir. Ona görə də qərara gəldik ki, klassik əsərlərə yeni nəfəs verməklə yanaşı, onların təbliğatını da aparaq". Ülvi Cəfərovun dediyinə görə, haqqında danışdığı musiqili proqramı qrup həm dövlət tədbirlərində, həm şou-proqramlarda və eyni zamanda, el şənliklərində səsləndirə bilir. Yaxın aylarda "Şeron" qrupunun yaranmasının 10 ili tamam olacaq. Bu zaman kəsiyində bir sıra qalmaqallarda adı keçən, eyni zamanda, parçalanaraq sonradan yeni heyətlə birləşən bu qrupun üzvləri artıq yumruq kimi birləşdiklərini deyirlər. Onlar 10 illik yubileylərini konsert şəklində təqdim etməyi düşünürlər. Konsertin proqramı üzərində çalışan "Şeron"çular repertuarı həm klassik, həm də müasir mahnılarla zənginləşdirəcəklərini bildirdilər. |