 |
Müğənni həkimin rəyinə əməl etməyib
Şənbə, 04.07.2009
|
|
Röyanın ana olacağı xəbəri televiziya və mətbuatın arabir toxunduğu mövzulardan biridir. Xatırladaq ki, hamiləliyinin 6-cı ayını yaşayan müğənni sentyabrda ana olacağını söyləmişdir. Bu xəbəri 4-cü ayında KİV-lə bölüşən müğənni həmin ərəfədə bir sıra problemlər yaşadığını bildirmişdi. Bu səbəbdən xəbər mətbuata gec sızıb.
Ötən həftələrə kimi özünü yaxşı hiss edən müğənni dövlət tədbirlərində, şou-proqramlarda və bir sıra konsertlərdə iştirak etmişdi. Həkimin dediklərinə bir o qədər əməl etməyən müğənninin səhhətində bəzi problemlər yaranıb. Buna baxmayaraq Röya növbəti riskə gedərək əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib. Onun Azərbaycan Silahlı Qüvvələri günü ilə bağlı ötən həftə təqdim etdiyi proqram Bakıdakı "N" saylı hərbi hissələrdən birində keçirilib. Müğənninin sağlamlığı imkan vermədiyi üçün Murovdağda planlaşdırdığı konserti sonrakı günlərə keçirib: "Əgər həkimimin icazəsi olarsa, növbəti konsert layihəsi yaxın həftələrdə həllini tapacaq. Əks təqdirdə, bunu payız aylarına keçirməyi düşünürük. Çünki mən çox riskə getdim. Sonuncu dəfə müayinədən keçəndə həkim mənə yataq rejimini məsləhət görmüşdü. Lakin mən ayağa qalxıb əsgərlərin gözünü yolda qoymadım. Həmin konsertdə mənimlə birlikdə həmkarlarım Əbdül Xalid və Rəhim Rəhimli də çıxış ediblər.
Övladının təhlükəsizliyini qorumaqla yanaşı, səhnədən də uzaqlaşmaq istəməyən Röya ana olandan 40 gün sonra səhnəyə qayıdacağını dedi: "Son aylar mən efirə az-az çıxıram. Günümün çox hissəsini bağ evimizdə ailəmlə birlikdə keçirirəm. Amma səhnə işlərimi də axsatmıram. Arabir görünürəm. Ana olandan sonra uzun fasilə vermək niyyətim yoxdur. Uşağın 40 günü tamam olandan sonra əvvəlki iş qrafikimi bərpa edəcəm".
Hazırda bir neçə yeni mahnılar üzərində çalışan müğənni klip çəkdirmək fikrində deyil. O bu işini payız aylarına qədər təxirə salıb.
|
|
|
|
|
|
|