AMEA Memarlıq və İncəsənət İnstitutu "Azərbaycan incəsənəti dünya muzeylərində" adlı nəfis bir toplu nəşr etdirmişdir. Onun müəllifləri akademik Rasim Əfəndi və Toğrul Əfəndiyevdir. Topluda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İsveçrə, Macarıstan, Rusiya, İran, Türkiyə kimi ölkələrin ünlü muzeylərində saxlanan və mənşəcə Azərbaycana aid olan sənət örnəklərinin rəngli fotoları və onların barəsində izahat xarakterli məlumatlar təqdim edilir.
Girişdə qeyd olunur ki, dünya muzeylərinin bəzəyi sayılan bu nadir sənət əsərləri - metal məmulatlar, fiqurlar, heykəlciklər, silahlar, miniatürlər, bədii parçalar, xalçalar, müasir boyakarlıq əsərləri və sairin bu muzeylərə və şəxsi kolleksiyalara yayılmasının özünün də böyük bir tarixi var. Onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəziləri müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyahlar, tacirlər, diplomatlar və alimlər tərəfindən aparılmış, bəziləri isə qarət olunmuşdur.
Toplunu vərəqlədikcə bu sənət örnəklərinin məhz bizim muzeyləri bəzəmədiyinə təəssüf hissi keçirməli oluruq. Fəqət özümüzə təskinlik veririk ki, onlar bizim muzeylər üçün itirilmiş olsa da, mədəniyyətimiz üçün, insanlıq üçün itirilməyib. Saxlandıqları muzeylərdə və şəxsi kolleksiyalarda ölkəmizi, millətimizi, onun zəngin mədəniyyət tarixini layiqincə təmsil edir.
Müəlliflər onu da qeyd edirlər ki, son 15-20 ildə Qərbi Avropa və Amerikada dərc olunan nəfis albom və kitablarda Azərbaycana aid olan sənət örnəklərinin ünvanının düzgün təyin olunduğu diqqəti cəlb edir.
Topluda dünya muzeylərində saxlanan Azərbaycan sənət əsərlərinin hamısı yox, bir qismi təqdim olunur.
Toplunun sonunda həmin muzeylərin ölkələr üzrə siyahısı, ünvanları, telefonları, veb-saytları, elektron poçt ünvanları və iş saatları verilir.
|