Ölkəmizin kəşfiyyat və əks-kəşfiyyat, sərhəd, milli təhlükəsizlik xidmətləri bugünkü nizamlı vəziyyətinə yetişənə qədər çoxlu qara zolaqlardan, ağır dönəmlərdən keçməli olmuşdur. Təbii ki, bu mürəkkəb və ziddiyyətli prosesi Azərbaycanın siyasi-hüquqi statusu şərtləndirirdi. Bu sarıdan sözügedən mövzulara tabu yalnız ölkə müstəqilliyini bərpa etdikdən sonra bütün genişliyi ilə götürülmüş, buna üstəlik, maraq göstərən yazarlara lazımi şərait yaradılmışdır. Ayrı-ayrı müəlliflərin bir silsilə dəyərli kitabları məhz 90-cı illərdən bir-birinin ardınca işıq üzünə çıxarılmışdır. Deyək ki, bu mövzularda yazılan kitablara bütün dünyada olduğu kimi, bizim toplumda da hər zaman özəl bir maraq olmuşdur.
Məxfi xidmətlərin fəaliyyətinə aid mövzulara toxunan müəlliflər sırasında hərbi jurnalist polkovnik İlqar Quliyev də var. Onun bu günlərdə işıq üzü görmüş "Odlu ürəyin döyüntüləri" dediyimiz silsilədə daha bir vəsilə təsiri bağışlayır. Kitaba İlqar Quiyevin müxtəlif illərdə qələmə aldığı məqalə, oçerk və müsahibələr daxil edilmişdir.
Asılı sovet dönəmindən suveren dövlətçilik dönəminə keçid illərinin mürəkkəb və ziddiyyətli proseslərində Azərbaycan təhlükəsizlik orqanının davranışına onun ayrı-ayrı yüksəkrütbəli zabitlərinin şəxsi bioqrafiyalarının timsalında baxılır. Burada biz general Mustafa Nəsirov, general İsgəndər Allahverdiyev, polkovnik Maqsud Məmmədov, polkovnik-leytenant, bir sıra maraqlı əsərlərin müəllifi olaraq tanıdığımız yazıçı Musa Qocayev, polkovnik-leytenant Sevlan Qasımov və b. kimi vətənpərvər zabitlərin gəncliyə örnək olan ömür yollarına işıq salınır. Yazılarda onların hər birinin ilk öncə mənsub olduqları xalqın, yaşadıqları ölkənin, xidmət etdikləri dövlətin sədaqətli övladları olduqlarını öz əməlləri, sağlam mövqeləri, fədakarlıqları, qorxmazlıqları, Azərbaycan naminə ölümün gözünə dik baxmaları ilə sübut etdiklərini görürük.
Kitabda ölkənin milli təhlükəsizlik orqanının ayrı-ayrı struktur bölmələrinin öz təşəkkülündə, qərarlaşmasında, bərkiməsində nə kimi çətinliklərdən, sınaqlardan keçmiş olduğunu görürük. Bu görünməz cəbhədəki savaşların sıra nəfərlərinin addımbaşı üzləşdikləri təhlükələr, risklər, dövlətin varlığını təhdid edən cinayətkar qruplaşmalarla, qaçaqmalçılarla çarpışmalar, fədakarlıq örnəkləri, ölümlər də var.
Polkovnik İlqar Quliyev 1992-ci ildən hərbi xidmətdədir. Dövlət sərhədləri milliləşən zaman həmin proseslərdə yaxından iştirak etmişdir. "İstiqlalın sabahına doğru", "Burdan vətən görünür" kitablarında o günlərin təəssüratları öz əksini tapmışdır. Onun povest və hekayələrdən ibarət "İtirilmiş sevgi" kitabında (2000) da bu ovqat güclüdür.
|