Çimərliklərimizin çoxu çimməklik deyil
 |
Onların barəsində acı həqiqətlə tanışlıq pis olmazdı
Şənbə, 04.07.2009
|
|
Turizm mövsümü başlayanda turistlər qınaq obyekti olur. Nədən bizim gözəl məkanlarımız, Xəzər sahilində çimərliklərimiz ola-ola xaricə üz tuturlar? İqtisadçılar və turizm sektorunda çalışanlar bu məsələyə aydınlıq gətirirlər. Hesablamalara görə, bir həftə Antalyada istirahət etmək Azərbaycanın hansısa bölgəsində istirahətdən ucuz başa gəlir. Ekoloqlarımız isə bu günlərdə Xəzər çimərliklərində çimmək həvəsimizi azaldan araşdırma aparıblar. Yəqin ki, xaricə dincəlməyə getmək imkanı olmayanlar üçün çimərliklərimizin vəziyyəti çox maraqlıdır.
Beləliklə, çimərliklərin monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Bakı şəhər Sanitar Epidemioloji Stansiyasının əməkdaşları ilə birgə aparılıb. Mayın 12-dən iyunun 18-dək Abşeron yarımadasında çimərlik mövsümünə hazırlıqla bağlı Bakı və Sumqayıt çimərliklərində ekoloji durumu öyrənmək məqsədilə keçirilən monitorinq zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülmüş və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılmışdır.
Novxanı-Pirallahı (Novxanı bağlar sahəsinin şərq hissəsi, Pirşağı, Nardaran, Bilgə, Buzovna, Mərdəkan-Şüvəlan) sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılmış ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə, dəniz suyu nümunələrində təyin olunan komponentlərin miqdarı norma daxilindədir. Gurgan və Novxanı bağları sahil zolağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilib. Çirklənmənin səbəbi müvafiq mənbələr üzrə Gurgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağları istiqamətindən daxil olan təmizlənməmiş çirkab sularıdır.
Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında cari ilin iyun ayının əvvəlində ETSN tərəfindən quraşdırılaraq istifadəyə verilmiş 7 ədəd təmizləyici qurğuların fəaliyyəti hesabına bu istiqamətdə çirkab suların təmizlənməsi müəyyən qədər təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir.
Aparılan təhlillərin nəticəsinə görə bu mənbələrin kəmiyyət və keyfiyyət göstəriciləri belədir.
Sumqayıt şəhəri 5-ci mikrorayon istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilsə də, mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 273 000 ədəd/litrdir.
Corat qəsəbəsi istiqamətindən götürülmüş dəniz suyu nümunələri vəziyyətin qorxulu olduğunu göstərib. Burada "Diana" istirahət mərkəzinin qarşısı, "Gəmiqaya" restoranının qarşısı, buraya yaxın "Sunsit" istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən olunsa da, mikrobioloji tədqiqatlar nümunənin çirkli olduğunu üzə çıxarıb. Corat ərazisindəki "Səma" istirahət mərkəzinin qarşısında da vəziyyət eynilədir.
Novxanı "Aquapark" istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarının norma daxilində olduğu aşkarlanıb. Mikrobioloji tədqiqatlar isə nümunənin çirkli olduğunu göstərib. Bağırsaq çöpü bakteriyalarının sayı 15 000 ədəd/litrdir. Novxanı çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsi də buranın çimmək üçün yararsız olduğunu göstərir.
Hövsan çimərliyi istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilib.
Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 56 000 ədəd/litrdir.
"Şıx" çimərliyi ərazisindəki "Min bir gecə" restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayə 45 000 ədəd/litrdir.
"Şıx" çimərliyi ərazisindəki "Delfin" otelinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarənən sayı 34 000 ədəd/litrdir.
"Şıx" çimərliyi ərazisindəki "Ramada" istirahət mərkəzinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 42 000 ədəd/litrdir.
Qaradağ rayonu, "Sahil" çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq olub. Mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 160 000 ədəd/litrdir.
Qaradağ rayonu çimərliyi ərazisindəki "Sahil" restoranının qarşısından götürülmüş dəniz suyu numunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq çıxıb. Mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 157 000 ədəd/litrdir.
Beləliklə, qeyd olunan çimərliklərdə aparılmış monitorinqin nəticələrinə görə mövsümə hazırlıqla əlaqədar qeyri-qənaətbəxş hesab edilən ərazilər Sumqayıt, Hövsan, Şıx, Sahil çimərlikləri və Novxanı çimərliyinin qərb hissəsidir. Buna səbəb Sumqayıt və bağlar istiqamətindən dənizə axıdılan iri həcmli qarışıq mənşəli tullantı sularının təmizlənməməsi, Sahil və Şıx istiqamətindən isə axıdılan suların yol verilən normalar səviyyəsinə qədər təmizlənməməsidir.
Çimərliklərimiz haqqında bu acı həqiqətləri öyrəndikdən sonra bir daha bu qənaətə gəlirik ki, çimərliklərimiz çimməklik deyil. Amma buna baxmayaraq isti havalarda çimərliklərdə kifayət qədər adam olur. Deyəsən, bizlər səhhətimizə biganəyik, bu çimərliklərin işləməsində maraqlı olanlar isə pul qazanmağa çox həvəslidirlər. Dövlət qurumları isə seçim hüququnu bizə buraxıb. Xoşbəxtlikdən bütün məlumatları da açıq şəkildə verib. Fikrimcə, bundan istifadə edərək səhhətimizə qayğı ilə yanaşmalıyıq.
|
|
|
Oxşar xəbərlər:
"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
|
|
|