çap et  
Rus dilindən imtina nə vəd edir?
Rus dilindən imtina nə vəd edir?
Rus dili faktorundan cəmiyyətin tərəqqisində istifadə etmək faydalı olmazmı?
Şənbə, 04.07.2009


Nüşabə Fətullayeva, Gəncə Media Mərkəzi

Bizdə rus dilinin arealı daraldıqca bu prosesin tədris, elm və mədəni inteqrasiya sahəsində neqativ nəticələr verəcəyi narahatlıq doğurmağa başlamışdır. İlk baxışdan sadə və məntiqi görünən bir proses gedir: Azərbaycanda dövlət dilindən başqa, digər hər hansı dilə imtiyaz tanınmır və onların hamısı xarici dil sayılır. Bu tendensiya, əlbəttə, ilk növbədə cəmiyyətimizdə ənənəvi yeri olan rus dilinə daha ciddi təsir göstərəcək. Amma bu məntiqi prosesin bizə xeyirdən çox zərəri olacağını anlamaq heç də dərin təfəkkür tələb etmir.

Təhsildən başlayaq. Orta məktəblərdə rus dili fənninin tədris saatının xeyli azaldılacağı haqda fikirlər nə müddətdir səslənirdi. Yeni tədris ilindən isə rus dili artıq sərbəst fənn kimi yox, yalnız xarici dil statusunda tədris olunacaq. Rus dilini tədris etmiş xeyli müəllim bu səbəbdən ixtisasını dəyişib. Bu hələ hamısı deyil, konkret olaraq Gəncədə 170 rus dili müəlliminin ixtisarı gözlənir. Bu proses bütün ölkədə həyata keçirilir.

Müəllimlər seçim qarşısında: ya ixtisası dəyişmək, ya da iş yerini itirmək

Rəmziyyə Babayeva 20 ildən çoxdur rus dilini tədris edib. Lakin işini itirmək təhlükəsi ilə üzləşdikdən sonra bir çox həmkarı kimi o da ixtisasını dəyişmək məcburiyyətində qalıb.

"Yeni ixtisasın tədrisi mənə, 20 ildir şagirdlərə rus dilini öyrədən adama çox ağırdır. Amma nə etməli? Məcburam, yeni fənni keçmək üçün çalışım" - Rəmziyyə Babayeva başqa çıxış yolu olmadığından təəssüflənir. Digər rus dili müəllimi Əsmayə Məmmədova ixtisasını dəyişmədiyindən ixtisara düşüb: "Əvvəla, ixtisası dəyişmək haqda sənəd rüşvətlə, 500 manata başa gəlir. İkincisi, mənim artıq 50-dən çox yaşım var. İnnən belə hansı fənni öyrənə bilərəm? Çətin məsələdir. Neçə illərin müəllimləri bax belə bir tələblə üzləşiblər. Gedib yaxşı bilmədiyim fənni tədris edib şagirdin qarşısında utanmaqdansa, evdə iki şagird hazırlamaq mənim üçün daha yaxşıdır".

Gəncə Dövlət Universiteti rus dili kafedrasının müdiri Elmira Heydərova deyir ki, məktəblərdə rus dili fənninin tədris saatlarının ixtisarı bu fakültədə təhsil alan tələbələri təşvişə salıb; onlar artıq ixtisaslarını dəyişməyə can atırlar və belə gedərsə, gələcəkdə rus dilini tədris edən gənc kadrlar yetişməyəcək: "Mən bunu çox böyük problem sayıram. Vaxt gələcək, rus dili fənni üzrə kadrların yetişməməsi böyük çətinliklər yaradacaq. Formal xarakter daşıyan ixtisasartırma kurslarını keçməklə heç bir müəllim qısa zamanda qeyri-ixtisas fənnini mənimsəyə və keyfiyyətlə tədris edə bilməz".

Rus dilini bilməmək hansı problemlər yaradacaq?

Günay Məmmədova Azərbaycan Dövlət Tibb Universitetində təhsil alır. O deyir ki, kurs işinin mövzuları, imtahana düşən sualların çoxunun cavabları rusdilli ədəbiyyatdadır. Lakin tələbələrin çoxu kimi o da rus dilini bilmədiyindən problemlə üzləşir.

Aydın Həmzəyev isə Gəncə Dövlət Universitetində oxuyur. Onun sözlərinə görə, müəllimlər ona yalnız rus dilində olan dərsliklərdən faydalanmağı tövsiyə edirlər. Çünki azərbaycanca dərsliklər azdır. Tələbələrlə söhbət zamanı o da məlum oldu ki, onların ən böyük problemlərindən biri elə mövzuya aid Azərbaycan dilində dərslik qıtlığı, rus dilini isə bilmədikləridir.

600 mindən artıq fondu olan Gəncə Şəhər Mərkəzi Kitabxana sistemindəki kitabların 60 faizini rusdilli ədəbiyyat təşkil edir. Komplektləşdirmə və kitabxanaçılıq şöbəsinin müdiri Gülnaz İsgəndərova deyir ki, kitabxanada elmi ədəbiyyat əsasən rus dilindədir. Şəhərin müxtəlif ali və orta təhsil müəssisələrində oxuyan tələbələr kitabxanaya müraciət edir, lakin kitablar rus dilində olduğundan və gənclər artıq bu dili lazımi səviyyədə bilmədiklərindən bu ədəbiyyatdan yararlana bilmirlər.

"Müraciət edənə biz istədiyi mövzuya aid kitab tapıb veririk. Amma rus dilində olduğundan müraciətçi dərslikdən istifadə edə bilmir. Çarəsiz halda soruşur ki, bəlkə, bu kitabı Azərbaycan dilinə tərcümə edən ola? Tələbələrdən başqa, bizim kitabxanaya elmi işçilər də gəlirlər. Kitabxananın informasiya mərkəzində internetlə öz mövzularına aid axtarışlar verirlər. Amma elmi mənbələrin çoxu rus dilindədir. Təbii ki, bu dili bilməyənlər həmin bilikləri mənimsəyə bilməzlər" - Gülnaz İsgəndərova gün ərzində 4-5 dəfə bu cür halla rastlaşdığını söyləyir.

Rus sektorunu bitirənlər ixtisas seçə bilmirlər

Aysel Gəncə şəhər 11 saylı orta məktəbi bu il bitirib. Lakin ali məktəbə qəbul imtahanına cəmi 1 ay qalmasına baxmayaraq o özünə hələ də ixtisas seçə bilmədiyini deyir.

"Gəncənin ali təhsil müəssisələrində rus dilində olan fakültələri azaldıblar. Mən humanitar sahə üzrə hazırlaşdığıma görə işimi yalnız Gəncə Dövlət Universitetinə verə bilərdim. Lakin həmin universitetdə rus dilində tədrisi olan yalnız bir fakültə var. Ora da qəbul hər dörd ildən bir keçirilir. Valideynlərim Bakıda oxumağıma razı olmadıqlarından nə edəcəyimi bilmirəm". Ayselin bəzi sinif yoldaşları da bu problemlə üzləşib.

"Azərbaycan cəmiyyətində rus dili yalnız xarici dil kimi qəbul edilməməlidir"

MEA Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyev deyir ki, fundamental elmi ədəbiyyatın əksəriyyəti ruscadır, bu səbəbdən müəllimlərin daha çox bu dildə dərslik tövsiyə etməsi təbiidir. O qeyd edir ki, savadlı kadrların yetişməsi üçün rus dilini bilmək zəruri şərtlərdən biridir: "O vaxtlar rus dilində nəşr edilən elmi jurnallar çox populyar idi. Elmi nailiyyətlərindən, yeni ixtiralardan, elmi yeniliklərdən bu nəşrlər vasitəsilə xəbər tuta bilirdik. Bu gün isə Elmi Mərkəz təcrübəçiyə elmi iş üçün mövzu verdikdə onlar rus dilini bilmədiklərindən mövzunu yaza bilmirlər. Bilikləri artırmaq, yeniliklərdən xəbərdar olmaq gələcəkdə yaxşı alim kimi yetişməyin əsas şərtlərindən biridir. Görünür Azərbaycanda alimlərin yetişməsində problemlər yaşanacaq".

Fuad Əliyev istənilən elmi mövzuya aid ətraflı bilgi almaq üçün İnternetlə dünyanın ən sanballı kitab fondlarına, o cümlədən tanınmış ali təhsil ocaqlarının kitabxanalarına daxil olmaq kimi əlverişli bir imkanın yalnız sıralarında rus dilinin də yer aldığı aparıcı dillər vasitəsilə mümkünlüyünü mütləq nəzərə almağı vacib sayır.

Güclü riyaziyyatçı alimlərdən biri, Azərbaycan Texnologiya Universitetinin rektoru Telman Məlikov öz elmi araşdırmalarını Rusiyada, oradakı alimlərlə birgə aparıb və dissertasiyasını da həmin dildə müdafiə edib. Çoxlu sayda kitabların müəllifi olan Telman Məlikov qazandığı uğurların başlıca səbəbini rus dilini bilməsində və məhz bu dil vasitəsilə elmi biliklərə yiyələnmək imkanında görür: "Əgər biz istəyiriksə, gələcəkdə də bizim səviyyəli, dərin bilikli alimlərimiz yetişsin, onda digər dillərə, xüsusilə əhalimizin böyük bir hissəsinin tanış olduğu rus dilinə diqqəti gücləndirməliyik. Nəzərə almalıyıq ki, sanballı elmi ədəbiyyata məhz bu dilin köməyi ilə çıxmaq olar".

Telman Məlikov qeyd edir ki, bu gün gənclərin ingilis dilini öyrənməyə meyilli olması çox yaxşı haldır. Bununla belə, bütün xarici dillərin arasında rus dilini bizim üçün daha vacib sayır, "çünki rus dili bizim üçün tək xarici dil deyil, ənənəvi olaraq bizə dünyaya pəncərə rolu oynamış bir elementdir".

MEA Gəncə Regional Elmi Mərkəzinin elmi işçisi Çingiz İsmayılov da rus dilinin xalqlararası ünsiyyət faktoru olmasını unutmamağa çağırdı. O qeyd etdi ki, həmişə bütün qitələrin, lap elə Şərq ölkələrinin ədəbiyyatlarına rus dilini bilməyimiz vasitəsilə çıxmaq mümkün olub və gələcək nəsil rus dilini bilməsə, rus və dünya ədəbiyyatından, o cümlədən elmi-populyar ədəbiyyatdan bixəbər olacaq. O deyir: "O vaxtlar bizi tez-tez indinin "yaxın xaric" adlandırılan ölkələrinə təcrübəyə göndərirdilər. Onlar da bura gələrdilər. Bir yerdə çalışardıq. Onlardakı yenilikləri öyrənib öz işimizdə tətbiq edərdik, öz təcrübəmizi bölüşərdük. İnkişaf xaricə çıxmaqla gəlir, daxildə özünə qapanmaqla inkişaf mümkün deyil".

Unutmaq olmaz ki, rus dilində dərin təhsil görmüş bir çox azərbaycanlılar vaxtilə ümumi məkanda yaşadığımız xalqların, o cümlədən rus xalqının mədəniyyətinə xeyli töhfələr veriblər, özləri də tanınıb, xalqımıza da başucalığı gətiriblər. Azərbaycan yazıçılarının, musiqiçilərinin böyük bir coğrafiyada insanların formalaşmasında müstəsna xidmətləri olub. Müasir çağ üçün Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Çingiz Hüseynov, Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov kimi azərbaycanlılar sözügedən məkanda mədəniyyət titanları sayılır. Bu baxımdan Rusiyanın ORT kanalının tanınmış aparıcılarından Maksim Şevçenkonun Gəncədə bir tədbir zamanı söylədiklərini xatırlatmaq yerinə düşərdi: "Mən öz həmvətənlərimə, ruslara həmişə deyirəm ki, qafqazlıların bizdən üstün cəhətləri çoxdur. Belə ki, biz ruslar əksərən ancaq öz ana dilimizi biliriksə, sizin çoxunuz rus dilinə də dərindən bələddir. Sizin, enerjili Qafqaz xalqlarının rus mədəniyyətinə böyük töhfələr verdiyi danılmaz faktdır. Rus dilini bilmək sizin xalqın üstün cəhətidir".

Dünyanın böyük şəhərlərindən biri qədər əhaliyə malik olan Azərbaycanda ana dili ilə yanaşı, vətəndaşların ənənəvi olaraq rus dilini də bilməsi və ya asanca qavraya bilməsi kimi üstün fürsətin üzərindən xətt çəkmək hansı məntiqə uyğundur? Əksinə, bu fürsətdən yararlanmaqla, MDB-nin əksər ölkələri kimi rus dili faktorundan cəmiyyətin tərəqqisində istifadə etmək faydalı olmazmı? Biz müstəqil dövlətik və hər birimiz öz ana dilimizi dərindən bilməli və onu qorumalıyıq. Bu bir milli mənlik məsələsidir. Amma azərbaycanlıların digər mədəni xalqlar kimi dünyanın ən çox işlənən dillərindən birində sərbəst danışa bilməsi və bununla da dünyanın müasir inkişaf tempinə cavab verməsi də milli maraqlara aid olan məsələdir.