Mərasimləri tənzimləməyin yolu tapılmır
 |
Hadı Rəcəbli deyir ki, vaxt gələcək qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlarla da bağlı qanun qəbul etmək lazım gələcək
Şənbə, 04.07.2009
|
|
MM Sosial siyasət daimi komissiyası son illərdə qanun yaradıcılığı prosesini əsasən sosial sifariş əsasında qurur. Komissiyanın sədri Hadı Rəcəbli deyir ki, müzakirəyə təqdim edilən qanunların böyük əksəriyyəti sosial sifarişdən doğur. Onun sözlərinə görə, payız sessiyası üçün hazırlanan qanunları da bu məntiq əsasında seçəcəklər. Yəni qanunlarımız günün gerçəkliyindən, gündəlik həyatımızdan bəhrələnəcək.
"Bundan əlavə, biz cəmiyyətə, millət vəkillərinə müraciət edirik ki, dünyada mövcud olan sosial müdafiə ilə bağlı qanunların qəbul olunmasında bizə yardımçı olsunlar. Yəni ideyalarını bizə təqdim etsinlər, biz də onların üzərində işləyək. Məsələn, bu gün Azərbaycanda yeni bir institut formalaşdırılır - sosial işçi. Sosial işçilər xəstəsi olan insanlara yardım etməli, ünvanlı sosial yardımlar verilməsində rol oynamalıdırlar. Bir sözlə, onlar sosial durumu ağır olan insanlarla işləməlidirlər. Amma bizdə nə sosial işçi hazırlayan təhsil müəssisəsi var, nə də sosial işçilərin fəaliyyətini tənzimləyən qanunlar. Fikirləşirəm ki, biz növbəti sessiyalarda sosial işçilərlə bağlı yeni qanun hazırlamalıyıq".
Hadı Rəcəblinin rəhbərlik etdiyi komissiya Ailə Məcəlləsinə də dəyişikliklər hazırlayırdı. Bu dəyişikliklərin taleyi necə oldu - sualını cavablandıran müsahibim bildirdi ki, işçi qrupu Əmək Məcəlləsi ilə paralel olaraq Ailə Məcəlləsinin də monitorinqini aparıb. Monitorinqin nəticələrinə əsasən, məcəlləyə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb. Millət vəkili hesab edir ki, bu dəyişiklikləri mütləq etməliyik: "Məcəllədə 3 normanı mütləq dəyişməliyik. Birinci norma nikah üçün yaş həddinin qaldırılması olmalıdır. İkincisi, cütlüklər arasında nikah müqaviləsinin bağlanması məcburiləşdirilməlidir.
Üçüncüsü, nikaha girənlərdən mütləq sağlamlıq haqqında arayış tələb olunmalıdır. Biz bu üç normanı məcəlləyə daxil etmək istəyirik".
Sosial siyasət daimi komissiyası uzun müddətdir "Mərasimlər haqqında" qanunu da müzakirəyə təqdim edə bilmir. Məsələyə aydınlıq gətirən müsahibim etiraf etdi ki, yas, toy mərasimlərini tənzimləməyin vahid yolunu müəyyənləşdirə bilmirlər: "Bəzi ölkələrdə mərasimlərlə bağlı yeməklərin çeşidi, kortejdəki maşınların sayına qədər hər şey normalaşdırılır. Amma bu, Azərbaycan gerçəkliklərinə cavab vermir və gülüncdür. Fikrimcə, bu gün şadlıq evlərinin, restoranların bir dövlət qurumu tərəfindən idarə olunmasına ehtiyac var. Bu gün bu sahədə absurd bir vəziyyət yaranıb. Bilirsiniz, şadlıq evləri institutu dünyanın heç bir ölkəsində yoxdur. Dünyada ancaq restoran məfhumu var. Şadlıq evləri institutu dünyada olmadığından onların fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktlar da yoxdur".
Bu gün şadlıq evlərinin verdiyi yeməklərin keyfiyyətinə heç kim nəzarət edə bilmir. Amma bütün mehmanxanaların fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası lazımdır. Mehmanxanaların göstərdiyi xidmətə, verdiyi yeməklərə görə nazirlik məsuliyyət daşıyır. Hadı Rəcəbli: "Şadlıq evlərinin fəaliyyətinin tənzimlənməsi də Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilməlidir. Onlar üçün də mütləq lisenziya tələb olunmalıdır. Nazirlik lisenziya verməli, biz də ondan iş tələb etməliyik. Belə olarsa, problemlərin həlli üçün müraciət etməyə vahid bir instansiya olar. Bundan əlavə, qoy nazirliyin əməkdaşları şadlıq evlərindəki akustika, aparaturanı öyrənsinlər. Eyni zamanda, hüzr mərasimlərinin tənziminə də ehtiyac var".
Komissiya tərəfindən hazırlanan "Məişət zorakılığı haqqında" qanunun taleyi ilə də maraqlandıq. H.Rəcəbli bildirdi ki, bəzi qanunların qəbulu üçün şüurlarımızda dəyişiklik olmalıdır. Onun sözlərinə görə, haqqında söhbət açdığımız qanun bu qəbildəndir: "Bəziləri deyirlər ki, necə yəni, arvada söz demək, uşağa sillə vurmaq olmaz. Məncə, bu təfəkkürün dəyişməsi üçün zamana ehtiyac var. Biz parlamentdə "Məişət zorakılığı haqqında" qanunu müzakirə edəndə populizm elementləri ilə rastlaşdıq. Bəziləri milli mentalitet adı altında lazım olmayan məsələləri gündəmə gətirdilər. Amma zaman gələcək biz bu qanunu qəbul edəcəyik. Hətta bu gün bizim gülüş obyekti etdiyimiz, haqlarında zarafatla danışdığımız qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlar - "mavi"lərlə də bağlı qanun olmalıdır. Gerçək olan odur, həyatda belə şəxslər var. Biz onlardan qaça bilmərik. Özümüzü aldatmağın mənası yoxdur. Artıq bütün bunlar hamısı zamanın tələbidir. Vaxt gələcək bunlar hamısı bizim qanunvericilikdə öz əksini tapacaq. Bu dəqiqə bu qanunu qəbul etmək mümkün deyil. Mən özüm də bunun tərəfdarı deyiləm. Amma zaman olacaq ki, biz bunu edəcəyik. Necə ki, ötən əsrin əvvəllərində qadın-kişi bərabərliyindən danışmaq mümkün deyildi. 60-70-ci illərdə belə, Azərbaycanda qızları işləməyə qoymurdular. Amma indi bu, həyatımızın normasına çevrilib. Kənd rayonlarında belə, qadın gözəllik salonları var".
|
|
|
|
|
|
|