çap et  
Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Tədbirlər proqramı açıqlandı. Nuru paşanın abidəsi kimi ağrılı bir mövzu da xatırlandı
Şənbə, 04.07.2009

U.İsmayıl

Bakının qurtuluşunun 91 illiyi ilə bağlı tədbirlər proqramına və bu mövzuda mətbuat yazıları müsabiqəsinə start verilir. Bunu dünən "Türkiyə Universitetləri Məzunları" ictimai birliyi "Trend" xəbər agentliyində keçirdiyi mətbuat konfransında açıqladı. "Nuri paşanın komandanlığındakı Türk-İslam Ordusunun Azərbaycana gəlişinin ildönümünü bizim təşkilat hər il qeyd edir, bu il həmin tarixi hadisənin 91 illiyidir və bizim təşkilat bunu daha geniş bir surətdə qeyd etməyə hazırlaşır. Tədbirlər Azərbaycanın bölgələrində və paytaxt Bakıda keçiriləcək. Göyçay şəhərindən başlayacağıq, bilirsiniz ki, Türk-İslam Ordusu ən çox bu bölgədə gedən döyüşlərdə şəhid vermişdir. Nuru paşanın ev-muzeyinin yerləşdiyi Gəncə şəhərində İcra Hakimiyyəti ilə birlikdə konfrans və axşam isə şəhərdə böyük bir konsert təşkil ediləcəkdir. Bu BDU-da böyük bir elmi konfrans və Yaşıl Teatrda böyük bir konsert təşkil etməklə yekunlaşacaq və bu tədbirdə yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq", - deyə birliyin rəhbəri Cingiz Bayramov bilgi verdi.

Yazı müsabiqəsində çap mətbuatında dərc edilmiş yazılar iştirak edə bilər. Jurnalistlər üçün nəzərdə tutulmuş pul mükafatları çox deyil, 1-ci yer 150 manat, 2-ci yer 100 manat və 3-cü yer - 50 manat.

Sözügedən tarixin araşdırıcılarından olan Nəsiman Yaqublu dedi: "Mən istərdim ki, bu tarixi gün - sentyabrın 15-i yalnız media mənsubları tərəfindən xatırlanmasın. Bu mövzu daim gündəmdə olmalıdır. Mən bu hadisələr barədə araşdırmalar apararkən Nuri paşanın yaşı ilə maraqlandım. Bakını düşməndən xilas edəndə Nuri paşanın cəmi 29 yaşı vardı. Bu tarixi hadisəyə ən dəqiq təyini cümhuriyyətimizin qurucusu Məmməd Əmin Rəsulzadə verib: "Bakının qurtuluşu"".

Elan edilmiş müsabiqəyə gəldikdə, Nəsiman Yaqublu arzu etdiyini bildirdi ki, Cəfər Cabbarlının "Bakı müharibəsi", Mirzə Bala Məmmədzadənin "Bakı uğrunda mübarizə" pyeslərinin mətnləri tapılsın. Bu pyeslərin tamaşaları barədə o illərin mətbuatında yazılar gedib, mətnlər isə əldə yoxdur.

Yenə də ağrılı bir məsələyə toxunuldu: niyə Bakıda onun xilaskarına - Nuri paşaya abidə qoyulmur?.. Bakı prospektlərindən biri niyə onun adı ilə adlanmır. Heç olmasa, ona görə ki, Bakı xilas olunmasaydı, Azərbaycan dövləti tarix səhnəsində özünü təsdiq edə bilməyəcəkdi. Bu abidə məsələsinin indiyə qədər həllini tapmaması ən azı təəccüb doğurur.