çap et  
Natəvan Həbibi konsert verməyəcək
Natəvan Həbibi konsert verməyəcək
Müğənni baş tutmayan konsertinə Zamiqə görə razılıq verdiyini deyir
Şənbə, 04.07.2009

Zəminə Rüstəm

Ötən ay paytaxt restoranlarının birində həmkarı Zamiqlə birlikdə konsertə hazırlaşan Natəvan Həbibinin ilk layihəsi uğursuz alındı. Həftələrlə anonsu gedən konsertin baş tutmamasında tamaşaçı tələbatının az olması göstərildi. Lakin tərəflər bu barədə çox danışmayıb məsələni bağlamağı məsləhət bildi.

Həmin ərəfədə yaradıcılıq işi ilə bağlı Moskvaya üz tutan Natəvan Həbibi geriyə yeni klipi ilə qayıtdı. Klipin yayımlanması müğənninin baş tutmayan konserti ilə bağlı söhbətləri bir kənara qoydu. Lakin mətbuat bu məsələyə arabir toxunur. Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Natəvan Həbibi maraqlı açıqlamalar verdi: "Əslində, mənim konsert niyyətim yox idi. Təklif Zamiqdən gəlmişdi. Mən də yaxın sənət dostumun istəyini yerə vurmayıb razılıq verdim. Müəyyən bir vaxt ayırıb konsertin məşqləri üzərində çalışdıq və maraqlı repertuar hazırlandı. Məşqlər zamanı Zamiqlə mənim ağlıma gözəl ideyalar gəlirdi və bütün bunlar repertuarda əksini tapmışdı. Lakin konsert keçirilmədiyi üçün bunlar tamaşaçıya çatdırıla bilmədi".

Konsert vermək həvəsində olmayan Natəvan Həbibi bir də bu barədə nə vaxtsa düşünə biləcəyini ağlına belə gətirmir: "Ümumiyyətlə, mən konsert həvəskarı deyiləm. Dəfələrlə bu barədə yerli və xarici ölkələrdən təkliflər almışam. Amma bütün bunlar havadan asılı vəziyyətdə qalıb. Sonuncu hadisədən sonra isə tezliklə konsert verəcəyimə inanmıram".

Müğənninin yaxın aylarda ailə həyatı quracağı barədə xəbərlər də onu narahat edən mövzulardandır. Şəxsi həyatının müzakirəyə çıxarılmasını istəməyən müğənni şayiələrə son qoyulmasını arzulayır: "Hər bir qadın kimi mənim də həyatımda sevdiyim insan var. Lakin mən onun kimliyini geniş kütləyə sərgiləmək istəmirəm. Çünki başıma nə gələcəyini bilmirəm. Nə zaman ki rəsmi nikaha daxil olmağa qərar versəm, maraqlananlar bu barədə xəbər tutarlar. Əvvəlcədən isə heç nə deyə bilmərəm".

Müğənninin ailə həyatı quracağı təqdirdə sənətini atacağı xəbərləri də çox danışılır. Bunun bir qədər həqiqətə uyğun olduğunu deyən Natəvan Həbibi xəbərə belə yanaşdı: "Bu ifadə mənim özümə məxsusdur. Demişəm ki, ailə mənə sənətdən də əzizdir. Gələcək həyat yoldaşım mənim sənətdə olmağımı istəmədiyi təqdirdə mən müğənniliyi atacağımı söyləmişəm. Bir şərtlə ki, həmin şəxs mənim arzuladığım insan olsun və mənə hörmət eləsin".