Azərbaycanın Xalq artisti Nisə Qasımovanın aparıcılığı ilə ANS telekanalından yayımlanan "Xoşvaxt olun" proqramına fasilə verilib. Hazırda efir yorğunluğunu çıxaran müğənni 2 aydan sonra aparıcılıq missiyasını davam etdirəcək. Bu barədə danışan Nisə xanım bildirdi ki, bu yay istirahət etməklə yanaşı, yeni mahnılar üzərində çalışacaq:
"Verilişin yayımının sentyabrda başlanması nəzərdə tutulub. Bu zamana qədər maraqlı istirahət proqramı hazırlamağı düşünürəm. Eyni zamanda, bir sıra yeni mahnılar lentə yazılacaq".
Müğənninin kiçik yaradıcılıq işləri böyük layihələrlə də davam etdiriləcək. O bildirdi ki, Heydər Əliyev adına Sarayda bir neçə il əvvəl verdiyi solokonsertini təzələməyi düşünür. Bu isə payız aylarına təsadüf edəcək: "Konsert ideyasının hazırlıq prosesi hələ ki başlamayıb. Amma fikrim qətidir. Yorğunluğumu çıxarandan sonra musiqiçi dostlarımla birlikdə proqram üzərində çalışmalıyıq. Bunun sıradan bir layihə olmaması üçün bütün işlər yüksək səviyyədə aparılacaq".